Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında bir sıra ciddi məqamlara toxunub. Prezidentin
valyuta ehtiyatlarının qorunması, vergi bazasının genişləndirilməsi
və maliyyə nəzarəti sahəsində verdiyi tapşırıqlar mühüm əhəmiyyət
kəsb edir.
Bu barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
üzvü, millət vəkili Əli Məsimlinin fikirlərini öyrəndik. Axar.az
millət vəkili ilə müsahibəni təqdim edir:
- Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan
iclası necə qiymətləndirirsiz?
- Prezidenti İlham Əliyev ötən il ölkədə görülən işlərlə yanaşı,
neftin qiymətinin kəskin surətdə aşağı düşməsi ilə əlaqədar
yaranmış problemləri və vəziyyətdən az itki ilə çıxmaq üçün zəruri
addımları qeyd etdi. Onların arasında islahatların
dərinləşdirilməsi, o cümlədən, ciddi struktur islahatlarının həyata
keçirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi,
bundan ötrü kənd təsərrüfatı, sənaye və xidmət sektoruna xarici
sərmayəni cəlb etmək sahəsində səylərin artırılması, biznes
mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlərin
görülməsi, sahibkarlara güzəştli kreditlərin verilməsinin təmini,
əmək haqqı və pensiyaların qaldırılması, vergi bazasının
genişləndirilməsi, gömrük sahəsinin rəsmiləşdirilməsi və bütün
idxal-ixrac əməliyyatlarında şəffaflığın təmin edilməsi, maliyyə
nəzarətinin gücləndirilməsi, ictimai nəzarət mexanizmlərinin işə
salınması kimi çox aktual məsələlər var. Bu baxımdan prezidentin
son müşavirədəki yekun sözü zamanı irəli sürdüyü tezislər hökumətə
anti-böhran proqramı hazırlayıb həyata keçirməkdən ötrü mühüm
istiqamət və zəngin materiallar verdi.
- Prezident vurğuladı ki, qeyri-neft sektorunun inkişafı
2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaq. Biznes
mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər
görülməli, dövlət qurumları - həm mərkəzi dövlət orqanları, həm
yerlərdəki icra orqanları iş adamları üçün bütün şərait
yaratmalıdırlar. Bunun üçün hansı mühüm addımlar
atılacaq?
- Azərbaycanda 2010-cu ildə neft hasilatı pik nöqtəyə çataraq
50,8 milyon ton təşkil edib. Amma sonrakı illərdə tədricən aşağı
düşərək 2015-ci ildə 41,6 milyon tona enib və ya 22 faiz təşkil
edib. Bununla yanaşı son illər dünya bazarında neftin qiyməti 3,8
dəfə aşağı düşüb. Nəticədə Azərbaycanın gəlirləri kəskin surətdə
azalıb. Azərbaycanda son illər qeyri-neft sektoru ildə 8-9 faiz
artımla yüksək dinamizm göstərir. Amma bu işə gec başlanıldığından,
hələlik qeyri-neft sektorundan gələn gəlirlər neftdən daxil olan
gəlirlərin azalmasını kompensasiya edə bilmir. Ona görə də
qeyri-neft sektorunun inkişafını sürətləndirmək, artımın
keyfiyyətini yüksəltmək və daha çox əlavə dəyər gətirə bilən
sahələrin inkişafına diqqəti artırmaq lazımdır. Bunun magistral
yolu iqtisadiyyatda köklü srtuktur islahatlarının həyata
keçirilməsindən keçir. Qeyri-neft sektoruna daxili və xarici
sərmayələrin cəlb edilməsinin təşviqləndirilməsi, biznes mühitinin
yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görülməli,
sahibkarlara güzəştli kreditlər verilməli, bank kreditlərinin
əhəmiyyətli hissəsinin qeyri-neft sektoruna yönəldilməsi, faiz
dərəcələrinin aşağı salınması işinin sürətləndirilməsi kimi
tədbirlər xüsusi əhəmiyyət kəsb edir.
- Hətta prezident çıxışında rayonlarda sənaye sahəsində
ciddi işlərin aparılması barədə də göstərişlər verdi. Qeyd edildi
ki, rayon əhalisi dotasiya ilə yaşamamalı və özlərini iqtisadi
cəhətdən təmin etməyi bacarmalıdırlar. Bununla bağlı fikirləriniz
maraqlı olardı.
- Təbii ki, regionlarda iqtisadi fəallığın artırılmasına imkan
verən addımlar atılmalıdır. Sahibkarlığın, xüsusən də kiçik və orta
sahibkarlığın qarşısında duran maneələr aradan qaldrılmalıdır.
Texnopark, sənaye klasterləri, bütün regionlarda sənaye zonalarının
yaradılması sürətləndirilməlidir. Yox, əgər bu problemin köklü
həllindən söhbət gedirsə, onda rayonların idarə edilməsi sistemi
köklü surətdə dəyişdirilməli, bir sıra yerli icra strukturlarının
yarıtmaz fəaliyyəti ucbatndan bölgələrdə olan-qalanın da talanması
üsullarından insanların, ölkə əhalisinin güzəranının
yaxşılaşdırılması üsullarının tətbiqinə keçilməlidir.
- Əli müəllim, ümumiyyətlə son müşavirədə bu il çox
ciddi islahatların olacağı vurğulandı. Bu, xüsusən hansı sahələri
əhatə edəcək? Vergi sahəsində dəyişikliklər
gözlənilirmi?
- Neftin qiymətinin aşağı düşməsi nəticəsində yaranan
vəziyyətdən az itki ilə çıxmaqdan ötrü hökumət müxtəlif addımlar
atacaq. Daha çox idarəetmə sahəsində struktur islahatlarına
üstünlük veriləcək. Dövlət qurumlarının bəziləri ləğv olacaq,
digərləri birləşdiriləcək, nazirliklərdəki bir-birini təkrarlayan
paralel alt qurumlar aradan qaldırılacaq. İşçilərin bir hissəsi
ixtisar olunacaq və s. Vergi sahəsinə gəldikdə isə burada həm
şəffaflığın artırılması, həm qiymət artımını səngitməkdən ötrü, həm
də bəzi əlavə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi
gözləniləndir.
- Bildiyiniz kimi, Rusiyada Azərbaycan məhsullarına indi
daha çox tələbat var. Eyni zamanda, Qazaxıstan, Yaxın Şərq ölkələri
də Azərbaycan üçün əlverişli bazarlardır. Qeyri-neft sektorunun
ixrac imkanlarının genişləndirilməsi hesabına aqrar sferada əsas
prioritetlər nədən ibarət olacaq?
- Dövlət aqrar sektorun inkişafına xeyli diqqət yetirir. Kənd
təsərrüfatı torpaq vergisi istisna olmaqla qalan bütün vergilərdən
azaddır. Aqrar sahədə, xüsusən taxılçılıqda subsidiya mexanizmi
tətbiq olunur. Gübrələr güzəştlə verilir. Son zamanlar texnikanın
da nisbətən güzəştlə verilməsi sahəsində addımlar atılmağa
başlayıb. Bünun nəticəsində əhalinin yerli mallarla təminatında
müəyyən müsbət nəticələr əldə olunub. Bütün bunlara baxmayaraq,
hələlik Azərbaycanın kənd təsərrüfatının göstəriciləri ölkəmizin bu
sahədəki real potensialı səviyyəsindən çox aşağıdır. Biz adambaşına
ildə təqribən 600 manatlıq, ayda 50 manatlıq, gündə 1 manat 70
qəpiklik kənd təsərrüfatı məhsulu istehsal edirik ki, bu da həmin
sahənin potensial imkanları fonunda çox acınacaqlı rəqəmlərdir. Ona
görə də torpaq islahatlarının yeni mərhələsi başlamalı, torpaqdan
istifadənin səmərəliliyinin artırılması istiqamətində təsirli
tədbirlər görülməli, kəndliyə normal fəaliyyət üçün əlçatan
faizlərlə güzəştli kreditlər verilməli və əlavə güzəştlər
edilməlidir. Kooperativ hərakat başlamalıdır. Bu, kənd təsərrüfatı
və onunla bağlı sahələrdə istehsalın genişlənməsinə, kəndlinin min
bir zəhmətlə istehsal etdiyi məhsulun vətəndaşların süfrəsinə
gedənə qədər olan yolda böyük itkilərin qarşısının alınmasında,
yerli məhsullar hesabına təlabatımızın daha çox hissəsini real
şəkildə ödəməyə, həm də ənənəvi xarici bazarlarla yanaşı, sizin
dediyiniz kimi, yeni bazarlara da xeyli əlavə kənd təsərrüfatı və
onun emalı nəticəsində yaranan məhsul çıxarmağa imkan verəcək. Bu
halda kənd əhalisi varlanacaq, əhalinin digər hissəsi isə normal
qiymətlərlə yerli məhsullar ala biləcəklər.