İran Milli Qaz Şirkətinin (NIGC) beynəlxalq əlaqələr
üzrə direktoru Əzizullah Ramazani gözlənilmədən bəyan edib ki, İran
öz ərazisindən Azərbaycan və Türkmənistan qazını Avropaya nəql edə
bilər.
Axar.az caspianbarrel.org-a
istinadən xəbər verir ki, Ramazani belə bir ideyanın gerçəkləşməsi
üçün rəsmi Tehranın müvafiq infrastruktur yaratmağa başlamasını
yalnız siyasi maneələrin aradan qaldırılmasından sonra mümkünlüyünü
vurğulayıb. O, həmçinin qeyd edib ki, Türkmənistan qazının Xəzər
dənizinin dibi ilə sualtı boru kəmərləri ilə Avropaya ixrac planı
çox bahalı və sərfəsiz olardı.
"Bizim təklifimiz – Azərbaycan
və Türkmənistan qazının İranda qəbulu, daha sonra Türkiyə
vasitəsilə Avropaya tranzitidir, çünki bu marşrut qazın Avropaya
ixracı üçün ən sərfəli yoldur", – Ramazani bildirib.
Elə isə baxaq görək bu məsələ texniki və kommersiya baxımından
nə dərcədə tərəflər üçün cəlbedicidir və həqiqətənmi
sərfəlidir.
Əgər sərfəli deyilsə, onda Tehranı təmsil edən şəsx nədən bunu
bəyan edərək gündənmə gətirib?
Əvvəla ondan başlayaq ki, İranın Türkmənistana və ya Azərbaycana
belə bir çağırışlarla müraciət etməsi yenilik deyil.
İlk dəfə belə hal Türkmənistan ötən əsrin 90-cı illərinin
ortasında Transxəzər qaz kəməri ilə bağlı ideya gündəmə gələndə baş
vermişdi. Onda da rəsmi Tehran Aşqabadı fikrindən döndərmək üçün öz
ərazisindən tranzit ölkə kimi istifadə etmək təklifləri etmişdi. O
zaman bu məsələlər onunla yekunlaşdı ki, Transxəzər kəməri
çəkilmədi, türkmən qazı Sovet vaxtı olduğu kimi Rusiyaya axmaqda
davam etdi. Ancaq İranın maliyyə dəstəyi ilə 1997-ci ilin
sonlarında buraxıcılıq gücü 8 mlrd kub metr, uzunluğu 200 km olan
Körpəcə (Türkmənistan) – Qurtquyu (İran) qaz kəməri istismara
verildi. Bununla İran özünün şimal bölgələrindəki yaşayış
məntəqələrinin təbii qaza olan ehtiyacını ödəməyə başladı və
Türkmənistanla ilk qaz əməkdaşlığına başlayaraq sanki öz rəqibini
mümkün Avropa bazarından uzaqlaşdıra bildi.
2010-cu ildə yenə də İranın dəstəyi ilə Türkmənistan üzərindən
daha masştablı bir magistral qaz kəməri istismara verilir. Uzunluğu
30,5 km, buraxıcılıq gücü 12 mlrd olan Dövlətəbad – Seraxs
(Türkmənistan) – Xangeran (İran) kəməri çəkilir. Və bu maştabda
boru kəmərini İran o zaman çəkib istifadəyə verirdi ki, heç birinci
kəmərin gücündən tam istifadə etmirdi.
Bəs hansı zərrətdən Tehran kommersiya əhəmiyyəti olmayan
layihələrə yatırımlar edirdi? Xatırladaq ki, bütün bunlar o zaman
idi ki, Nabukko qaz kəməri layihəsi ilə Azərbaycan və daha sonra
türkmən qazının ixracı məsələsi Avropada qızğın müzakirə olunurdu.
Beləcə, İran yenidən 20 mlrd kub metr türkmən qazının öz
ərazisindən ixrac etmək kimi məsələləri o zaman "Caspian Oil &
Gas" beynəlxalq konfranslarında müzakirə obyektinə çevirirdir.
Ramazaninin Azərbaycana və Türkmənistana etdiyi bu müraciət
aydındır ki, rəsmi Bakıya ünvanlanmayıb: sözgəlişi xatirinə
deyilib. Çünki Azərbaycan 2 ildir ki, seçimini edib və 2013-cü
ildən "Cənub qaz dəhlizi" üzrə işlərə start verib. Necə deyərlər,
Azərbaycanın yolu və niyyəti bəllidir.
Demək, İran Milli Qaz Şirkəti rəsmisinin hədəfi yenə
Türkmənistandır. Tehran son 20 ildə əzəli qaz rəqibi – dünyanın
4-cü mavi yanacaq ehtiyatına malik bir ölkənin istənilən yollarla
ən böyük bazar sayılan Avropaya çıxmasının qarşını əngəlləmək
istəyir.
Niyə əngəlləmək deyirəm, axı soruşa bilərsiniz ki, İran tranzit
təklif edir türkmən qazı üçün? Əslində bu vaxt uzatmaqdan başqa bir
şey deyil. Gəlin detallarla tanış olaq.
İran Türkmənistana öz ərazisini tranzit ölkə kimi təklif edir.
Ancaq öz ərazisində bunun üçün müvafiq infrastruktur yoxdur. Bunu
cənab Ramazani özü də tədiq edir. O bildirir ki, müvafiq
infrastruktur yaratmağa başlamasını yalnız siyasi maneələrin aradan
qaldırılmasından sonra mümkün ola bilər. Bəs siyasi maneələr nədir?
Təbii ki, hazırda İrana qarşı olan sanksiyalardan söhbət gedir. Bu
isə danışıqlardan və uzun-uzadı prosedurlardan asılıdır.
Hesab edək ki, bu məsələlər həllini tapdı. Onda rəsmi Tehran
gündəmə öz qazının ixrac məsələsini qoyacaq. Tutaq ki, Qərbin
rəqabət məsələlərini nəzərə alaraq tranziti həll etdi. Ancaq onda
türkmən qazı gəlib Ərzurumda (İran üzərindən gələn magistral kəmər
burada paylayıcı şəbəkə ilə birləşir) yenidən TANAP-a
birləşməyəcəkmi? Çünki Türkiyə üzərindən Avropaya başqa bir ixrac
kəməri yoxdur axı (bəlkə İran özü çəkmək istəyəcək o zaman bu başqa
məsələnin araşdırmasıdır)? Elə isə türkmən qazını alacaq şirkətlər
nədən 300 km-lik bir sualtı boru kəməri ilə onu Azərbaycan
sərhədinə gətirib burada "Cənub qaz dəhlizi"nə vurmasınlar? Və heç
bir problemsiz onu Avropaya daşımasınlar! Axı, bu həqiqətən də
sərfəli bir nəqliyyat vasitəsinə çevrilə bilmək imkanı əldə edir
ki, artıq digər seqmentləri də fəaliyyət göstərmiş olsun.
Resmi Tehranın NIGC nümayəndəsi vasitəsilə məsələyə müdaxilə
etməsinin ciddi bir səbəbi də odur ki, ötən həftə, daha doğrusu
yanvarın 29-da Aşqabadda Türkiyə, Azərbaycan və Türkmənistan Xarici
İşlər nazirlərinin II birgə görüşü keçirildi. Bu görüşün yekunu
olaraq imzalanan bəyannamədə ilk dəfə olaraq tərəflər enerji
məsələlərində ortaq maraqlar haqda razılığa gəliblər. Bundan əlavə
Türkiyə XİN-i Ankarada verdiyi açıqlamasında bildirib ki, Türkiyə
və Azərbaycan Türkmənistanı TANAP-a qoşulmağa dəvət ediblər. Təbii
ki, TANAP-a yol Transxəzər üzərindən keçməlidir.
İranı narahat edən məsələ də budur – əzəli rəqib onu qabaqlaya
bilər.