"Bizim üçün qarşımızda
bir Rusiya nümunəsi var. Qonşu ölkədə kredit və ipoteka ödəyiciləri
üçün vəziyyət rahatdır. Çünki rubl getdikcə dəyərdən düşür və
əvvəlki məbləğ olmur. Amma əsl həqiqəti xarici valyuta ilə ipoteka
götürənlər yaşayır. Ona görə də bu halda banklar güzəşt yolunu
seçdilər, kredit müddətini uzatmalı oldular".
Bu sözləri Yeni
Müsavat-a iqtisadçı-ekspert Samir Əliyev manat ucuzlaşacağı
halda kredit ödəyicilərinin vəziyyəti barəsində danışarkən qeyd
etdi. Onun sözlərinə görə, Azərbaycanda manat devalvasiya olarsa,
bu, kredit faizlərinin bahalaşmasına gətirib çıxara bilər: "Bu, o
cümlədən əmanətlərin faizlərinə də təsir edəcək. Eyni zamanda ilk
növbədə kredit müqaviləsinə baxmaq lazımdır. Müqavilədə qeyd
olunubsa ki, kredit faizləri ölkənin makro-iqtisadi vəziyyətindən
asılı olmayaraq dəyişməyəcək, o halda düzəliş edilə bilməz".
İqtisadçıya görə, manatın ucuzlaşması istənilən halda kredit
ödəyicisinə sərf edir: "Dünyada bu proses müxtəlifdir. Azərbaycanda
isə fiksə edilib. Dünyada üzən faizə uyğun dəyişir, yəni faizlər
artır və azalır. Əgər müqavilədə dəyişiklik olacağı qeyd
edilməyibsə, o halda əvvəlki şərtlərlə kredit ödəniləcək. Bu zaman
manat devalvasiya olarsa, kredit ödəyicilərinin xeyrinə olacaq, pul
dəyərdən düşəcək. Amma xarici valyuta ilə kredit ödəyənlərin
zərərinə olacaq. Məsələn, 100 dollara görə 79 manat ödəyirdisə, 110
manat verməli olacaq. Onu da deyim ki, son 2-3 ayda banklar xarici
valyuta ilə kredit verməyə başlayıb".
S.Əliyevin fikrincə, banklar xarici valyuta ilə kredit verməklə
iki prosesin qabağını almağa hazırlaşır: "Birincisi ehtimal olunur
ki, manatın kursu dəyişə bilər və dollar bu halda daha sərfəlidir.
İkincisi, bank sektorunda manat qıtlığı yaranıb. Əməliyyatlar üçün
milli pul tapılmır. Pulun həcmi iqtisadiyyata uyğun deyil. Mərkəzi
Bank inflyasiyanı tənzimləmək üçün pulu sıxıb. Amma hökumət manatı
buraxmayacağını bəyan edib. 2009-cu ildə verdiyi bu sözə əməl etdi.
Sadəcə, indiki situasiya daha ağırdır, arzuolunmaz vəziyyət
yaranıb. Manatın hazırkı kursu imkan vermir ki, qeyri-neft sektoru
inkişaf etsin. Ölkə idxalla doludur. Azərbaycanda ixrac 7-8
faizdir, Rusiyada isə 40 faizdir. Ona görə də çıxılmaz vəziyyətdir.
Prezidentin son çıxışından belə görünür ki, ixracı gücləndirmək
lazımdır".
İqtisadçı bununla belə, parlament seçkilərinə qədər hökumətin
manatın kursunu saxlamağa çalışacağını və gedişatın neftin
qiymətindən asılı olacağını düşünür: "Dünya bazarında neftin
qiyməti aşağıdır. Düzdür, son bir həftədə işıq ucu görünür,
qiymətdə artım var. Əgər neft 48 dollara düşsə birmənalı olaraq
manat devalvasiya olacaq. 60 dollara qalxsa hökumət manatın kursunu
saxlamağa çalışacaq. Yəni hökumət neftə baxır".