Böyük Britaniya parlamentinin İcmalar Palatasında "Har
Hazeitim" adlı tarixi qəbiristanlıq və məkanın qorunması üzrə
komitənin təqdimat mərasimi keçirilib.
Axar.az xəbər verir ki, Şərqi Qüdsdə yerləşən ən qədim yəhudi
qəbiristanlığı hesab olunan "Har Hazeitim"in Mühafizəsi üzrə
Beynəlxalq Komitənin tərkibində təsis edilən bu qurumun təqdimat
mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
iştirak edib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə,
parlamentin üzvü Metyu Offord, Qüds şəhərinin merinin birinci
müavini Ravvi Yosef Doyç, Yuqoslaviya kral ailəsinin üzvü,
taxt-tacın varisinin həyat yoldaşı şahzadə Katerin, yəhudi
icmasının rəhbərləri, qeyri-hökumət təşkilatlarının və dini
tolerantlıq sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri
də tədbirə qatılıblar.
Tədbirdə Azərbaycanın dini tolerantlıq və dözümlülük sahəsində
əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib, xüsusilə
ölkəmizdə yəhudi icmasına göstərilən diqqət və qayğı
vurğulanıb.
Səfir T.Tağızadə Azərbaycanda mədəni müxtəlifliyin tarixi,
fərqli dini və etnik icmaların ahəngdar birgəyaşayışı haqqında
məlumat verib. O, Azərbaycanda yəhudi icmasının əsrlərdən bəri sülh
və əmin-amanlıq şəraitində yaşadığını diqqətə çatdırıb.
Azərbaycanın antisemitizmin heç bir təzahürünə rast gəlinməyən
nadir ölkələrdən olduğunu qeyd edən səfir multikultural yaşayış
tərzinin dövlət tərəfindən dəstəkləndiyini, Prezident İlham
Əliyevin 2016-cı ili "Multikulturalizm ili" elan etdiyini
vurğulayıb.
Diplomat tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın iştirak etdiyini söyləyib, Fondun istər ölkə daxilində,
istərsə də xaricdə həyata keçirdiyi layihələrdən bəhs edib. Səfir,
həmçinin Heydər Əliyev Fondunun multikulturalizm, mədəni irsin
mühafizəsi və dini dözümlülük sahəsində reallaşdırdığı layihələr
barədə məlumat verib.