Dmitri Merejkovski
Gələcəyin qanacaqsızı
1864-cü ildə "Sonlar və başlanğıclar" məqaləsində
Gertsen yazırdı: "Meşşanlıq qalib gələcək, qalib gəlməlidir də.
Bəli, əziz dost, rahatca, itaətkarcasına dərk etməliyik ki,
meşşanlıq — Qərb sivilizasiyasının yekun
biçimidir".
(Məqalə 1906-cı ildə yazılıb)
Gertsenin Avropanı sevməməsinə şübhə etmək çətindir. Axı
bu məhz o rus insanlarındandır ki, Dostoyevskinin ifadəsi ilə
desək, onların "iki vətəni var: bizim Rusiyamız və Avropa".
Rusiyanı, yoxsa Avropanı daha çox sevdiyini bəlkə o özü də
bilmirdi. O, dostu Bakunin kimi əmin idi ki, azadlığa çıxmaq
hansısa ayrıca bir xalqın işi deyil, bütün xalqların birgə işidir
və xalq öz milli fərqliliyindən imtina edib ümumbəşəri həyat
dairəsinə girdiyində yalnız tamamən azad olacaq.
Qoca Avropanın qaçılmaz ölümünü görürəm
Puşkindəki "ümumbəşərilik" estetik seyretmə, rus insanlarının ən
birincisi olan Gertsendə həyati fəaliyyətə, şücaətə çevrilir. O,
Rusiyaya sevgisini Avropa sevgisinə qurban vermişdi, özü də
mücərrəd yox — gerçəkdən. Avropa naminə əbədi sürgün oldu, onun
üçün yaşayır, onun naminə ölməyə də hazır idi. Parisdə 1848-ci ildə
inqlab zamanı bir fəhlə tərəfindən ona təklif edilən silahı
götürmədiyinə və barrikadalarda ölmədiyinə görə Gertsen məyusluq və
xəyalqırıqlığı yaşadığı dəqiqələrdə çox heyifsilənərmiş.
Belə bir insanın Avropaya şübhəsi ona həddindən artıq çox
inanmağından irəli gəlirdi yalnız. Onun "Qoca Avropanın qaçılmaz
ölümünü görürəm, olanların heç birinə də yazığım gəlmir", "əski
dünyanın qapısında "Katilina (Katilina — qədim Rim
imperiyasında tarixi şəxsiyyət, sui-qəsdçi.) yox — ölüm
dayanıbdır", alnında da Siseronun "vixerunt" (Vixerunt —
latıncada deyimdir: onlar həyatlarını yaşayıb bitirib, artıq
həyatda yoxdurlar (qədim Rim imperiyası hakimiyyəti bu söz ilə
xalqa dövlət düşmənlərinin edamı xəbərini verirdi.)
yazılıb", — ittihamını qəbul etməyə bilərik, — şəxsən mən onu qəbul
etmirəm, — lakin Gertsenin ağzından çıxan bu fikirlər
qorxuncdur.
Gertsen, meşşanlığın Avropada qaçılmaz qələbə çalacağına dair
düşüncələrinə təsdiq kimi Ceyms Stüart Miillə istinad edir. Miill
Avropa mədəniyyətinin ən alicənab nümayəndələrindən olan, bu
mədəniyyətin "comərd, quşqusuz cəngavəridir".
Gertsen deyir: "Meşşanlıq — hər şeyə yiyələnmiş, həmrəy olan
orta səviyyəli adamların istibdad kütləsidir (conglomerated
mediocrity). Bu kütlə savadsız deyil, lakin təhsilsizdir... Mill
ətrafında hər şeyin bayağılaşdığını, cılızlaşdığını görür; yapışıq
balıq kürüsünə bənzəyən, saysız-hesabsız meşşan cılızlığından
ibarət olan böyük kütlələrə ümidsizcə baxır... Beyinlərin,
enerjinin büzüşməsi, şəxsiyyət sürtülməsi, həyatın daima
cılızlaşması, ümumbəşəri maraqların daima həyatdan
kənarlaşdırılması, həyatın bütünlükdə ticarət ofisindən və meşşan
rifahından ibarət olmasına yönəlməsi haqda yazanda, o, heç də
şişirtmirdi. Mill birbaşa deyir ki, bu yolda İngiltərə Çinə
çevriləcəkdir. Biz buna elavə edək: təkcə İngiltərə yox".
Xalqları hansı qüvvə qaldıra bilər?
"Ola bilsin, hansısa bir böhran Çin mərəzindən xilas edəcək.
Lakin o hardan, necə gələcək? Bunu bilmirəm, heç Mill də
bilmir".
"Bədəni bərkidə bilən, ruhu əsib-coşan amansızlığa gətirib
çıxara bilən, ağrını, məhrumiyyətləri hiss etmədən qətiyyətli
addımla qətl kötüyünə baş qoya bilən, tonqala girə bilən o
ehriraslı inam, o atəşli ümid, o güclü fikir hardadır? Ətrafa
boylanın — xalqları hansı qüvvə qaldıra bilər?
Xristianlıq cırlaşıb, sakit və çınqıllı reformasiya limanında
tərpənməz dayanıb; inqilab da çırlaşıb, liberalizmin sakit və qumlu
limanında saya oturub... Belə güzəştə gedən kilsə ilə, belə
əhliləşdirilmiş inqilab ilə qərb dünyası çökməyə, tarazlanmağa
başlayıb".
"İnsan qələbəliyi və pətəklərinin nisbətən məmnunluğa və
tarazlığa çatdığı hər yerdə irəliləyiş nailiyyətləri, ətrafa Çinin
son sükutu çökənədək get-gedə yavaşıyıb bitir.
"Tarixdən təcrid olmuş Asiya xalqlarının" izi ilə bütün Avropa,
"sakit, soyuqqanlı addımlarla" firavan qarışqa yuvasının son
huzuruna, "meşşan kristallaşmasına" — çinliləşməyə doğru
addımlamaqdadır.
Gertsen Mill ilə razılaşır:
"Avropada insan şəxsiyyətinin yenidən doğulması və meşşanlığa
qalib gəlməyə güc verən hansısa gözlənilməz bir çevriliş olmasa, öz
alicənab xüsusiyyətlərinə və xristianlığına baxmayaraq, Avropa Çinə
çevriləcək".
Naməlum bir rusa, sanki bütün rus xalqına yazdığı məktubunu Gertsen
bu sözlərlə bitirir: "Düşün, düşün, onda tüklərin biz-biz
olacaq".
"Biz heç də həkim deyilik! Biz — ağrıyıq"
Nə Mill, nə də Gertsen bu mənəvi meşşanlığın son səbəbini
görürdü. Gertsen xəbərdarlıq edir: "Biz heç də həkim deyilik! Biz —
ağrıyıq". Gerçəkdən də, yalnız Mill üçün deyil, hardasa Gertsen
üçün də bütün bu peyğəmbəranə öngörülərdə, başlarına oyun açan
bütün bu peyğəmbərliklərdə heç bir nəticə, heç bir bilik yoxdur,
sadəcə, naməlum bir ağrı, naməlum bir dəhşətin qışqırtısı var.
İnsan öz üzünü görə bilmədiyi kimi, Gertsen və Mill də meşşanlığın
səbəblərini görə bilməzdilər. Onların əzab çəkdiyi və başqalarında
görüb qorxduqları şey, yalnız başqalarında deyil, onların özlərində
də, onların öz dinində, daha doğrusu — antidiini şüurlarının
keçilməz və hətta özlərinə görünməz olan öz hüdudlarında da
var.
Geniş anlamda pozitivizm
Bütün çağdaş Avropa mədəniyyətinin son hüdudu — pozitivizm, və
ya Gertsenin terminologiyası ilə — "elmi realizm", nəinki elmi, həm
də ümumi fəlsəfi, hətta dini düşüncənin metodudur. Elm və fəlsəfədə
yaranmış pozitivizm, elmi və fəlsəfi şüurdan çıxıb böyüyüb,
qeyri-şüuri dinə çevrilib, öncəki bütün dinləri ləğv edib onları
özüylə əvəz etməyə can atır. Geniş anlamda pozitivizm — duyğu
təcrübəsinə açıq, yeganə gerçək olan dünyanın təsdiqi və duyğuötəsi
aləmin inkarıdır; pozitivizm — dünyanın sonu və başlanğıcının
tanrıda olmasının inkarıdır, dünyanın sonsuz və əzəli davamının
hadisələrdəki təsdiqidir, insan üçün sonsuz, əzəli, keçilməz
hadisələr mühitinin, ortanın, adiliyin təsdiqidir, Çin səddi kimi
tamamilə möhkəm "yekdil adiliyin", conqlomerated mediocrity, Mill
və Gertsenin özlərinin də haqqında dedikləri, lakin dediklərinin
son metafiziki dərinliyini dərk etmədikləri o mütləq meşşanlığın
təsdiqidir.
Allahsız din
Avropada pozitivizm hələ düzəldilir — Çində isə o, artıq dindir.
Çinin ruhani təməli, Lao Tzı və Konfutsi təlimi — kamil
pozitivizmdir, allahsız dindir, Gertsenin Avropanın elmi realizmi
haqda ifadəsi ilə desək, "göysüz yer dinidir". Heç bir sirri
olmayan, "başqa dünyalara" heç bir dərinəgetmələrsiz və
canatmalarsız. Hər şey sadədir, hər şey yastıdır. Yenilməz sağlam
məna, yenilməz müsbətlik. Nə varsa — odur, başqa heç nə də yoxdur,
başqa heç nə də gərək deyil. Buradakı dünya — hər şeydir,
buradakından savayı başqa dünya yoxdur. Yer — hər şeydir, yerdən
başqa da heç nə yoxdur. Səma — nə başlanğıc, nə də sondur, yerin
əzəli və sonsuz davamıdır. Xristianlığın dediyi kimi, yer ilə göy
bir olmayacaq, onlar elə mahiyyətcə birdirlər. Yerin ən nəhəng
imperiyası elə Səma imperiyasıdır, yer göyüdür. Ortalıq səltənəti —
əbədi orta, əbədi adilik, mütləq meşşanlıq səltənətidir, Gertsenin
pozitivizmin ictimai idealını tərif etdiyi kimi, "tanrı səltənəti
yox, insan səltənəti"dir. Çinin əcdadlara, keçmişin qızıl dövrünə
sitayiş etməsi, Avropanın gələcəkdə, qızıl dövrdə, yeni nəsillərə
sitayişinə bərabərdir. Tərəqqi dini iddia edir ki, biz görməsək də,
gələcək nəsillərimiz yer üzündəki cənnəti, yer səmasını görəcəklər.
Əcdadlara sitayişdə də, gələcək nəsillərə sitayişdə də yeganə insan
sifəti, şəxsiyyət qurban gətirilir — simasızlığa, saysız-hesabsız
nəcabətə, xalqa, bəşəriyyətə, "minlərlə meşşan cılızlığından ibarət
yapışqan balıq kürüsünə", gələcəyin kainat miqyaslı qarışqa
yuvasına. Tanrıdan, mütləq İlahi şəxsiyyətdən imtina etdiyində,
insan, qaçılmaz olaraq öz insani şəxsiyyətindən imtina edir. Nisbi
toxluğun mərcimək şorbasından ötrü öz ilahi aclığından və ilahi
xislətindən imtina edən insan, qaçılmaz olaraq mütləq meşşanlığa
yuvarlanır.
Çinlilər — kamil sarı üzlü pozitivistlər
Çinlilər — kamil sarı üzlü pozitivistlərdir; avropalılar — hələ
ki, qeyri-kamil ağ üzlü çinlilərdir. Bu anlamda amerikalılar
avropalılardan kamildir. Burda Uzaq Qərb Uzaq Şərq ilə üst-üstə
düşür.
Başlamaqda olan, lakin çox guman ki, bizim gözlərimiz önündə
bitməyəcək Çinin Avropa ilə bu toqquşması, Gertsen və Mill üçün
xüsusi, vahiməli məna daşıya bilərdi. Çin pozitiv seyretməni
mükəmməl səviyyəyə çatdırıb, lakin pozitiv hərəkət, müsbət biliyin
tətbiqi texniki tərəfləri bütünlükdə Çində çatışmırdı. Şərqin hərbi
avanqardı olmaqla yanaşı mədəni avanqardı da olan Yaponiya,
sivilizasiyanın bu texniki tərəfini avropalılardan alan kimi onlar
üçün yenilməz oldu. Avropa, bərbad Çin savaş toplarına qarşı öz
yaxşı toplarını çıxaranadək qalib gəlirdi, bu qələbə də
mədəniyyətin barbarlıq üzərində qələbəsi kimi görünürdü. Lakin
toplar eyniləşdiyində mədəniyyətlər də eyniləşdi. Məlum oldu ki,
barbarlar üzərində öz mədəni üstünlüyünü göstərmək üçün toplarından
başqa Avropanın heç nəyi yox imiş. Xristianlıq? Lakin "xristianlıq
dayazlaşıb"; daxili Avropa siyasətinin istifadəsi üçün
xristianlığın hələ ki, kifayət qədər, şübhəli görünən mənası
vardır; lakin Avropanın xaricinə köçən müasir xristianlıq, öz
kredit biletlərini təmiz qızıla dəyişməli olanda, onların əvəzinə
heçkəs heç nə vermir. Avropanın özündə ən utanmaz adamlar da
xristianlıq haqda, müharibə kimi ciddi şeylərdən danışmağa
utanırlar. Bir zamanlar böyük güc qaynağı olan xristianlıq, indi
nəhəng taqətsizliyə, bütün Qərbi Avropa mədəniyyətinin özünə qəsd
edən ardıcıllıqsızlıq, təzadlılıq qaynağına çevrilib. Xristianlıq —
arian qanındakı bu əski semit mayası məhz Avropanın son
"kristallaşmasına", çinliləşməsinə imkan vermir. Deyəsən, ağ irqin
pozitivizmi əbədi olaraq "metafiziki və teoloji dövr ilə"
"ləkələnib".
Ümumilikdə sarı irqin, xüsusilə də yaponiyalıların pozitivizmi —
sarı monqol toyuğunun ağ arian xoruzundan mayalanıb indicə
yumurtaladığı təzə yumurtadır, heç nə ilə korlanmayıb: ikinci,
üçüncü minilliklərdə necə idisə, eləcə də qalıb, həmişəlik də
beləcə qalacaq. Avropa pozitivizmi hələ ki, çox əqlidir, yəni
səthidir, belə deyək: dəri üstündədir; sarı adamlar — sümüklərinin
iliyinə kimi pozitivistdirlər. Əsrlərin mədəni irsi olan Çin
metafizikası, teologiyası bu təbii fizioloji bəxşişi zəiflətmir,
əksinə, gücləndirir.
Çin Avropaya qalib gələcək
Kim öz fiziologiyasına sadiqdir — o da ardıcıldır, kim
ardıcıldır — o da güclüdür, kim güclüdürsə — o da qalib gəlir.
Yaponiya Rusiyaya qalib gəldi. Avropanın özündə böyük ruhani
çevriliş baş verməsə, öz mədəniyyətinin son metafiziki təməllərini
alt-üst etməsə və pozitiv Şərqin toplarına qarşı yalnız pozitiv
Qərbin toplarını deyil, nəsə daha real, daha gerçək olan bir şey
qoymasa, Çin Avropaya qalib gələcək.
Bax, əsas "sarı təhlükə" çöldə deyil, daxildədir; təhlükə, Çinin
Avropaya gəlməsində deyil, Avropanın Çinə gəlməsindədir.
Sifətlərimiz hələ ki, ağdır; amma ağ dəri altında əvvəlki qatı,
al-qırmızı, arian qanı axmır artıq; çox sulu, qanlı monqol irininə
bənzəyən "sarı" qan axır daha; gözlərimizin kəsiyi düzdür, lakin
baxışımız çəpləşməyə, daralmağa başlayır. Avropa gününün düz ağ
işığı Çinin batan və ya Yaponiyanın doğan günəşinin çəp "sarı"
işığına çevrilir. Hal-hazırda yaponiyalılar avropalıların paltar
geyindirdikləri meymunları xatırladır; kim bilir, bəlkə vaxt
gələcək, avropalılar və hətta amerikalılar yaponiyalıların və
çinlilərin paltar geyindirilmiş meymunlarına bənzəyəcəklər – yeni
dünyanın sahibləri, pozitivist donuna girmiş əski dünyanın
düzəlməyən idealistləri, romantikləri. Sarı irqlə ağ irq arasındakı
savaş bəlkə də sadəcə bir anlaşılmazlıqdır: özləri özününküləri
tanımayıb. Tanıyanda, savaş barışla bitəcək, bu da artıq "bütün
dünyanın barışı", sonuncu sükut və səma rahatlığı olacaq. Səma
imperiyası. Bütün dünyada Şərqdən Qərbədək ortabablıq səltənəti, ən
sonuncu "kristallaşma", ümumbəşəri arı pətəyi və qarışqa yuvası,
büsbütün, yer kürəsini hər yandan bürüyən meşşanlığın "yapışqan
balıq kürüsü", hətta meşşanlıq yox, qanacaqsızlıq, çünki öz
hüdudlarına çatmış və kürsüsünə əyləşmiş meşşanlıq —
qanacaqsızlıqdır, gədalıqdır.
Bu fikirləri bir zaman Gertsenin dediyi sözlər ilə bitirə
bilərik:
"Düşün, düşün, onda tüklərin biz-biz
olacaq"
Avropanın Çindən xilas olmasına dair iki ümidi var idi.
Birincisi, daha zəifi — sosial çevrilişə ümid. Gertsen dilemmanı
belə qoyurdu:
"Xalq sınarsa — yeni Çin qaçılmazdır. Xalq sındırarsa — sosial
çevriliş qaçılmazdır".
Sual yaranır: sosial zülmü sındırmış xalq, meşşan kültürünün
daxili ruhani başlanğıcını nə ilə və nə naminə sındıracaq? Hansı
yeni inamla, hansı əsillik qaynağıyla? Hansı insan şəxsiyyətinin
vulkanik partlayışı ilə qarışqa yuvasına qarşı savaşacaq?
Tanrı Tanrıya deyil, güc gücə qarşı
Gertsen özü təsdiq edir:
"Çoxluğun arxasında, indi hakim olan (yəni kapitalist
meşşanlığının çoxluğu arxasında) daha çox namizəd çoxluğu durub
(yəni proletariat çoxluğu). Onlar üçün meşşanlıq adətləri,
anlayışları, həyat tərzi — canatma üçün yeganə məqsəddir; bu
məqsədlər on dəyişikliyə yetər. Torpaqsız dünyanın, şəhər
proletariatı dünyasının xilas üçün başqa yolu yoxdur, ona görə də
bizim gözümüzdə geridəqalmışlıq olan meşşanlıq, tarla əhalisi və
proletariat üçün savadlılıq və tərəqqi yoludur, büsbütün də bu
yolla gedəcək".
Lakin xalq "büsbütün meşşanlıqla gedəcək"sə, onda sual yaranır
ki, bu xalq hara gedib çıxacaq? Yoxsa indiki qeyri-kamil
meşşanlıqdan kamil gələcəyə: uğursuz kapitalist qarışqa yuvasından
— uğurlu sosialist qarışqa yuvasına, Avropanın qara dəmir əsrindən
— Çinin "sarı" qızıl əsri və əbədiyyətinə? Ac proletarla tox
meşşanın fərqli iqtisadi çıxarları var, lakin metafizikası və dini
eynidir — ortabab sağlam məna metafizikası, ortabab meşşan toxluğu
dini. Dördüncü təbəqənin üçüncü təbəqə ilə iqtisadi olaraq gerçək
savaşı, metafiziki və dini olaraq sarı irqin ağ irqlə savaşı kimi
qeyri-realdır; orda da, burda da Tanrı Tanrıya deyil, güc gücə
qarşıdır. Hər iki durumda eyni anlaşılmazlıq var: zahiri, müvəqqəti
savaş arxasında daxili əbədi barış.
Beləliklə, meşşanlığa xalq nə ilə qalib gələcək sualına
Gertsenin heç bir cavabı yoxdur. Düzdür, o, cavabı öz anarxist
dostu Bakunindən götürə bilər, sosializmdən anarxizmə keçə bilərdi.
Sosializmin istəyi — bir ictimai quruluşu başqasıyla, azlığın
hakimiyyətini çoxluğun hakimiyyəti ilə əvəzləməkdir; anarxizm hər
cür ictimai quruluşu, hər bir zahiri hakimiyyəti bütün
başlanğıcların başlanğıcı və bütün sonluqların sonu olan mütləq
azadlıq, mütləq şəxsiyyət naminə inkar edir. Sosializm üçün
məğlubedilməz olan meşşanlıq, anarxizm üçün qələbə çalmış görünür
(düzdür, bir vaxta qədər, nə Gertsenin, nə də Bakuninin
gözləmədikləri daha yeni, daha kəskin nəticələrə qədər).
Sosializmin bir din kimi gücü və zəifliyi ondadır ki, o, gələcək
sosial yaradıcılığı öncədən müəyyən edir, bununla da qeyri-ixtiyari
olaraq əbədi ortabablıq ruhunu, meşşanlığı, sosializmin özünün
qurduğu, din əvəzi olan pozitivizmin qaçılmaz metafiziki
nəticələrini öz içinə alır. Anarxizmin gücü və zəifliyi ondadır ki,
o heç bir sosial yaradıcılığı öncədən müəyyən etmir, gələcək naminə
keçmişin qarşısında öz əl-ayağını heç bir məhsuliyyətə bağlamır və
meşşanlığın tarixi dayazlığından üzüb, kəşf edilməmiş tarixi
dərinliklərin açıq dənizinə çıxır...
Mənbə: Дмитрий Сергеевич Мережковский, "Грядущий
хам"
İxtisarla çevirdi:
İlahə Ucaruh