- Bütün dünyaya özünün 6 milyard dollarlıq sərvətindən danışan
Robert Koçaryan indi sabiq prezidentdir. Məni bir sual
maraqlandırır: Əsli-kökü, Ermənistan üçün ümumiyyətlə heç bir önəmi
olmayan, Ermənistanın vətəndaşı olmayan bir şəxsi hakimiyyətə
atdılar. Və belə bir adam bu gün 6 milyard dollarlıq sərvətə
sahibdir. Üzr istəyirəm, 10 il ərzində 6 milyard dolları necə
toplamaq olar? Bu, heç bir məntiqə sığmır. Bu sərvətə ancaq və
ancaq talançılıqla yiyələnmək mümkündür ki, bunu da Koçaryan çox
uğurla həyata keçirib. Bu adamlar Qarabağ işğalçılarının
hakimiyyətini daha da gücləndirmək üçün hətta bir müddət əvvəl
Konstitusiyanı belə dəyişdilər. Bu yolla onlar gələcəkdə də
oğurluq, talançılıq, yalançılıq və büdcənin boşaldılması, köçürmə
siyasəti və narkotika plantasiyalarının genişləndirilməsi ilə
məşğul olmalarını daha da asanlaşdıra bildi. Mən bunun məhz bu cür
olduğuna qətiyyən təəccüblənmirəm.
- Bu münaqişəni başladan və daha da dərinləşdirən iki
fiqurdan biri Serj Sərkisyan, digəri isə Robert Köçaryandır. Qeyd
elədiyiniz kimi, indi bu adamların hər ikisi külli miqdarda sərvətə
malikdir və heç biri də Dağlıq Qarabağda yaşamır. Misal üçün,
Köçaryan hazırda ABŞ-da yaşayır, Serj Sərkisyan Ermənistanda
hakimiyyətdədir, Seyran Ohanyan isə son dövrədək müdafiə naziri
olub.
- Sizin dediklərinizə bir neçə əlavəm də var. Niyə hazırda
erməni əsgərləri qonşu dövlətin sərhəd zonalarını mühafizə etməyə
məcbur edilir? Gəlin, onları nümunə üçün Sinqapura göndərək. Hüquqi
baxımdan bənzər hallardır. Nəyə görə Robert Köçaryanın övladları,
qohumları ön xəttə gedib, özlərinin işğal etdiyi əraziləri mühafizə
etmirlər? Qoy, elə onlar getsinlər. Bir faktı da deyə bilərəm.
Ermənistanın adını unutduğum dövlət rəsmilərindən biri demişdi ki,
erməni gənclərinin itirəcək heç nəyi yoxdur. Qoy, elə cəbhəyə gedib
vuruşsunlar. Başa düşürsünüz, bir insanın, bir gəncin, Ermənistan
vətəndaşının həyatının hakimiyyət üçün bir qəpiklik dəyəri belə
yoxdur. Əhali hakimiyyətə yalnız onların qarşısında qul kimi
işləmək, nökər olmaq üçün lazımdır. Bu adamlar o qədər savadsız və
bacarıqsızdırlar ki! Serj Sərkisyan danışmağa başlayanda, mən
ağlamaq istəyirəm. Çünki, nitqində nəzərə çarpan savadsızlıq məni
şəxsən öldürür. Belə bir adam mənim xalqımı təmsil edə bilməz.
Xalqımı yalnız mənim kimi ziyalı nümayəndələr təmsil etməlidir. Siz
hakimiyyətin siması olan üç şəxsin - Seyran Ohanyan, Robert
Köçaryan və Serj Sərkisyanın adlarını çəkdiniz. Deyə bilərsiniz,
onlardan hansı ermənidir? Heç biri.
- İndi Dağlıq Qarabağdakı işğalçıların mövqelərini əslən
Ermənistandan olan gənclər müdafiə edir. Erməni xalqının, ilk
növbədə həmin əsgərlərin valideynlərinin baş verənlərə yanaşması
necədir? Bu adamların övladı heç vaxt onlara məxsus olmayacaq, özgə
torpaqlarda ölür. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki,
"erməni əsgəri ölmək istəmirsə, Qarabağa getməsin!" Bilirsiniz, bu
torpaqlar Azərbaycanındır və heç vaxt ermənilərin
olmayacaq.
- Yalnız erməni analarının deyil, azərbaycanlı anaların da
mövqeyi birdir, ortaqdır: Heç bir valideyn övladının ölümünü
istəməz. Mən hətta xalqları ayırmazdım. Heç bir xalqın nümayəndəsi
öz övladının ölümünü görmək istəməz. Çünki, fikrimcə bundan böyük
dərd yoxdur. Biz erməni analarını "qara paltarlı analar"
adlandırırıq. Qarabağda ölən erməni əsgərlərinin də öz ailəsi,
övladları qalıb. Valideynlər hökumətdən kiçik bir dəstək almaq
ümidi ilə müraciət ediblər. Orada hamı acdır, hər kəs yoxsulluq
içərisində yaşayır. Hakimiyyət xalqı yoxsul və dilənçi vəziyyətinə
salıb. Onları eşidən belə yoxdur, xalqı eşitmək istəmirlər. Maaşlar
verilmir, Ermənistanda törədilməsi mümkün olan bütün cinayətlər
törədilir. Hətta, bir insanın taleyinin idarə olunmasına qədər. Mən
özümü önəmli bir şəxs hesab elədiyim üçün deyil, Ermənistanda
nələrin baş verdiyini göstərmək üçün buradayam.
- 1988-ci ildən Dağlıq Qarabağ və ətraf rayonlardakı
azərbaycanlılar doğma torpaqlardan deportasiya olunub, ermənilər
xalqımıza qarşı soyqırımı törədib. 1992-ci ilin 26 fevralında baş
verən Xocalı soyqırımını, yüzlərlə azərbaycanlının ölümü ilə
nəticələnən Meşəli faciəsini xatırlatmaq kifayətdir. Bütün
bunlardan sonra hər iki xalqın yenidən mehriban qonşuluq şəraitində
yaşaması mümkündürmü?
- Mən çox ümid edirəm ki, mümkündür. Mən bu gün buradayam və
bunun reallaşması üçün hər şey edəcəyəm. Sülhün yalnız Dağlıq
Qarabağa deyil, bütövlükdə Qafqaz regionuna geri dönməsi,
övladlarımızın ölməməsi, bir daha qan görməmək üçün hər şey etməyə
hazıram. Aprel döyüşləri zamanı ölən yüzdən çox insan - onlar mənim
üçün uşaqdır - üçün mən hər gün ağlamışam. Mən sizə bunu tam səmimi
olaraq deyirəm. Burada özümü göstərməyə heç bir ehtiyacım yoxdur.
Ümumiyyətlə, əgər istəsəniz, üzümü göstərməyə də bilərsiniz. Mən bu
hadisələr zamanı Ermənistanda nələrin yaşandığını təsəvvür edə
bilirəm. Sizin ölkəyə də ona görə gəlmişəm ki, siz bu mövzunu
qabarda biləcək yeganə tərəfsiniz. Çünki, nəyə görə isə bütün dünya
orada nələrin baş verdiyini bilə-bilə susur? Hətta dünyada
demokratiya və söz azadlığının carçısı olan ABŞ-da belə üzləşdiyim
problemləri yaxşı bildikləri halda, bu məsələyə çox abstrakt
formada yanaşdılar. Onlar bütün sənədlərə baxdıqdan sonra, "bəli,
sizin hüquqlarınız pozulur" deməklə kifayətlənib, məsələyə olduqca
neytral yanaşdılar. Axı, demokratiya və insan hüquqlarının tam
olaraq mövcudluğu onların marağında olmalı idi. Sən demə, bu belə
deyilmiş.
- 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə məşğul olan və heç bir nəticə əldə etməyən Minsk Qrupuna
həmsədrlik edən bu ölkələr konkret təkliflər irəli sürərsə, bu,
artıq münaqişənin həlli demək olacaq. Fikrinizcə, Dağlıq Qarabağ
münaqişəsinin həllində hansı qüvvələr maraqlı deyil?
- Mənim fikrimə görə yox, bu, de-fakto belədir. Hazırda mövcud
olan çoxsaylı faktlardan da məlumdur ki, sözü gedən ölkə Rusiyadır.
Rusiya hazırda bütövlükdə Ermənistanın sahibidir. Bura həm qaz
sektoruna, rabitə sektoruna, həm də digər strateji obyektlərinə
sahibliyi əlavə etmək olar. Bilirik ki, rabitə milli
təhlükəsizliyin özü deməkdir. Anlaya bilmirəm, milli təhlükəsizliyi
niyə başqa bir ölkənin ixtiyarına vermək və bunu normal adlandırmaq
olar? Kiçik bir Ermənistanda 33 dollar milyarderi var. Bu sərvət
haradandır? Hansı yolla əldə edilib? Onlar nəyi və kimə satıblar?
Bu adamlar yəqin xalqı da satardılar.
- Ermənistan Türkiyəni 1915-ci ildə soyqırımı törətməkdə
ittiham edir. Həmin dövrdə əgər həqiqətən də soyqırımı
törədilmişdisə, bu vaxtdan sonra Türkiyə ərazisində ermənilər necə
yaşayıblar, necə ticarətlə məşğul olublar? Ermənilərin iddia etdiyi
kimi onlara qarşı soyqırımı həyata keçirən bir dövlət bu
hadisələrdən sonra ermənilərə yaşamaq icazəsi verərdimi? Soyqırımı
törədən bir dövlət bunu edə bilərdimi?
- Gəlin, belə danışaq: Ermənistanla Azərbaycan da münaqişə
tərəfləridir və mən gələcəkdə iki xalqın sülh şəraitində
yaşayacağını ehtimal edirəm. Olan artıq olub. Ortalığa kin, nifrət,
intiqam hislərinin atılması yersizdir. Biz bu gün əlimizdə olan
vasitələrdən çıxış etməliyik. Gəlin, sülh yaradaq. Bunlar baş
verib, verməyib, mən bunu müzakirə etmirəm. Biz indi əlimizdə
olanları hər şeyin daha yaxşı olması üçün istifadə etməliyik.
Cinayətlər, qan tökülməsi hələ nə vaxtadək davam edəcək? Hər kəsin
yalnız bir dəfə yaşamaq şansı var.
- Siz hər iki xalqın sülh şəraitində yaşamalı olduğundan
bəhs edirsiniz. Bu kontekstdə ermənilərin Xocalıda və digər
regionlarımızda törətdikləri faciələri unudub, yenidən heç nə baş
verməyibmiş kimi bu iki xalqın yenidən birlikdə yaşamasından
danışırıq. Siz özünüz bu qırğınları törədənləri bağışlaya
bilərdiniz?
- Bəli, mən bağışlaya bilərdim. Bağışlamaq hər şeydən üstün bir
hisdir. Mən bir daha təkrar etmək istəyirəm. Gəlin, bütün olanları
geridə buraxaq. Bu, müharibə idi. Siz Xocalı kimi bir faciə
yaşamısınız. Bir daha deyirəm, bu müharibə idi. Əgər biz sülh əldə
olunmasına çalışmasaq, mənim burada olmağımın da bundan sonra heç
bir mənası olmayacaq. Səylər nəticəsiz qalacaq. Mən bütün olanları
bir kənara qoymağa çağırıram. Biz sizinlə bu gün sivil, adekvat
insanlarıq. Bizim istədiyimiz bu gün həm regionda, həm də
ölkələrimiz arasında çiçəklənmənin, tərəqqinin, sevginin, inkişaf
proseslərinin başlamasıdır. Hər dəfə ən çox da bizim tərəfdən baş
verən neqativ hadisələr üzərinə köklənməyək. Bölgədə müharibə
gedirdi. Onu kimin başladığını da, necə getdiyini də hər birimiz
çox yaxşı bilirik. Bunu yenidən müzakirə etməyin önəmi yoxdur. Biz
tarixin bu səhifəsini bağlayıb bir kənara qoyaraq, irəli
addımlamalıyıq. Əgər biz bunları indi müzakirə etsək, təhlil etsək,
nifrət prosesi daha da dərinləşəcək. Mən bunu istəmirəm. Uşaqların
ölməsini qətiyyən istəmirəm, qan tökülməsini istəmirəm. İnsanların
öz doğma vətənlərində pis yaşamasını istəmirəm. İstədiyim sadəcə
hər kəsin normal şəkildə işləyə, Konstitusiyada göstərilən əmək,
yaşayış hüququndan istifadə edə bilməsidir. Bu hüquqları isə bu gün
onların əlindən alırlar. Mən özüm sülhün tərəfdarıyam.
- Bakı səfərinizin yekunlarını necə
dəyərləndirirsiniz?
- Hələlik hər hansı dəyərləndirmə aparmaq çox tezdir. Lakin,
düşünürəm ki, bu bir addımdır və atılan bu addımın bir nəticəsi
mütləq olmalıdır. Hər halda mən bir insan, bir vətəndaş olaraq bu
prosesin daha da irəliləməsi üçün bütün imkanlardan istifadə
edəcəyəm. Allahın köməyi ilə nəzərdə tutduğum bütün işlərin həyata
keçəcəyinə inanıram.
- İndiyədək dəfələrlə münaqişənin həlli prosesinə xalq
diplomatiyası adlanan bir mexanizmin tətbiqinə cəhd olunub. Xalq
diplomatiyasının münaqişənin həllinə təkan verəcəyi barəsində
fikirlərə münasibətiniz necədir?
- Qətiyyən yox. Nə qədər ki, Ermənistan hakimiyyətində
mənəviyyatsız, acgöz cinayətkarlar təmsil olunur, bu istiqamətdə
hər hansı pozitiv proseslərin gedəcəyinə inanmıram. Bu mənim
subyektiv fikrim deyil. Bu, obyektiv olaraq belədir.
- Əgər sizi doğru anladımsa, hesab edirsiniz ki,
Sərkisyan hakimiyyəti dövründə Dağlıq Qarabağ münaqişəsinin həllini
gözləmək mənasızdır.
- Tamamilə mənasızdır. Gəlin belə düşünək: tutaq ki, mən
Sinqapurun prezidenti seçilmişəm. Sinqapur əhalisinin yaxşı, yaxud
pis yaşamasının mənə heç bir aidiyyəti yoxdur. Mən prezidentəm,
filan müddətdə hakimiyyətdə olmalıyam, bu qədər sərvət toplamalıyam
və s. Mən bunları düşünəcəyəm. Baxın, hakimiyyət tərəfindən işğal
edilmiş Ermənistanda analoji vəziyyətdir. Orada belə bir vahid
siyasət mövcuddur - hər yeri talan edib, özünə sərvət toplamaq.
Bu hadisələrdə ən çox təsir edən talançılıq siyasətində yerli
oliqarxların da iştirakıdır. Onlar oliqarx olsalar da, beyinləri
yoxdur. Sizə Ermənistan parlamentinin sədri Halust Saakyandan sadə
bir misal gətirim. Bu adam çıxışında "yaradıcı silah" ifadəsini
işlədib. Əgər kimsə bu ifadəni izah edə biləcəsəksə... Məncə, heç
kim bu rüsvayçılığı izah edə bilməz. Hələ mən bu adamın İQ
səviyyəsindən deyil, elementar savadından danışıram. Bütün
bunlardan sonra belə adamlarla nə barəsində isə danışmaq, onlarla
hesablaşmaq üçün ən azından özümüz də ruhi xəstə olmalıyıq. Onlar
səviyyəsində adamlarla hesablaşmaq belə olmaz. Bu adamlar
səviyyəsizdir.
- Bakıdan hansı təəssüratlarla
ayrılacaqsınız?
- Bilirsinizmi, dünən şəhərdə olarkən müəyyən oxşarlıqların
olduğunu müşahidə etdim. Küçələrin forması bir-birinə çox bənzəyir.
Sizə necə deyim, mən burada qətiyyən qəriblik hiss etmədim.
Buradakı heç nə məni qətiyyən narahat etmir. Əksinə, hər şeyi çox
bəyəndim. Ən əsası da odur ki, şəhərdə səfil insanlara rast
gəlmədim. Buna görə xüsusi ilə hökumətinizə təşəkkür etmək
istəyirəm. İnsanların zibillikdə daim nə isə axtarmasını bir insan
olaraq izləyə bilmirəm. Bundan başqa, dükanların bir-birinə yaxın
yerləşdiyini də görmədim. Ermənistanda isə belə deyil. Bakıda hər
şey insanların rahatlığı üçün rasional olaraq düşünülüb. Buradakı
erməni kilsəsində olmağımız məndə böyük təəssürat oyatdı. Oradakı
erməni yazıları, müqəddəs kitabımız - hər biri olduqca mədəni bir
şəkildə qorunur. Kilsədə eyni zamanda sovet dövründən qalan,
Azərbaycan yazıçılarının erməni dilinə tərcümə olunan əsərlərinin
saxlandığı rəf də var. Hər şey nömrələnmiş bir şəkildə saxlanılır.
Ermənistan hökuməti isə ölkədə bir dənə də olsun kitabxana
saxlamayıb. Orada kiməsə kitab lazım olanda, onu axtarıb tapmaqda
çətinlik çəkir.
- Azərbaycanda erməni irsinə aid olan şeylər qorunub
saxlanır. İşğal olunmuş ərazilərimizdə isə məscidlər, kitabxanalar,
muzeylər, məktəblər dağıdılıb.
- Gəlin, ümumiyyətlə bunları müqayisə etməyək. Əgər mən ölkə
rəhbəri olsaydım, sizin sualınıza cavab verə bilərdim. Belə bir
vandalizmə imkan versəydim, bunu niyə etdiyimi, etməsəydim, niyə
etmədiyimi deyərdim. Ona görə də, bu sualınıza cavab verə bilmirəm.
İnsanlar adekvat deyil. Oradakı ermənilər istədiyini edir. Onlardan
heç kim heç nə soruşa bilmir. Bu gün Serj Sərkisyandan kim Göyçə
gölünə olan sənədləri tələb edə bilər? Belə söhbətlər dolaşır ki,
sözü gedən gölü Sərkisyan borc əvəzində Dünya Bankına verib. Bu cür
söhbətlər gedir. Bunu kim yoxlaya bilər? Heç kim. Ondan kim bu
sənədləri göstərməsini xahiş edə bilər? Bu söhbətlər əbəs yerə
getmir, od olmayan yerdən tüstü çıxmaz. Bura mənim vətənimdir və
sabah mənim övladım bu gölün yaxınlığında dayana bilər və onu göl
ətrafına su içməyə buraxmaya bilərlər. Bütün dünyada suyun
ətrafında nələrin yaşandığını hamımız yaxşı bilirik. Bu gün dünyada
su anbarlarının hətta neftdən daha önəmli vasitəyə çevrildiyi
hamıya məlumdur.
- Fikrinizcə, Dağlıq Qarabağ münaqişəsinin həll yolu
nədən keçir?
- Yalnız Ermənistan hakimiyyətinin devrilməsindən. Bu baş
vermədikcə hesab edirəm ki, nəyisə dəyişmək mümkün olmayacaq. Bu,
sadəcə olaraq mənim fikrimdir.
Tarix
2016.11.14 / 23:37
|
Müəllif
Axar.Az
|
|
Digər xəbərlər