Avropa Liqasının qrup
mərhələsinin ikinci oyununda "Anderlext"i qəbul edən "Qarabağ"
rəqibini məğlub yola salıb.
Sport7.az xəbər verir ki, Riçard Almeydanın ilk hissədə vurduğu
yeganə qol belçikalılarla oyunda həlledici olub.
Oyundan sonra təşkil olunan mətbuat konfransında çıxış edən
ağdamlıların baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edib:
"Dünən də sonadək mübarizə aparacağımızı düşünürdüm. Hər bir
oyunçudan razı qaldım. Rəqibin heç bir nöqsanı yox idi. Çox sürətli
oynayırdılar. Qrupumuzda bütün rəqiblər bir-birindən güclüdülər.
Dünən suallardan da hiss edirdim ki, siz də həyəcanlısız. Hamını
sevindirdiyimiz üçün xoşbəxtik. Şehiçin üzərinə çox gedilir. Belədə
istənilən adam öz istedadını itirər. Bu mövzuya bir də qayıtmayaq.
Yetərincə potensialı var. Ümumən yaxşı qapıçıdır. Hər birimiz ona
güvənməliyik. Meydançanın durumu da ötən qarşılaşmadan daha yaxşı
idi. Hətta bizə faydası oldu. 90 dəqiqə eyni tempdə oynamaq mümkün
deyil. Etiraf edirəm ki, bəzi anlarda daha çox top saxlamağa
çalışdıq. Güc nisbətinə real baxmalıyıq. Bakıdakı oyunlarda istək
və azarkeşlərin dəstəyi ilə güclü rəqibləri üstələməyə çalışırıq.
Həyatda mümkünsüz heç nə yoxdu.İlk hissəni qalib gəlib, oyunu
uduzmağa da razı idim.Klub olaraq addım-addım irəli getməyə,
böyüməyə çalışırıq. "Qəbələ"yə "Krasnodar"la oyunda uğurlar arzu
edirəm".