"Axar.az" virtual məkanda, sosial şəbəkələrdə populyar
olan insanlarla "müsahibə-müsabiqə" layihəsini davam etdirir.
Bildirdiyimiz kimi, layihənin sonunda sosial şəbəkədə ən çox
paylaşılan və Feysbukun "1 nömrə"si olduğunu isbatlayan müsahibimiz
mükafatlandırılacaq.
Layihənin bu dəfəki qonağı Feysbuk sosial şəbəkəsində populyar
olan reper "Kabus"dur. Müsahibəni təqdim edirik.
- Necə oldu ki, rep həvəsin yarandı?
- 8 ilə yaxın müddətdir ki, replə məşğulam. Amma tam
professional şəkildə məşğul olmurdum. Lap əvvəldən şeirlər
yazırdım. Sonra gördüm ki, bu sözlər musiqi üzərində daha yaxşı
görünür. Yazdıqlarımı öncə özüm bəyəndim və yazmağa davam etdim.
Bir də gördüm ki, davamlı olaraq rep yazıram.
- 8 ildə neçə musiqi yazmısan, əsas mövzun
nədir?
- Sayını dəqiq deyə bilmərəm. Çünki hələ səsyazmaya alınmamış
mahnılar çoxdur. İlk replərim təbii ki, o qədər də təsirli
görünmür. Çünki uşaq beyni ilə yazılan sözlərdir. Düzü, bir müddət
repə fasilə verdim, amma sonra gördüm ki, apardığım mübarizədə rep
mənim üçün ayrı bir cəbhədir. Mənim etirazım birbaşa Azərbaycan
cəmiyyətinədir. Bütün uğursuzluqlarımızın, məğlubiyyətlərimizin və
çatışmazlıqların əsas səbəbkarı xalqın özüdür. Bizim insanımızın
içində bir qorxu var. Bu qorxu insanı zəif bir məxluqa çevirir.
- Sənin replərində radikallıq hiss olunur. Bu, nə ilə
bağlıdır?
- Məncə, Azərbaycanda yaşayıb sakit təbiətli insan olmaq
ümumiyyətlə mümkün deyil. Bu ölkə müasirliklə köhnəliyin ortasında
qalıb. Kütləvi savadsızlıq, təhsilsizlik və sağlam düşüncənin
olmaması insanların işini çətinləşdirir. Bu ölkədə əsəblər tarıma
çəkilir. Televizora baxıb, radioya qulaq asıb, qəzetləri oxuyub
əsəbiləşməmək mümkün deyil.
- Digər reperlərlə münasibətin necədir?
- Mən keyfiyyətli iş görən hər kəsə hörmət edirəm. Azərbaycanda
da yetərincə belə insan var. Amma məncə, replə daha doğru və
lazımlı olan şeylər təbliğ oluna bilər. Rep bu gün əvvəlki illərlə
müqayisədə daha çox sevilir. Reperlər də bundan düzgün istifadə
etməlidirlər. Mən bu imkandan yararlanmağa çalışıram. Təəssüf ki,
gəncləri mübarizəyə səsləyib, sonradan geriyə çəkilərək, onların
içindəki üsyanı öldürənlər də çox olub. Buna görə də hər kəs
inanacağı insanı yaxşı tanımalıdır.
- Azreplə münasibətin elə də yaxşı deyil,
deyəsən...
- Yox, mənim azreplə problemim yoxdur. Ümid edirəm ki, azrepin
də mənimlə problemi olmaz.
- Fevralın 16-da baş tutacaq konsertinın adı
Ergenekondur. Bu ad hardan gəlir?
- Bu konsertin adının Ergenekon olması təsadüfi deyil. Mən
insanların içində ölən əsl sevgini, mübarizə ruhunu yenidən
diriltmək istəyirəm. İnsanlar öz dəyərlərindan, həqiqətlərdən
uzaqdırlar. Sanki bir mağaraya qaxılıb qalıblar. Getməli olduqları
yolu unudublar. Mən insanların fərdi azadlıqlarına çatmalarını
istəyirəm. Mən onları Ergenekona dəvət edirəm. Mağaradan çıxmaq
vaxtıdır artıq.
- Türkçüsən?
- Mən türkəm və bir türk kimi yaşayıram.
- Ergenekon sənin üçün nə deməkdir?
- Ergenekon mənim millətimin yenidən doğulmasıdır. Mən xalqın
indiki vəziyyətini o dövrlə müqayisə edirəm. Məncə, biz bu milləti
yenidən yaratmalıyıq.
- Səncə, bu, çox böyük iddia deyil?!
- Bu, mənim yolumdur və bu yol məndən iddialı olmağı tələb edir.
Böyük iddialar insan üçün ağır yükdür. Hər kəs bu yükü daşımağa
hazır olmalıdır.
- Sənə elə gəlmir ki, "mən" sözünü çox
işlədirsən?
- Bəli, çünki "mən" təkcə Kabus, ya Həbib demək deyil. Mən -
mübarizə aparan hər kəsdir. Bizik. Biz isə ölkənin çıxış
yoluyuq.
- "Biz" deyəndə, kimi və nəyi nəzərdə
tutursan?
- Öncəki cavabımda dediyim kimi, mübarizə aparan hər kəs.
- Tirəklərində mübarizə sözü çox keçir. Sənə görə
mübarizə necə olur?
- Mən Azərbaycanda siyasilərin öldürdüyü sözün mahiyyətini
yenidən qaytarmaq istəyirəm. Bunun üçün isə təbii ki, gənclər
maariflənməli və güclənməlidirlər.
- Bir müddət Fətullah Gülən haqqında rep yazmışdın. Çox
ağır formada tənqid edirdin. Onlarla problemin nədir?
- Siz dediyiniz "Yalan" repidir. Nurçuluqla bağlı fikirlərimi
bildirmişəm. Repdən də bildiyiniz kimi, onları sevmirəm və real
təhlükə kimi görürəm. Çünki Azərbaycan yavaş-yavaş onların təsiri
altına düşməyə başlayır. Türkiyəni çatdırdıqları vəziyyət göz
önündədir. Mən əslində, hər kəsin nurçulara qarşı çıxacağını
gözləyirdim. Amma bu trək çıxdıqdan sonra nədənsə bütün portallar
bunu yaymaqdan çəkindilər. Əvəzində isə Türkiyə mediasının 15
internet qəzeti bu trəki paylaşmış və "Azərbaycanlı qardaşlardan
dəstək" kimi dəyərləndirmişdilər.
- Konsertdən başqa nə kimi planların var?
- Konsertdən sonra albom üzərində işləyəcəm. Bu mənim ilk
albomum olacaq. Həm buna görə, həm də ümumi şəkildə bu albomun
mənim üçün böyük dəyəri var.