"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində ilk
qələbəsini qazanması, eləcə də millinin baş məşqçisi postunda baş
verən dəyişikliklə bağlı yığmanın sabiq baş məşqçisi Vaqif
Sadıqovla söhbətləşdik.
- Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən
oyunda "Qarabağ" ilk qələbəsini qazanmaqla tarixi uğura imza atmış
oldu. Kiyevdə "Dnepr"lə baş tutan oyun haqda fikrinizi bilmək
maraqlı olardı.
- "Qarabağ" bu gün qürurumuzdu. Nümayiş olunan oyun onu göstərdi
ki, artıq bizdə də Avropa səviyyəli komanda formalaşdırılıb. Bu gün
rəqibin kimliyindən asılı olmayaraq, öz dəst-xətti ilə seçilən,
nəticəyə yönəlik oyun qurmağı bacaran məşqçimiz və komandamız var.
Kiyevdəki oyunda da bunun şahidi olduq. Ukrayna çempionatında
məğlubiyyətsiz lider olan "Dnepr" komandamızın qarşısında aciz idi.
Meydanda heç bir qol epizodu yarada bilməyən, nə etmək istədiyi
anlaşılmayan "Dnepr" gördük. Təbii ki, burada "Qarabağ"ın da yaxşı
oyununu qeyd etməliyik. Düzgün seçilən taktiki gedişlər, mövqelər
üzrə futbolçular əks-hücumlarda daha yaxşı çıxış etməyimizə imkan
verdi. Nəticədə həm qol vurduq, həm də bir neçə real epizod
yaratdıq.
- Hazırkı məqamda "Qarabağ"ın qrupdan çıxmaq şanslarını
necə dəyərləndirirsiniz?
- Bizi çətin, ağır cavab qarşılaşması gözləyir. Bu matç
vəziyyətə 70-80 faiz aydınlıq gətirə bilər. Cavab oyununda Qurban
Qurbanov düzgün taktika seçməlidir ki, rəqib üçün boşluqlar
yaradılmasın. Kiyevdəki oyun sübut elədi ki, "Dnepr"ə boşluq
verməyəndə onlar nə edəcəklərini bilmirlər. Onlara boşluq lazımdır
ki, ondan sürətlə istifadə etsinlər. Bunu "Qarabağ"ın məşqçiləri də
futbolçuları da yaxşı başa düşür və onlara cavab oyununda öz
üstünlüklərini nümayiş etdirməyə imkan verməyəcəklərinə inanıram.
Azarkeşlərin dəstəyi ilə lazım olan qələbəni qazanacağımızı
düşünürəm. "İnter"lə də Bakıda oyunumuz var. Ola bilsin, həmin
vaxta qədər onlar qrup liderliyini təmin etsinlər və birgə növbəti
mərhələyə yüksələk. Çünki "Sent-Etyen"lə Bakıdakı oyun
potensialımızın qat-qat çox olduğunu sübut elədi və ümid verdi ki,
səfərdə də lazım olan nəticəni
qazanacağıq. "Sent-Etyen" elə-belə komanda deyil. Hərçənd hələ ki
qol vura bilməyiblər, amma qol da buraxmayıblar.
- Milli ilə bağlı nə deyə bilərsiniz? Berti Foqtsun
istefası gözlənilən idi?
- Yığmanı ağır oyunların gözlədiyini bilirdik. Açığı,
Bolqarıstanla matçdan xalla ayrılacağımıza ümid edirdik. Berti
Foqts rəsmi oyunlar öncəsi açıqlamasında yığmanın pley-offa vəsiqə
qazanmağa hazır olduğunu bildirəndə bizdə belə fikir yarandı ki,
komanda buna hazırdı. Düzdür, Bolqarıstanla bərabər səviyyədə keçən
oyunun son dəqiqələrində buraxdığımız səhvdən sonra məğlub olduq.
Psixoloji durumumuzun yaxşı olmadığı vaxtda çətin səfər
qarşılaşmalarına yollandıq. Yığmamızın İtaliya kimi güclü komandaya
qarşı sona qədər mübarizə apardığını gördük. Ancaq bu oyun göstərdi
ki, komandamızın potensialı imkan vermir ki, qısa vaxt ərzində
digər favorit - Xorvatiya ilə matçdan müsbət nəticə ilə ayrıla
bilərik. Millinin məğlubiyyəti hardasa gözlənilən idi, amma
böyükhesablı yenilgi ağlımıza gəlmirdi. Çünki yığmanın bu cür
hesabla uduzmağını çoxdan yaddan çıxarmışıq. Elə Berti Foqtsun
fəaliyyət dövründə komanda belə məğlubiyyətlərdən qurtulmuşdu. Nə
baş verdi, bunu Foqts bizdən daha yaxşı bilir. Mətbuat konfransında
gələcəyini yığmamızla görmədiyini deyəndə, açığı inanmırdıq ki, o,
sözünün üstündə duracaq. Ancaq Berti Foqts böyük şəxsiyyət olduğunu
elə sözünü üstündə durmaqla göstərdi.
- Foqts 7 ilə yaxın millinin baş məşqçisi oldu. Bu
müddət ərzində o, hansı müsbət və mənfi məqamları ilə yadda
qaldı?
- Berti Foqtsun rəhbərlik elədiyi komanda idi ki, son seçmə
mərhələdə 9 xal toplamaqla bizə sevinc bəxş etdi. Komanda tarixində
ilk dəfə olaraq seçmə mərhələni 4-cü pillədə başa vurdu. Reytinq
cədvəlində xeyli irəlilədik və milli 73-cü pilləyə qədər yüksəldi.
Məhz bu göstəricilər və Berti Foqtsun sözləri ümid verirdi ki,
yığmamız AVRO-2016-nın pley-off mərhələsinə vəsiqə qazanacaq. Yeri
gəlmişkən, 6 ay onunla birgə çalışmışam və peşəkar məşqçi olduğunu
bildirməliyəm. Ancaq onun xasiyyətindən doğan bəzi xüsusiyyətlər
bundan artığına nail olmağa imkan vermədi. Ola bilsin, futbolçu və
baş məşqçi kimi dünya və Avropa çempionu olması, buna görə də özünü
üstün tutması Foqtsun işinə maneçilik yaratdı. Hər dəfə uğursuz
nəticədən sonra futbolçuları, klub məşqçilərini qınayırdı,
məğlubiyyətin səbəbini gah fiziki hazırlığın aşağı olmasında, gah
da oyunçuların sırf pula görə oynamalarında görürdü. Fikrimcə,
bu cür qınaqdansa, tez-tez bir
araya gəlmək, əlaqəli şəkildə işləmək daha üstün və faydalı olardı.
Həmin futbolçularla tarixi 9 xalı topladıq, dördüncü pilləni
tutduq, qrup çərçivəsində keçirdiyimiz 10 oyunun cəmi 3-də məğlub
olduq. Xeyli vaxt bir yerdə çalışdıqdan, bu cür nəticələr
qazandıqdan, eyni zamanda onlara ümid olub pley-offa yüksəlməyə
çalışacağımızı açıqladıqdan sonra futbolçuları pulgir adlandırmaq,
onları fiziki cəhətdən zəif hesab etmək, klublarda işlərin
peşəkarcasına qurulmadığını demək nə dərəcədə düzgündür? Bax
problem belə şeylərdən yarandı.
- Gələn ay milli Norveçlə qarşılaşacaq və komandanı
oyuna Mahmud Qurbanov çıxaracaq. Bu matç və təyinatla bağlı nə deyə
bilərsiniz?
- Üç məğlubiyyət bizi hardasa hədəfimizdən bir qədər kənarda
qoyur. Ancaq rəqibimiz üçüncü yer uğrunda mübarizə aparan
komandadır. Əgər onları məğlub etsək, cəmi 3 xal geri qalacağıq. Nə
qədər çətin olsa da, hədəf olmalıdır. Mahmud Qurbanovun rəhbərliyi
altında yığmamızın müsbət addım atmaqla, yaxşı oyun nümayiş
etdirməklə azarkeşlərimizi sevindirəcəyinə inanıram. Qurbanovu başa
düşürəm. Yığmanın baş məşqçisi kimi ilk oyununa çıxacaq və
istər-istəməz müəyyən qədər həyəcanlı olacağı gözləniləndir.
Futbolçularımızın Mahmud Qurbanovla birgə vəhdət yaradıb güclü
komanda şəklində mübarizə aparacağına inanıram. Milli komanda
qürurumuz, şərəfimizdir.