"Mavi quş"
(Tərcümə)
(Əsərin qəhrəmanları bütün dünyanı gəzərək
xoşbəxtlik axtarırlar, ancaq onu öz evlərində tapırlar –
tərcüməçidən.)
"Mavi quş" – özündə xəyallar fəlsəfəsini təcəssüm etdirən
əfsanə-nağıldır. Hətta, demək olar ki, bu ibrətamiz dramatik hekayə
- eyni zamanda, həm utopiya, həm də peyğəmbərlik - Dantenin "İlahi
komediya"sının rəmzi modeli və əks-sədasıdır. Çünki böyük
florensiyalı kimi Meterlink də öz qəhrəmanlarını həm Ölülər
Səltənətindən, həm Səadət Ölkəsindən (Cənnətin korrelyatı),
Keçmişdən, Bu gündən və Gələcəkdən keçirir. Bununla yanaşı,
canlandırlımış insanabənzər ünsürlərdə - Odda, Suda, İşıqda, Gecədə
(Qaranlıqda), Zamanda bütpərəstlik allahlarının arxaik cizgiləri,
heyvanlarda, bitkilərdə və əşyalarda isə Qədim totemlərin
xüsusiyyətləri əks olunur. Fantaziya ilə birləşərək dərinləşmiş
fəlsəfi düşüncə qeyri-adi ifadə tərzi və gözəllik effektinə
bürünüb.
Meterlinkin əsəri adamı başgicəlləndirincəyədək məftun edir.
Xüsusilə də tamaşa variantında. Doğrudur, keyfiyyətli ekranlaşdırma
nə kino, nə də animasiya formasında baş tutub. Yalnız MABT-ın
K.S.Stanislavskinin quruluşundakı məşhur tamaşası mükəmməl bir
səhnə variantı kimi yaddaşlarda qalıb. Əfsanənin başlanğıcı milad
nağıllarının ənənəvi qaydalarına əsasən inkişaf edir: ac uşaqlar –
oduncaq Tiltil və Mitil öz komalarının pənəcərəsindən dövlətli və
xoşbəxt həmyaşıdlarının necə şənləndiklərini müşahidə edirlər.
Möcüzə Pəri Berilyunanın (qonşu Barlenqo da o özüdür) gəlişi ilə
başlayır. O, xəstə nəvəsi üçün Mavi Xoşbəxtlik quşunu rica edir. Bu
quş nə olan şeydir və harada yaşayır – uşaqların, təbii ki, heç
təsəvvürləri də yoxdur. Onda uşaqları hamını və hər bir şeyi bütün
məkan və zamanlara aparmağa qadir sehrli almazla axtarışa
yollayırlar. Başqa aləmə etdikləri qeyri-adi səyahətdə onları
canlandırılmış əşyalar, heyvanlar və ünsürlər müşayiət
edəcəklər:
Tiltil almazı çevirən kimi bütün əşyalar qəfil və ecazkar
dəyişikliyə məruz qalır. Qoca cadugər birdən-birə gözəl əfsanəvi
şahzadəyə çevrilir. Komanın divarlarındakı daşlar sapfir kimi göy
işıq saçır, xəyali olur və əsl Qiymətli daşlar kimi parıldayır,
gözqamaşdırıcı şüalar saçaraq işıldayırdı. Daxmanın kasıb
müxəlləfatı canlanır və simasını dəyişir: sadə taxta stol özünü elə
vüqarla, elə ləyaqətlə aparır ki, sanki mərmərdəndir. Divar
saatlarının sferblatı (rəqəmli lövhəcikləri) gözlərini qıyır və
mehribanlıqla gülümsəyir; arxasında kəfkirlərin sola-sağa hərəkət
etdiyi qapıcıqlar açılır və oradan Saatların Ruhları sıçrayıb
çıxır, onlar füsunkar musiqinin sədaları altında rəqs etməyə
başlayırlar. Aydındır ki, Tiltil təəccüb içərisindədir, o,
qeyri-iradi səslər çıxarır. "..."
Əfsanə bununla bitmir. Bu vaxta qədər şkafın yanında yumaq kimi
qıvrılıb yatan it və pişik qəfildən oyanır: itin vəhşi ulartısı,
pişiyin miyoltusu eşidilir, sonra onlar çuxura düşürlər, onların
yerinə isə iki məxluq peyda olur - biri buldoq maskası, digəri isə
pişik maskası taxıb. Elə həmin an buldoq maskası geymiş adam –
bundan sonra onu Köpək adlandıracağıq – Tiltilin üzərinə atılır,
onu bağrına basır, coşqun və hay-küylü nəvazişlərə qərq edir. Pişik
maskası taxmış balaca qadın isə - biz onu sadəcə Pişik
adlandıracağıq – Mitilə yaxınlaşmazdan əvvəl əl-üzünü yuyur və
bığlarını sığallayır. Köpək mırıldayır, hoppanır, tullanır, özünü
çox pis aparırdı. "..."
Əfsanə isə öz qaydasında davam edir: mil bir küncdə inanılmaz
sürətlə fırlanır və işığın heyrətamiz şüalarından ip əyirir. O biri
küncdə krandan axan su incə səslə nəğmə oxumağa başlayır və
gözqamaşdıran fəvvarəyə çevrilərək su çanağını zümrüd və mirvari
seli ilə doldurur. Bu axınlardan saçları açılmış, sanki dalğavari
zolaqlı paltar geymiş ağlağan qız simasında Suyun Ruhu çıxır və
dərhal Odla döyüşə girir. "..." Südlə dolu bardaq stolun üstündən
döşəməyə düşüb sınır. Yerə dağılmış süddən ürkək və utancaq hündür
ağ bir fiqur yüksəlir. "..."
Şkafın yanındakı kəllə qənd böyüyür, genişlənir və bürüncəyini
partladır. Bürüncəkdən şirintəhər, süni, ağlı-göylü kətan parçadan
paltar geymiş məxluq çıxır. "..."
Çıraq stoldan düşür, bir anın içındəcə alovlanır və ətrafa nur
saçan heyrətamiz gözəlliyə malik bir qıza çevrilir. Qızın üzərində
uzun, şəffaf, gözqamaşdırıcı parlaqlığa malik örtük var. O, sanki
huşunu itirmiş kimi hərəkətsiz dayanır.
O – bundan belə, nağılın lap sonunadək Mavi Quşun axtarışında
əsas bələdçi və məsləhətçi olan İşığın Ruhudur. Canlandırılmış hər
bir məxluqun, əşya və ünsürün özünəməxsus təkrarolunmaz xarakteri
var: Süd daima turşumaqdan, Od - üstünə Su töküləcəyindən qorxur,
Çörək iddia ilə təkəbbürlənir, Şəkər, əksinə, həmişə hamını
qırılmış barmaqlarına – nabata qonaq edir. Köpək və Pişik – sonsuz
sədaqət və xəyanətin daşıyıcıları xüsusi təsir bağışlayırlar.
Sədaqətli Köpək və xəyanətkar Pişik arasındakı köhnə fitri ədavət
sayəsində güclənən ziddiyyət bütün nağıl boyu əhvalatları daha da
həyəcanlandırır.
Mavi quşa doğru aparan yol yaxın deyil, asan və yüngül də deyil.
Macəraçılara sanki onu görmək və hətta tutmaq da nəsib olur, ancaq
hər dəfəsində də quşun yalançı olduğu aşkarlanır. Buna görə də
pyesin qəhrəmanları özlərinin çətin axtarışlarında bir-birinin
ardınca bir neçə "səltənəti" – Xatirələr Ölkəsini, Gecə Sarayını,
Tilsimlənmiş Meşəni, Ölülər Ölkəsini, Səadət Bağçasını, Gələcək
Səltənətini rəf etməli olurlar. Uşaqlar və onların yol yoldaşları
ilk saxta göy quşlara – xoşbəxtlik bədəllərinə - onların
axtarışlarına məqsədli şəkildə mane olan Gecənin malikanələrində
rast gəlirlər. Və artıq burada Meterlinkin qəhrəmalarına ilk, lakin
sonuncu olmayan məyusluq üz verir. Çünki əsl Mavi Quş – təkcə
Xöşbəxtlik daşıyıcısı deyil. O, həm də Varlığın ən böyük Sirridir.
Onu dərk etmək isə insanlar üçün təhlükəlidir. Hər halda onlara
qarşı duran dünya buna yol verməmək üçün əlindən gələni edir. Buna
görə də nağıl-pyesdə Mavi Qus heç bir vəcdlə kimsənin əlinə keçmir
və daima üfüq xətti kimi nəzərlərdən itir. Uşaqlar bu əlçatmaz və
ümumiyyətlə, xəyali varlığı izləyərək öz dostlarının əhatəsində
getdikcə daha da uzaqlara gedirlər. Qəbiristanlıqda qəbirlərdən
qorxulu meyitlərlə birlikdə çiçəklərin peyda olmasını təsvir edən
səhnə sanki əfsunlayıcı təsir bağışlayır.
Və burada aralanmış qəbirlərin hamısından yavaş-yavaş gül
topaları qalxır; əvvəlcə, tutqun, lap tüstü burumları kimi əllə
tutula bilməyəcək bu çiçəklər tədricən məsum bəyazlıqla
dolğunlaşır, böyüyür, öz gözəlliyi, gurluğu və əsrarəngizliyi ilə
nəzərləri cəlb edir və nəhayətdə, bütün qəbiristanlığı bürüyərək
onu hansısa bir sehrli, gəlinlik paltarı kimi təmiz bir bağçaya
çevirir, bu zaman isə bağın üzərində şəfəq yüksəlir. Şeh işıldayır,
çiçəklər açılır, budaqlarda külək xışıldayır, arılar vızıldayır,
quşlar yuxudan oyanır, hər yanı Günəşin və Həyatın ilk coşqun himni
başına götürür. Sarsılmış və heyrətlənmiş Tiltil və Mitil əl-ələ
tutaraq çiçəklər arasında gəzişir və qəbirlərin izlərini tapa
bilmirlər.
Müəllifin uşaqların dili ilə dediyi sözlər də peyğəmbərcəsinə
səslənir:
"Bəs ölülər haradadır?" – "Ölülər yoxdur"
Meterlink öz qəhrəmanlarını Sevinc və Səadət Ölkəsinə gətirəndə
onun yaradıcı təxəyyülü ağlagəlməz yüksəkliyə ucalır. Orada kimə
rast gəlməzsən ki! Mənasız boş toxluğu həyatla canlandıran böyük,
ağır Qüvvətli Həzlər. Onların adları da özlərinə tam uyğundur:
Həzlər – Sahibkar Olmaq; Söndürülmüş Şöhrətpərəstlik; Artıq
Susuzluq Hiss Etmədiyin An İçmək; Artıq Aclıq Hiss Etmədiyin An
Yemək; Heç Nə Bilməmək; Heç Nə Anlamamaq; Heç Nə Etməmək; Lazım
Olduğundan Çox Yatmaq; İçdən Gülmək və s. Bunlara qarşı əsl, həqiqi
Səadət dayanır – Sağlam Olmaq; Nəfəs almaq; Valideynlərini, Mavi
Səmanı, Müqəddəs Meşəni, Günəşli Günləri, Batan Günəşi, Alovlanmış
Ulduzları, Qışdakı Ocağı, Məsum Düşüncələri Sevmək; Otların Üstü
İlə Ayaqyalın Qaçmaq.
Və nəhayət – Düşünmək; Anlamaq; Sevmək; Ədalətli Olmaq; Xeyirxah
Olmaq; Tamamlanmış İş; Gözəlliyi Seyr Etmək Sevinci.
Paltarı - hər biri günəş və ay şüaları ilə iplərə hopmuş baxış
və sığallardan, öpüşlərdən toxunmuş Ana Məhəbbətinin Böyük Sevinci
uşaqlara himayədarlıq edir, ancaq o, Mavi Quşu axtarmağa kömək
etmək iqtidarında deyil.
Tiltil və Mitil Qoca Zamanın vaxtaşırı qızılı yelkənləri olan
sehrli gəmilərlə intizarda olan valideynlərə göndərdiyi hələ
doğulmamış Lacivərd Uşaqların yaşadığı Gələcək Səltənətinin
yanından ötərək evlərinə qayıdırlar, həm də Mavi Quşu tapmadan
qayıdırlar. Evə girməzdən əvvəl onlar yeni dostları ilə həmişəlik
vidalaşırlar.
Mavi Quşun gerçək obrazı nağıl-pyesin son səhnəsində bir daha
zahir olur. Oduncaq uşaqlar oyanırlar və adama elə gəlir ki, sanki
onlar bu ecazkar səyahəti yuxuda görüblər. Ancaq uşaqlar özlərinin
diri qumru quşunu iflic olmuş qonşu qızına bağışlayırlar və uşaq
gözlənilmədən sağalır. Onun xoşbəxtliyi o qədər böyükdür ki!
Deməli, Mavi Quş hər-halda
mövcuddur. Onu axtarmaq lazımdır! Və tapmaq da olar! Çünki
xoşbəxtlik arzusunun
həddi-hüdudu yoxdur! Məhz buna
görə də Meterlinkin əfsanəsinin son sözləri birbaşa tamaşaçıya və
oxucuya ünvanlanmışdır: "Biz sizdən çox xahiş edirik: əgər
sizlərdən kimsə onu (Mavi Quşu) tapsa, qoy bizə gətirsin – o, bizə
gələcəkdə xoşbəxt olmaq üçün lazımdır..."
Bütün dünyada necədir, demək çətindir. Ancaq Rusiya xalqları
üçün Mavi Quş artıq çoxdan doğmadan da doğma olmuşdur. Moskvanın
üzərində Vorobyevıy (Sərçə) dağlarında (adı da elə quş adındandır)
metaldan hazırlanmış Quş Uşaq Musiqili Teatrın üstündə lacivərd
qanadlarını və liranı yüksəklərə qaldırmışdır. Əllə hazırlanmış
şəklində də o, əvvəlki kimi xoşbəxtlik axtaranların hamısını
səsləyir. Onlar isə həmişə və hər yerdə vardırlar... Nə qədər ki,
köksümüzdə insan ürəyi döyünür..!
Абрамов. Демин. 100 великих книг.
Москва, Вече, 1999. Стр. 345-349