Çin strateji neft ehtiyatlarının həcmini gizlədir və bu,
neftin bahalaşmasına olan ümidləri darmadağın edə
bilər.
Virtualaz.org
xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzetinin məqaləsində
deyilir.
"Çin neft bazarının altına bomba qoyub" başlıqlı məqalədə
deyilir ki, bu ölkənin strateji neft ehtiyatlarının həcmi ABŞ-ın
neft ehtiyatlarının həcminə bərabər ola bilər. Qəzet bunu "Orbital
İnsight"dan əldə edilmiş informasiyalar əsasında yazır.
"Orbital İnsight" peyk çəkilişləri və Çinin neft ehtiyatlarının
qapaqlarının hansı intensivliklə açılıb-bağlandığını izləməklə bu
məlumatları təqdim edib.
Şirkət apardığı araşdırmaların nəticəsi olaraq açıqlayıb ki,
Çinin neft ehtiyatlarının həcmi indiyədək qəbul edilmiş ümumi
ölçülərdən bir neçə dəfə çoxdur. Şirkət Çində neft saxlamaq üçün
2100 rezervuar müəyyən edib, hərçənd ki, indiyədək
"TankTerminals.com" məlumat bazasında Çində cəmi 500 neft anbarı
olduğu göstərilirdi. Bununla belə "Orbital İnsight" şirkətinin
analitikləri qeyd edirlər ki, Çində hələ yeraltı neft ehtiyatları
da ola bilər.
Şirkətin hesablamalarına görə Çinin neft ehtiyatları bu ilin
mayında 600 milyon barel olub, hansı ki, həmin vaxt Çinin rəsmi
"Sinxua" agentliyi ölkədə 287 milyon barel neft ehtiyatının
olduğunu açıqlamışdı. Bu da 36 günlük neft idxalı deməkdir. ABŞ-ın
kommersiya neft ehtiyatları isə 150 günlük ixrac həcmi qədərdir,
Birləşmiş Ştatların Energetik Nazirliyi nəzdindəki energetika
informasiya İdarəsi EİA-nın məlumatına görə ölkədə 522 milyon barel
neft ehtiyatı var.
Qəzet yazır ki, Çinin neft ehtiyatlarının real həcmi neft
bazarındakı vəziyyətə təsir edə bilər. Məntiq bundan ibarətdir ki,
əgər Çinin ehtiyatları rəsmən açıqlanandan çox olsa bu, bazarda
tələb və təklif arasındakı münasibətləri dəyişəcək. Məlum olacaq
ki, son vaxtlar bazarda tələbatın artması artan istehlak həcmi ilə
bağlı deyil, strateji planlaşdırma ilə bağlıdır. Nəticədə OPEC-in
son vaxtlar neftin qiymətini stimullaşdırmaq üçün göstərdiyi səylər
heçə enə bilər. Xəbər verildiyi kimi OPEC ölkələri hasilatı
məhdudlaşdırmaq barədə şifahi razılaşma əldə ediblər və bu, neftin
qiymətində nisbi artıma səbəb olub. Hazırda bir barrel "Brent"
nefti 50 dollardan yuxarıdır.
Amerikanın "S&P Dow Jones Indices" mərkəzinin analitikləri
qeyd edirlər ki, Çin idxal etdiyi neftin əsas hissəsini
rezervuarlara doldurur və bu rezervuarların həcmi heç kimə məlum
deyil. Ona görə də Çin özünə lazım olan anda rezervlərin həcmini
açıqlamaqla neftin qiymətinin kəskin enməsinə səbəb ola bilər.
İndiyə qədər neft bazarındakı vəziyyətə ABŞ-ın ehtiyatlarının həcmi
barədə informasiyalar təsir edirdi. Əgər ehtiyatlar artırdısa
qiymət aşağı düşürdü, azalanda isə neft bahalaşırdı.
Lakin rusiyalı analitiklər Çinin ehtiyatlarının bazara ciddi
təsir edəcəyinə şübhə ilə yanaşırlar. Milli energetika
təhlükəsizliyi Fondunun analitiki Aleksandr Paseçnik "Svobodnaya
pressa"ya deyib ki, Çində neft rezervuarlarının nəzərdə tutulandan
çox olması hələ onların hamısının dolu olması mənasını vermir. Bu
anbarlar, boş, yaxud yarı boş da ola bilər. Digər tərəfdən Çində
ehtiyatların elan olunandan bir neçə dəfə çox olması təsdiqlənsə
belə hasilatçı ölkələrin hasilatı bir qədər azaltması bu amilin
üzərindən xətt çəkəcək. Çünki Çinin ehtiyatlarının təxmin olunan
həcmi belə tələbatı uzağı bir neçə ay ödəməyə bəs edər.
Milli Energetika İnstitutunun baş direktoru Sergey Pravosudov
isə hesab edir ki, Orbital İnsight şirkətinin məlumatları son
vaxtlar Amerikanın nə yolla olursa olsun, neftin qiymətini "vurmaq"
səylərinin bir hissəsi kimi görünür. Onun sözlərnə görə, Amerika
şirkətlərinin və əsas maliyyə investorlarının bütün səyləri ona
yönəlib ki, neft yenidən bahalaşmasın. Məsələn, bu günlərdə nüfuzlu
Goldman Sachs" bildirdi ki, əgər Nigeriyada və Liviyada siyasi
vəziyyət sabitləşsə bu, neftin kəskin ucuzlaşmasına səbəb olacaq.
Əslində isə Yaxın Şərqdəki vəziyyət münaqişələrin neft hasilatı
rayonlarına yayılması riskinin olduğunu göstərir, bu isə hasilatın
azalmasına səbəb ola bilər.