Avqustun 25-də ölkə Premyer Liqasında baş tutan "Xəzər
Lənkəran"- "Neftçi" matçından sonra baş verən iğtişaşlarda təqsirli
bilinərək həbs olunan "Xəzər Lənkəran" azarkeşi Elman Tağıyev klub
rəhbərliyinə müraciət edib. "Axar.az" Elman Tağıyevin müraciətini
təqdim edir.
"Əvvəla bütün "Xəzər Lənkəran" azarkeşlərinə salam! Adlar
çəkmirəm. Sanmayın unutmuşam, hamınız qəlbimdəsiniz!
Mən Tağıyev Elman 25.08.2013-cü il tarixindən həbsdəyəm. Həbs
olunmağımın səbəbləri araşdırılır və nəticəsi az-çox bəllidi. Böyük
ehtimalla həbs olunacam. Mənə təsir edən məqam isə "Xəzər Lənkəran"
klubunun rəhbərliyinin "BİZ HƏMİŞƏ AZARKEŞLƏRİMİZİN ARXASINDAYIQ!"
ifadəsidi. Ağız dolusu ilə peşəkarlıqdan danışan "Xəzər Lənkəran"
rəhbərliyi hanı sənin "peşəkarlığın"?! 5 aydı ki, Kürdəxanı
təcridxanasındayam. Mənimlə birlikdə 4 nəfər də "Xəzər Lənkəran"
azərkeşi var! "Biz tutulanların arxasındayıq" deyəndə utanmadınız?!
Mənə, yəni Tağıyev Elmana, Əkbərov Aqşinə, İbrahimli Elmana və
Abdulayev Elçinə heç nəyiniz lazım deyil. Sadəcə, mətbuata yalan
açıqlamalarla heç kimi aldatmayın, heç olmasa tutulanlar haqda
maraqlanmısız ki, kimlərdi? Xeyir, uzağı tanıdığınız mən olaram, o
adların içində. Çünki, çox sağ olsun dostlar, məni "Facebook" və
KİV-də tez-tez işıqlandırıblar.
Həmişə "Neftçi" peşəkarlığını bəyənmirsiz, pisləyirsiz!
"Neftçi"nin rəhbərliyindən tutmuş oyunçularına qədər hər kəs 5 aydı
həbsdə olan klubun azarkeşi Ərəbov Zaura hər cür dəstək verir.
Bir daha deyirik, bizə sizin heç nəyiniz lazım deyil. Biz nəyəsə
görə, kiməsə görə azarkeşlik etmirik. Əgər belə olsaydı, sizin
"PUL", "DÖNƏR" alan azarkeş sırasında olardım və heç həbsə də
düşməzdim. Biz bu komandanı qarşılıqsız sevdik. "Ağ-yaşıl" şərfə
isindik, sevgimizi istər sosial şəbəkədə, istərsə də tribunada
anlatdıq.
Özümüzə rəqib görmədik. Yenə də görmürəm. "BİZƏ HƏR YER
LƏNKƏRAN" sözü hədər yerə deyilməyib. Kürdəxanıda bu sözlə qalırıq.
Sevdik bu komandanı, eybi yoxdu peşman da deyiləm.
Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin 221.3 maddəsi ilə bizə 3 ildən 7 ilədək azadlıqdan
məhrum etmə cəzası tətbiq oluna bilər. Baxmayaraq ki, bizim
günahımız yoxdu. Bizlər bu klubu, o "ağ-yaşıl" rəngləri sevdik və
bu komandanı dəstəklədik. 3 il, 5 il, 7 il dustaq olarıq. Amma
bundan sonra siz nə insanlıqdan, nə də "peşəkarlıq"dan
danışmayın.
Mətbuatda yazıldı ki, guya bizə görə Höccət Hacıyevi məhkəməyə
göndərmişdiniz? Xeyir! Məhkəmə Höccət Hacıyevi zərərçəkmiş şəxs
qismində dəvət etmişdi. Zərər çəkmiş şəxs kimi olmasaydı o, da
məhkəmə zalında iştirak etməzdi, necə ki, "Xəzər Lənkəran"
rəhbərliyi iştirak etmədi. Hər sözündə "biz UEFA, FIFA, nə bilim
CAS-da qalib gəldik, bu da Tuyqun Nadirovun sayəsində oldu" deməklə
deyil. Siz günahsız azarkeşin arxasında dura bilmədiz. Düz 5 aydı
Bakı-Lənkəran yolundayıq. Yalandan, gözdən pərdə asmaq üçün özünüzü
reklam etməyin. Lənkəranda belə söz var: yaxşı oğlanın "DUSTAĞI"
olmaz. Peşakar klubun da "DUSTAĞI" olmaz!
3 ay bundan əvəl "Xəzər Lənkəran" futbol klubunun rəhbəri KİV-də
müsahibəsində bildirmişdi ki, qış fasiləsində istintaq altında
olanların yaxınları ilə görüşəcəyik. Bəsdirin, iç üzünüz çoxdan
açılıb. Heç nəyiniz bizə lazım deyil!
Heyf belə azarkeşlərdən ki, onlar o klub üçün ölməyə belə
hazırdı! Bəs siz? Biz bu komandanı nəyə görəsə və kimə görəsə
sevməmişik, sevmərik də! Biz bu komandanı ürəkdən sevmişik,
sevecəyik də!
Mən Eliko ölənə kimi "Xəzər"liyəm! Bu komanda ilə qürur duyuram!
Komandanı bu vəziyyətə salanları öz vicdanları ilə baş-başa
buraxıram. Əgər onlarda vicdan varsa. Azarkeşlərə səslənirəm ki,
mən - Eliko kimi divarlar arasına düşməyin, çünki öz "peşakarlığı"
ilə seçilən "Xəzər Lənkəran" rəhbərliyi sizlərin arxasında
durmayacaq!
Növbəti məhkəmə 22 yanvar tarixinə, saat 09:30-a salınıb. Məni
tanıyan bütün azarkeşləri və KİV nümayəndələrini məhkəməyə dəvət
edirəm. Sağ olun!"