Xəbər verildiyi kimi, bu günlərdə Bakıda iki ölkənin
münasibətlərində növbəti mərhələ olan VII Azərbaycan-Rusiya
Regionlararası Forumu öz işini başa çatdırıb. Rusiya-Azərbaycan
Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev AzərTac-a müsahibəsində iqtisadi sahədə
tərəfdaşlığa aid bir sıra sualları cavablandırıb.
Axar.az sözügedən müsahibəni təqdim edir:
- Dmitri İvanoviç, siz iki dövlətin strateji
əlaqələrinin nizamlanmasında regionlararası forumun əhəmiyyətini
necə qiymətləndirərdiniz?
- Həm dövlətlərarası, həm də horizontal səviyyədə - iki dövlətin
regionları və ayrı-ayrı müəssisələri arasında əlaqələrin
nizamlanması təkcə zəruridir. Bu cür əlaqə telləri nə qədər çox
olsa, ölkələrimiz arasında münasibətlər bir o qədər möhkəm olacaq.
Bu günə qədər Azərbaycan Rusiyanın 19 regionu ilə ticari-iqtisadi
münasibətlər sahəsində 36 saziş imzalayıb, bütövlükdə isə Rusiya
Federasiyasının 78 subyekti bizim cənub qonşumuzla əlaqə
saxlayır.
Bu yüksəlişdə Regionlararası Forum inteqrasiya proseslərinin
genişlənməsinə və konstruktiv təşəbbüslərin formalaşmasına kömək
edən, biznes-strukturlar arasında təcrübə mübadiləsi və əlaqələrin
tənzimlənməsi üçün imkan yaradan məkan rolu oynayır. Foruma maraq
ilbəil artır: Bakı Forumunda Azərbaycanın 300-ə yaxın nümayəndəsi
və Rusiyanın 9 regionundan 250-dən çox iştirakçı toplaşmışdı. Qeyd
etmək lazımdır ki, Rusiya Azərbaycanın bu cür birgə tədbirlər
keçirdiyi yeganə ölkədir.
- Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin
cari vəziyyətini necə səciyyələndirərdiniz?
- Qeyd etmək lazımdır ki, ölkələrimiz dünya iqtisadiyyatında
neqativ hadisələrə qarşı uğurla müqavimət göstərir, neftin
qiymətinin düşməsinin öhdəsindən gəlirlər. Rusiya və Azərbaycan
bir-biri üçün çox qiymətli ticari tərəfdaşlardır. Azərbaycanın
ixrac etdiyi kənd təsərrüfatı məhsullarının 90 faizi Rusiya
bazarına gedir. Rusiya Azərbaycanın əsas xarici ticarət
tərəfdaşlarından biridir: Azərbaycanın idxalında Rusiya 17,9 faiz
pay ilə liderlik edir, respublikanın ümumi əmtəə dövriyyəsində
bizim ölkəmiz 11,4 faiz təşkil edir.
Bizim iqtisadi əməkdaşlıq potensialımız çox böyükdür və hər iki
tərəf bu potensialı reallaşdırmaq üçün kifayət qədər səy göstərir.
Son illərdə neftin qiymətinin düşməsinə baxmayaraq, Azərbaycanda
ÜDM üçqat artıb, Neft Fondunun ehtiyatları artır, rəqabət
qabiliyyətinə görə isə respublika iqtisadiyyatı dünyada 37-ci yeri
tutur. Bu gün bütün Cənubi Qafqaz iqtisadiyyatının 70 faizi
Azərbaycanın payına düşür. Deməli, ölkədə biznes üçün, o cümlədən
Rusiya biznesi üçün də çox böyük imkanlar var.
- Sizin fikrinizcə, iqtisadi əməkdaşlığın hansı
istiqamətləri daha perspektivlidir?
- Son illərdə Azərbaycandan Rusiyaya aqrar məhsullar satışının
həcmi əhəmiyyətli dərəcədə artıb, Rusiya maşınqayırma
məhsullarının, o cümlədən kənd təsərrüfatı texnikasının Azərbaycana
ixracında da artım müşahidə olunur. Ölkələrimiz arasında əmtəə
axınlarını daha fəal artırmaq üçün Rusiya ərazisində logistika
mərkəzləri tikilməsi tələb olunur. VII Regionlararası Forumda Tümen
və Nijni Novqorod vilayətlərinin nümayəndə heyətləri bunun zəruri
olduğunu bildirdilər. Lap yaxın vaxtlarda Kaspiyskdə iri
ticarət-logistika mərkəzinin tikintisi layihəsi həyata keçiriləcək.
Azərbaycanın "Caspian Invest Group" şirkəti bu layihəyə 10 milyard
rubl sərmayə qoyacaq. Aqrar sahədə tərəfdaşlığın prinsipcə yeni
formaları yaranır: Dağıstanda fındıq yetişdirilməsi üzrə müştərək
təsərrüfat yaradılması perspektivi müzakirə edilir. Üstəlik,
Dağıstan azərbaycanlı sahibkarlara torpaq icarəyə verməyə hazırdır.
Beləliklə, onların yetişdirdiyi kənd təsərrüfatı məhsullarının
dövlətlərimiz arasında sərhəddən keçməsinə ehtiyac olmayacaq.
Ənənəvi əməkdaşlıq sahələrinə son vaxtlar turizm, nəqliyyat,
əczaçılıq malları istehsalı və informasiya-kommunikasiya
texnologiyaları da əlavə olunub.
Lap təzəlikcə Pirallahı Texnoloji Parkının ərazisində əczaçılıq
müəssisəsinin təməli qoyulub. Bu, Rusiyanın "R-farm" şirkətinin,
Azərbaycanın "VİTA-A" şirkətinin və "Azərbaycan İnvestisiya
Şirkəti"nin birgə müəssisəsi olacaq. Yerli kimyəvi xammal əsasında
işləyəcək və 2018-ci ilin sonunda istifadəyə veriləcək bu müəssisə
Azərbaycan əhalisini ucuz dərman preparatları ilə təchiz edəcək,
məhsulun bir hissəsi isə ixrac üçün göndəriləcək.
2015-ci ildə Azərbaycanın ÜDM-də turizmin payı 3 faizdən çox
olub. Bu halda orta hesabla hər üç turistdən biri rusiyalı olub.
Qarşılıqlı turist axınları üçün çox böyük imkanlar var. Xəzərdə
dəniz turizmini inkişaf etdirmək, Şimali Qafqaz respublikalarından
Azərbaycana turist qatarları göndərmək olar. Dağıstan ərazisindən
keçməklə, Həştərxandan Azərbaycan sərhədinə qədər çəkilən avtomobil
yolu da tezliklə istifadəyə veriləcək. Bu ölkələrimiz arasında
avtomobil turizminin inkişafına təkan verəcək.
- Bunlar yaxın gələcəyin işidir. Bəs artıq həyata
keçirilmiş investisiya layihələrindən hansıları nümunə göstərə
bilərdiniz?
- Belə layihələr çoxdur! Statistik məlumatlara görə, hazırda
Azərbaycan ərazisində yüz faiz Rusiya kapitalına əsaslanan 200
müəssisə və 400-dən çox müştərək müəssisə fəaliyyət göstərir. Bu
müəssisələrin Azərbaycan iqtisadiyyatının inkişafına qoyduğu
investisiyaların məbləği 3 milyard dollara yaxındır. Məsələn, VTB
Qrupu yeddi il ərzində "Bank VTB" (Azərbaycan) ASC törəmə bankının
inkişafı üçün 300 milyon dollar ayırıb, nəqliyyat və
kommunikasiyalar sahəsində 400 milyon dollar dəyərində layihələri
maliyyələşdirib. "KamAZ" Publik Səhmdar Cəmiyyəti 2015-ci ildə
Gəncə Avtomobil zavodunun istehsal gücləri əsasında yük maşınları
yığma xətti açıb, cari ilin mart ayında isə "Avtomobilnıy zavod
"Ural"" ASC də ona qoşulub.
Öz növbəsində Azərbaycan tərəfin Rusiya iqtisadiyyatına sərmayə
qoyuluşu bir milyard dollara yaxındır. "Karat holdinq" şirkəti
Yesentukidə "İstoçnik" sanatoriya-kurort mərkəzinin tikintisinə 25
milyon dollar sərmayə qoyub. "Karvan - L" şirkəti Kabardin-Balkar
Respublikasında "Stalprom" şirkəti üçün zavod və Dağıstanda "Anji"
idman kompleksi inşa edib. "Azərsun Holdinq" Krasnodar diyarında
çay fabrikini, habelə meyvə və tərəvəz konservləri istehsal edən
zavodu istifadəyə verib. Elə həmin diyarda "Mətanət-A" şirkəti quru
inşaat qatışıqları istehsal edən müəssisə tikir. Bu siyahını çox
davam etdirmək olar.
- Sizin fikrinizcə, Rusiya Federasiyası subyektlərinin
hansıları Azərbaycan ilə iqtisadi əlaqələri daha fəal inkişaf
etdirir?
- Ölkələrimiz arasında ümumi əmtəə dövriyyəsində Azərbaycanın ən
iri tərəfdaşlarının payı 75 faizdən çox təşkil edir. Belə
tərəfdaşlar sırasına Moskva və Sankt-Peterburqu, Dağıstan və
Tatarıstanı, Stavropol və Krasnodar diyarlarını, habelə VII
Regionlararası Foruma ən böyük nümayəndə heyəti göndərmiş Həştərxan
vilayətini aid etmək olar. Məsələn, Stavropol diyarından
Azərbaycana taxıl, mineral gübrələr, heyvan yemi və plastik kütlə
fəal ixrac edilir, azərbaycanlı biznesmenlər isə Mineralnıye Vodıda
müalicəxanalar inşa olunmasında iştirak edirlər. Təkcə 2015-ci il
ərzində bu region ilə Azərbaycan arasında ticarət dövriyyəsinin
həcmi 200 milyon dollara yaxın olub. Rusiyanın digər əraziləri də
lider regionlara çatmaq üçün fəal çalışır. Tümen vilayətinin
nümayəndə heyəti Bakı Forumunda polimerlərin birgə emalı barədə
təkliflər irəli sürüb, Arxangelsk vilayəti isə Azərbaycana
gəmiqayırma, ətlik-südlük heyvandarlıq və faydalı qazıntıların
hasilatı sahəsində əməkdaşlıq təklif edib. Öz növbəsində,
keyfiyyətli kənd təsərrüfatı məhsullarına ehtiyac duyan bu şimal
regionu da öz sakinlərini Azərbaycanın sanatoriya-kurort
müəssisələrinə göndərməyə hazırdır.
- Beləliklə, biz Bakı Forumunun gedişində əldə edilmiş
konkret razılaşmalara yaxınlaşdıq...
- Elədir, bütövlükdə 10-dan çox sənəd imzalanıb, lakin məsələyə
daha geniş miqyasda yanaşsaq, Rusiyanın hər bir regionu və
Azərbaycanın hər bir rayonu onlarca bu cür müqavilə bağlaya
bilərdi, ona görə də bu istiqamətdə birgə iş üçün çox böyük
ehtiyatlar var.