"Ukrayna-Krım məsələsi qızılın qiymətinin artmasına
səbəb olacaq".
Bu
sözləri "Axar.az"ın Dövlət Neft Fondunun aldığı qızılın hansısa
risklərə yol açması ehtimalının olub-olmamağı ilə bağlı sualını
cavablandıran iqtisadçı Natiq Cəfərli dedi:
"Dövlət Neft Fondu qızılı almağa 2012-ci ildə başlamışdı. Həmin
vaxt bu qiymətli metalın qiyməti indikindən 250-300 dollar baha
idi. İlkin itkilər onsuz da olub. Qurum qızılı almağa başladıqdan
sonra bu əlvan metalın qiymətində ucuzlaşma olub. İndi cərəyan edən
siyasi proseslər, xüsusən də Ukrayna-Krım məsələsi qızılın
qiymətinin artmasına səbəb olacaq. Hesab edirəm ki, hazırda qızılın
alınmasının davam etdirilməsi yenə müəyyən risklərə yol aça bilər.
Bəli, ARDNF bu riskləri hesablamağı bacarır. Çünki digər dövlət
qurumlarına nisbətən Neft Fondu vəsaitlərin idarə edilməsi
məsələsində daha effektiv idarəetmə formasıdır. Məhz Neft Fondundan
sonra vəsaitlərin idarə edilməsində ciddi problemlər var. Xüsusən
də büdcəyə transferlərin edilməsi məsələsində ciddi problemlər
yaşanır".
Ekspert qızılın bu qalmaqallı dövrdə yatırım gətirəcək vasitə
olmadığını hesab edir: "Düşünürəm ki, bu təlatümlü dövrdə qızıl
güvən yaradacaq, gəlir gətirəcək yatırım vasitəsi deyil. Çünki hələ
bilmək olmur ki, qızılın qiymətindəki proseslər hansı istiqamətdə
inkişaf edəcək. Adətən, belə hallarda beynəlxalq investorlar
konservativ addımlar atırlar. Məncə, Dövlət Neft Fondu da hər hansı
bir addım atmaq istəyərsə, konservativ düşüncəyə üstünlük
verməlidir".
Alınan qızıllar ölkəyə gətirilir
Azərbaycan
Respublikası Dövlət Neft Fondunun mətbuat xidmətinin rəhbəri Cəmalə
Əliyeva isə hazırda əvvəlki illərdə alınan qızılların ölkəyə
gətirilməsi prosesinin getdiyini bildirdi: "Dünən Fondun İcraçı
direktoru da açıqlama verdi ki, Fond qızıl alışını alğı-satqı üçün
və ya spekulyativ məqsədlər üçün deyil, strateji məqsədlə həyata
keçirir. Fond iki ildə 30 ton qızıl alışını həyata keçirib.
Hal-hazırda qızıl alışı prosesi yoxdur. Alınan qızılların ölkəyə
gətirilməsi prosesi gedir. 20 ton gətirilib, bu ilin sonunadək
digər 10 ton qızılın ölkəyə gətirilməsi nəzərdə tutulur".
Xatırladaq ki, prezident İlham Əliyevin 2011-ci il 27 oktyabr
tarixli 519 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası Dövlət
Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi
və idarə edilməsi haqqında Qaydalar"a dəyişikliklər edilib. Bu
qaydalara uyğun olaraq qurumun investisiya portfelinin məcmu
dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər.
2014-cü ilin yanvarın 1-nə olan göstəricilərə əsasən ARDNF 30
175 kq (970 146 troya unsiyası) qızıl alıb və həmin qızılın 20
013,55 kq-ı ölkəyə gətirilib. ARDNF bu ilin sonunadək qalan 10 ton
qızılın da ölkəyə gətirilməsini nəzərdə tutur.