Rusiya dövlət başçısı Vladimir Putin təbii qaz
sərfiyyatı ilə əlaqədar qazın verilmə rejiminin 1 iyundan etibarən
dəyişəcəyi mövzusunda Türkiyə və AB ölkələrinə məktub
göndərib.
"Axar.az" xəbər verir ki, aprelin sonlarında göndərdiyi ilk
məktubu xatırladan Putin son dövrlərdə Ukrayna ilə keçirilən
görüşlərdə irəliləmə olmadığına və borcun gedərək artdığına
toxunub:
"Bir aydan çox müddət keçib. AB üzvü olmayan ölkələr Ukraynanın
borcunu ödəməməsi və təbii qaz anbarlarının qeyri-kafi olması ilə
bağlı riskli bir vəziyyətin meydana gəldiyini düşünürlər. AB
ölkələri ilə Varşavada görüşdə bu mövzuda danışdıq. AB enerji
komissarı Günter Oettinger və Ukraynadan Yuri Prodan bu görüşə
qatılmışdı. Amma təəssüf ki, ortaqlarımızdan Ukraynanın razılaşma
öhdəliklərini necə yerinə yetirəcəyi barədə hər hansı bir təklif
görmədik".
Qeyd edək ki, məktubunda təbii qaz ödəmələrinin getdikcə daha
kəskin hal aldığına toxunan Putin "Ukraynanın borcu 2.2 milyard
dollardan 3.5 milyard dollara qalxıb. Amma Ukrayna ayrılan kreditin
ilk hissəsini - 3.2 milyard dollarını alıb", - deyə bildirib.
Putinin bu məktubu Türkiyə, Avstriya, Bosniya-Hersoqovina,
Bolqarıstan, Çexiya, Xorvatiya, Fransa, Almaniya, Yunanıstan,
İtaliya, Makedoniya, Moldova, Polşa, Rumıniya, Serbiya, Slovakiya
və Sloveniya liderlərinə göndərilib.