"Dollarla kredit götürən vətəndaşlar ödənişlərini
dollarla da edəcəklər".
Bu sözləri Axar.az-a açıqlamasında "Azərbaycan Beynəlxalq
Bankı"nın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev deyib.
Onun sözlərinə görə, dollarla kredit götürən vətəndaş ödənişi
dollarla, manatla götürənlər isə manatla edəcəklər:
"Bankdan dollarla kredit götürən vətəndaş kredit borcunu
dolların ödəmə gününə olan məzənnəsinə uyğun ödəməli olacaq. Əgər
həmin gün yarım qəpik belə fərq olarsa, onda bu, ödəniş məbləğinə
də sirayət edəcək. Banklara manatla qoyulan əmanətlərə gəldikdə isə
məsələn, bir illik müddətə qoyulan əmanətlərin faizləri
hesablanacaq və əmanətlərin müddəti bitdikdə vətəndaş qoyduğu
əmanəti və faizlərini götürə biləcək. Yəni vətəndaşın bankda 1000
manat əmanəti varsa, o, 1000 manatını və buna hesablanan faizlərini
olduğu kimi götürə biləcək. Qeyd edim ki, əmanəti dollarla qoyubsa,
onda dollarla da götürəcək. Bu, toxunulmazdır".
Sözügedən məsələ ilə bağlı "Parabank"ın Filialların idarə
edilməsi və satış departamentinin direktoru Cəlal Nağıyev bildirib
ki, kredit götürən vətəndaş kredit borcunu hansı valyuta ilə
götürübsə, onunla da qaytarmalıdır:
"Yəni köhnə qayda ilə kredit götürən vətəndaş hazırda dolların
kursu qalxdığından indi daha çox ödəməli olacaq. Bu proses kütləvi
şəkildə narahatlığa səbəb olub və bu yöndə hələlik banklar da
gözləmə mövqeyi tutur. Kompromisə getməyə və ortaq dil tapmağa
çalışacağıq. "Parabank" olaraq vətəndaşlar üçün əlimizdən gələn
qədər güzəştlər etməyə çalışacağıq. Dollarla depozitləri olan
vətəndaşlara deyə bilmərik ki, əmanətlər köhnə kursla veriləcək.
Əgər vətəndaşın bankdakı depoziti dollarla olsa, əlbəttə ki, o,
bunun köhnə kursla qaytarılmasını istəməzdi. Çünki belə olduqda
kurs çox aşağı olacaq. Vətəndaş banka pulunu dollarla qoyubsa,
manatın kursu düşdüyündən o, istəyər ki, pulu dollarla qaytarılsın.
Bu risk həmişə var. Banklarda manatla olan əmanətlərin
tənzimlənməsinə gəldikdə isə qiymətlər dollara nisbətən qalxacaq.
Bir-iki həftəyə hər şey daha aydın şəkildə məlum olacaq. Hər şey bu
müddət ərzində dolların stabilləşib-stabilləşməyəcəyindən asılıdır.
Bizim özümüz belə bu prosesdə nə qədər ziyana düşmüşük".
"Unibank" dollarla krediti və manatla əmanəti olan vətəndaşların
hazırkı vəziyyətə uyğun bu probleminə belə aydınlıq gətirib:
"Əgər vətəndaş əvvəl 100 dollar kredit ödəyirdisə, yenə eyni
pulu ödəyəcək və bu, manatın kursu ilə 105 manat edir. Manatla olan
kreditlərdə isə heç bir fərq yoxdur".
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci
il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ
dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən
edilib.