İstər milli valyuta daxil olmaqla ikili əmanəti olanlar
ödəniş etdiyi, istərsə də dollar və avro istisna olunmaqla əmanət
məbləği hesablanan zaman kurs sığorta hadisəsi baş verən günə olan
rəsmi məzənnəyə əsasən hesablanır.
Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov
yazıb. Ekspert son günlərin müzakirə mövzusu olan lisenziyası ləğv
edilmiş banklarda xarici valyutada olan əmanətlərin hansı valyuta
və məzənnə ilə geri qaytarıla biləcəyinə aydınlıq gətirib:
"Mövcud qaydalara əsasən, milli valyutada olan əmanətlərlə
yanaşı, bir əmanətçinin eyni bankda həm milli, həm də xarici
valyutada olan əmanətləri manatla qaytarılır. Bu isə o deməkdir ki,
yalnız iki halda əmanət manatla qaytarılar bilər. Digər hallarda
ödəniş xarici valyutada olmalıdır. Manatla əmanətlərin milli
valyutada qaytarılması aydın məsələdir. Digər halda isə məsələn,
əgər əmanətçinin müflis olmuş bankda iki əmanət hesabı varsa və
əgər onlardan biri dollarda, digəri manatladırsa, həmin şəxs dollar
əmanətini də manatla almaq məcburiyyətindədir. Hətta məsələn, həmin
şəxsin 50 000 dollarlıq xarici valyuta əmanəti və sadəcə 1000
manatlıq milli valyuta əmanəti varsa, bütün pulunu mövcud qaydalara
əsasən manatla alır".
İqtisadçı bildirib ki, əgər əmanətçinin müflis olan bankdakı
pulu yalnız dollarladırsa, o zaman həmin pul heç bir halda manatla
ödənilə bilməz:
"Əmanətlərin Sığortalanması Fondunun öz qaydalarına əsasən,
həmin pul yalnız dollar ilə qaytarılır. Eyni ilə əgər əmanət sadəcə
avroda yerləşdirilibsə, kompensasiya manatla ödənilə bilməz, yalnız
Avropa pulunda qaytarılmalıdır. ƏSF-nin mövcud qaydaların əsasən,
digər valyutada olan əmanətlərə (məsələn, Böyük Britaniya funt
sterlinqi, Rusiya rublu və s.) sığorta hadisəsi baş verən günə
Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən, çarpaz məzənnə ilə
hesablanmış dollar və ya avroda qaytarılır. Yəni əgər əmanət Böyük
Britaniya funt sterlinqindədirsə, həmin vəsait də manatla qaytarıla
bilməz və yalnız ABŞ və ya Avropa pulu ilə qaytarılmalıdır.
İstər milli valyuta daxil olmaqla ikili əmanəti olanlar ödəniş
edilən zaman, istərsə də dollar və avro istisna olunmaqla əmanət
məbləği hesablanan zaman kurs sığorta hadisəsi baş verən günə olan
rəsmi məzənnəyə əsasən hesablanır. Yəni əgər əmanətçinin eyni
bankda milli valyuta və dollar əmanəti varsa, ona ödənilən vəsait
köhnə kursla deyil, bank müflis olan günə Mərkəzi Bakın rəsmi kursu
ilə ödənilməlidir. Bu isə o deməkdir ki, hətta rəsmi qaydalara görə
belə, heç bir halda devalvasiyadan əvvəlki məzənnə ilə ödəniş
həyata keçirilə bilməz".
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin iclasında "Kredit Büroları haqqında"
qanunun müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının
Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda həm manatda,
həm də valyutada olan böyük məbləğdə olmayan qorunan əmanətlər üzrə
verilən kompensasiyaların valyutaya konvertasiya oluna biləcəyini
bildirib.