"Manatın məzənnəsi ilə bağlı təhlükə gözlənilmir. Ancaq
yenə də çox şey Mərkəzi Bankın yeni iqtisadi və maliyyə rejimində
valyuta bazarını təznimləmək üçün hansı alətlərdən istifadə
etməsindən asılıdır".
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad
İbadoğlu deyib. Son günlər neftin ucuzlaşması və rus rublunun
qiymətinin aşağı düşməsinin manata hansı formada təsir edəcəyini
şərh edən ekspert çox şeyin Mərkəzi Bankdan asılı olduğunu
bildirib:
"Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının neqativ
təsirləri sırasında bəzi ölkələrdə milli valyutaların dəyərdən
düşməsi müşahidə olunmaqdadır. Bunun bariz nümunəsini rus rublunun
timsalında görmək olar. Azərbaycan manatının taleyi bu baxımdan
bəzi dairələrdə narahatlıq yaratmaqdadır. Bunun başlıca
səbəblərindən biri manatın məzənnəsinin təsbit edilmiş məzənnə
rejimində idarə olunmasıdır. Təsbit edilmiş məzənnə rejimi dedikdə
ölkənin milli valyutasının sərbəst dönərli xarici valyutaya qarşı
inzibati müdaxilələrlə dəyişməz saxlanılması nəzərdə tutulur. Yəni,
məzənnəni sabit saxlamaq üçün Mərkəzi Bank valyuta bazarında tələb
və təklifi aktiv alış-satış əməliyyatları vasitəsilə tarazlaşdırır,
bir sözlə, daimi olaraq valyuta bazarına müdaxilə edir. Mərkəzi
Bank valyuta bazarında satışlar həyata keçirərkən özünün
sərəncamında olan xarici valyuta ehtiyatlarından istifadə edir.
Statistik məlumatlara görə, Mərkəzi Bank valyuta sterilizasiyası
əməliyyatı üzrə müdaxilələr etməklə bazarda 2010-cu ildə 1.385,
2011-ci ildə 4.153, 2012-ci ildə 1.584, 2013-cü ildə 2.457, 2014-cü
ilin 9 ayında isə 1.204 milyard dollarlıq alışlar həyata
keçirib".
Q.İbadoğlu hazırda və yaxın gələcəkdə baş verə biləcəklər barədə
də şərh verib:
"Fikrimizcə, manatın məzənnəsinin ucuzlaşması ilə bağlı risklər
ölkənin ixracatdan valyuta gəlirlərinin azaldığı, real effektiv
valyuta məzənnəsinin özünün tarazlıq səviyyəsində olmadığı, tədiyə
balansının kəsirinin mövcudluğu şəraitində fəallaşa bilər. Son
statistik məlumatlara görə, xam neftin dünya bazarında qiymətinin
ucuzlaşması müşahidə olunsa da, ölkənin tədiyə balansında profisit
qeydə alınıb. Bu isə o deməkdir ki, hazırda valyuta bazarında
təklif tələbi üstələyir. Bu şəraitdə Mərkəzi Bank məzənnənin
möhkəmlənməsinin qarşısını almaq üçün bazarda əksinə, xarici
valyuta alışını həyata keçirir. Odur ki, yaxın gələcəkdə təzyiqlər
artsa da, manatın məzənnəsi ilə bağlı təhlükələr gözlənilmir. Amma
yenə də çox şey Mərkəzi Bankın yeni iqtisadi və maliyyə rejimində
valyuta bazarını tənzimləmək üçün hansı alətlərdən istifadə
etməsindən asılıdır".