Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin
(QSC) sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti İran
İslam Respublikasında səfərdə olub.
Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Katibliyinin rəisi
Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, səfər
çərçivəsində Tehranda Azərbaycan, İran, Gürcüstan dəmir yollarının
rəhbərləri və dünyanın aparıcı dəmir yolu şirkətlərindən sayılan
Almaniyanın "Deutsche Bahn" (DB) dövlət şirkətinin nümayəndələri
arasında dördtərəfli görüş keçirilib.
Görüşdə Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov,
İran Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi, Gürcüstan
Dəmir Yolları Səhmdar Cəmiyyətinin baş direktoru Mamuka Baxtadze və
"Deutsche Bahn" (DB) şirkətinin icraçı direktoru Andre Hempel
iştirak ediblər. Danışıqlar zamanı Cənub-Qərb beynəlxalq nəqliyyat
dəhlizinin inkişaf perspektivləri müzakirə olunub. Həmin marşrutla
Hindistan və İran körfəzi ölkələrindən Avropaya və əks istiqamətdə
yükdaşımaların həyata keçirilməsi mexanizmi ətrafında fikir
mübadiləsi aparılıb. Bildirilib ki, Cənub-Qərb dəhlizi, qeyd olunan
istiqamətdə, yüklərin nəql edilməsi üçün ən əlverişli marşrutdur.
Görüşdə DB şirkətinin qeyd olunan dəhliz vasitəsi ilə
yükdaşımalarda iştirakı müzakirə edilib və alman dəmiryolçuları
Avropadan İrana, İran körfəzi ölkələri və Hindistana yüklərin nəql
edilməsi zamanı bu marşrutdan istifadə edilməsində maraqlı
olduqlarını bildiriblər.
Tərəflər arasında uzun müddətdir müzakirə olunan DB şirkətinin
iştirakı ilə sınaq qatarının göndərilməsinə dair texniki məlumatlar
dinlənilərək noyabr ayının sonunda Cənub-Qərb marşrutu ilə test
qatarının göndərilməsi haqda qərar qəbul olunub. Qərara əsasən, 41
konteynerdən ibarət olacaq test qatarı, Rumıniyanın Konstanta
limanından yola salınacaq və Tehrana 8 gün ərzində çatacaq.
Konteynerlər Konstanta Limanından gəmi ilə Gürcüstan limanına nəql
edilərək, oradan dəmir yolu ilə Azərbaycanın Astara stansiyasına,
Astaradan yük avtomobilləri ilə İranın Qəzvin stansiyasına yola
salınacaq. Qəzvindən isə yenidən dəmir yolu vasitəsi ilə Tehrana
çatdırılacaq. Beləliklə, Almaniyanın "DB" şirkəti Cənub-Qərb
marşrutunda yüklərin nəql edilməsində iştirak edəcək və bu
marşrutda əməli fəaliyyətə başlayacaq.
Xatırladaq ki, Cənub-Qərb nəqliyyat dəhlizi, İran
körfəzi/Hindistan – İran – Azərbaycan – Gürcüstan – Qara dəniz –
Avropa marşrutu üzrə fəaliyyət göstərir. Cənub-Qərb nəqliyyat
dəhlizı Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun
təşəbbüsü ilə yaradılıb. Marşrutun ilk təqdimatı 2016–cı il
yanvarın 14-də Bakıda keçirilib və elə həmin zaman Azərbaycan,
Gürcüstan, İran və Ukrayna dəmir yolları arasında müvafiq razılaşma
imzalanıb. Cənub – Qərb Tranzit Dəhlizi digər marşrutlarla
müqayisədə (xüsusilə, Süveyş kanalından keçən dəniz yolu) əsas
üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az
olmasıdır. Misal üçün, əgər dəniz yolu ilə daşıma İran körfəzi və
Hindistandan Avropaya təqribi olaraq 30-40 gün təşkil edirsə, Cənub
– Qərb Tranzit Dəhlizi ilə bu müddət 15 gün təşkil edir.
Onu da qeyd edək ki, İrana səfəri çərçivəsində Azərbaycan Dəmir
Yolları QSC-nin sədri Cavid Qurbanov İran Dəmir Yolunun Baş
Direktoru Mohsen Purseyid Ağayi ilə ikitərəfli görüş də keçirib.
Görüşdə Astara (Azərbaycan) – Astara (İran) stansiyaları arasında
dəmir yolunun və iki ölkə sərhədində Astaraçay üzərində inşa edilən
dəmir yol körpüsünün tikintisi ilə bağlı son məlumatlar dinlənilib,
inşaat işlərinin gedişatı ətrafında müzakirə aparılıb. Eyni zamanda
İranın Astara stansiyasında inşa edilən yük terminalının texniki
imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.