Son vaxtlar AMEA Nəsimi adına Dilçilik İnstitutu,
xüsusən də institut tərəfindən hazırlanan lüğətlər kütləvi
informasiya vasitələrində müzakirə mövzusudur. İnstitut tərəfindən
hazırlanan lüğətlərin mənasız sözlərlə doldurulduğunu deyən də var,
həmin lüğətlərə alternativ hazırlamaq istəyən də. Bu lüğətlərin
hazırlanmasında ən çox rolu olan Dilçilik İnstitutunun Lüğətçilik
şöbəsinin müdiri İsmayıl Məmmədli isə bu yaxınlarda 70 yaşını
tamamlayacaq.
Axar.az görkəmli alim və pedaqoqun Publika.az-a müsahibəsini təqdim edir:
İsmayıl Məmmədli: 1967-ci ildə Azərbaycan Pedaqoji Dillər
İnstitutunu bitirib. 1970-1973-cü illərdə AMEA-nın Nəsimi adına
Dilçilik İnstitutunun aspiranturasında əyani təhsilini davam
etdirib. İnstitutun direktoru Məmmədağa Şirəliyevin rəhbərliyi ilə
"Kommunist qəzetinin leksikası" adlı namizədlik dissertasiyası
müdafiə edib. 1993-cü ildə "Azərbaycan dilinin etnolinqvistikası"
mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya
elmləri doktoru alimlik dərəcəsi alıb. Mətbuat, televiziya ilə
bağlı "Ekran-efir dilimiz" adlı kitabını çap etdirib. Alimin
sözlərinə görə, bu televiziya dilindən yazılmış ilk kitab olub.
20-dən artıq fəlsəfə doktoru, 2 elmlər doktoru yetirib, Slavyan,
Dillər Universitetlərində yetirmələri işləyir. 13 kitabın müəllifi
olub. Sonuncu - 2013-cü ildə çap olunmuş "Orfoqrafiya" lüğətinin
redaktorudur. 1979-cu ildən Dilçilik İnstitutunda Lüğətçilik və
terminologiya şöbəsində fəaliyyətə başlayıb, 1989-cu ildən şöbə
müdiridir.
- 30 ilə yaxındır ki, şöbə müdirisiniz. Şöbənin bugünkü
vəziyyəti, gördüyü işlər sizi qane edir?
- Əlimizdən gələni edirik. Bizim yaşlı lüğətçilərin əksəriyyəti
- Akademiyanın müxbir üzvü Əliheydər Orucov, Bəhruz Abdullayev,
Nərgiz Rəhimzadə kimi köhnə nəsildən olan şəxslərin əksəriyyəti
rəhmətə gedib. İndi yaşlı nəsildən Nigar Ağayeva var. O, 70
yaşındadır, ondan sonra da mənəm. Yetirmələrim də var - Nəriman
Seyidəliyev frazeologiya və sinonimlər lüğətini hazırlayıb.
"Azərbaycan dilinin məcazlar lüğəti", "Səməd Vurğunun bədii dilinin
izahlı lüğəti" çap olunub, "Cəfər Cabbarlının bədii dilinin izahlı
lüğəti" hazırdır, maliyyə probleminə görə çap edə bilmirik. "Yeni
sözlər lüğəti" hazırlayırıq və yaxın zamanda çap olunacaq. Burada
son illər yaranan 2 mindən çox söz izahı ilə birlikdə veriləcək.
Bununla yanaşı, "Azərbaycan dilinin izahlı lüğəti"
təkmilləşdirilir. Bu dəfə cildlərin sayı artacaq, təxminən 7 cildə
çatacağını düşünürük. Düzdür, lüğət pambıq planı deyil ki, dəqiq
neçə cild olacağını deyək. Sadəcə yeni yaranan sözlər əlavə
ediləcək. "Orfoqrafiya lüğəti" də yenidən hazırlanır. Oraya yaddan
çıxan sözlər əlavə ediləcək, mübahisələrə səbəb olan sözlərin doğru
variantı yazılacaq.
- Son vaxtlar lüğətlərlə bağlı iradlar çox
olur.
- Hesab edirəm ki, bu müzakirələrin çox olması lüğətlərin
funksiyası ilə bağlı məlumatın az olmasından irəli gəlir. Hələ də
bilmirlər ki, "Orfoqrafiya lüğəti", ya da "İzahlı lüğət"in vəzifəsi
nədir. Elə düşünürlər ki, "Orfoqrafiya lüğəti" ümumişlək sözlər
lüğətidir. Lüğətin kimə ünvanlandığını bilməliyik. "Azərbaycan
dilinin orfoqrafiya lüğəti"ndə xalqın min illərdən bəri istifadə
etdiyi sözlər olmalıdır. Hətta "Kitabi-Dədə Qorqud"da istifadə
edilən sözlər belə burada verilməlidir. Bəziləri deyir ki, dialekt,
köhnəlmiş sözlər bu lüğətdə yer almamalıdır. Lakin bu, düzgün
yanaşma deyil. Biz həmin sözləri ona görə əlavə edirik ki, onlar
itib-batmasın. Dialekt, şivə nümayəndəsi olan yaşlı nəsil dünyasını
dəyişəndən sonra o sözləri haradan toplayacağıq? Ona görə də həmin
sözlərin hamısını qeydə almalıyıq.
- Olmazmı ki, həmin dialektlər, arxaik sözlər ayrı
lüğətdə verilsin?
- Əvvəl dialekt lüğəti yox idi. Bu lüğət ilk dəfə 1999-cu ildə
Ankarada iki cilddə hazırlandı. 2006-cı illərdə Azərbaycanda da
dialektoloji lüğət çap olundu. Ötən əsrin 30-cu illərində "Xalq
şivələri lüğəti" cəmi iki hərf çap olunmuşdu. "Azərbaycan dilinin
tarixi lüğəti" hələ də yoxdur. Bəziləri tarixi, arxaik ifadələrin
"Orfoqrafiya lüğəti"ndə verilməsinə qarşı çıxır. Bəs o sözləri
harada verək? Hələ ki, tarixi sözlər lüğəti yoxdur, həmin sözlər bu
lüğətdə saxlanmalı, yaşamalıdır. Yeni "Orfoqrafiya lüğəti"
hazırlayanda dialekt sözlərin bəziləri çıxarıla bilər. Lakin
tamamilə bütün dialektləri ixtisar edə bilmərik. Çünki bəzi sözlər
var ki, onlar artıq ümumişləklik qazanıb, xalq dilinə uyğunlaşıb.
Məsələn, baramaçılıq, dabbaqlıq, dulusçuluq etnoqrafiyada bir
sahədir, lakin bunlar hamısı "Orfoqrafiya lüğəti"ndə olmalıdır. Çox
adam kümdar, kümçü sözünün mənasını bilmir. Bunlar baramaçılıqla
bağlıdır. Amma bu o demək deyil ki, həmin sözləri lüğətə
salmamalıyıq. Lüğət çox qəliz məsələdir, bununla mütəxəssis məşğul
olmalıdır. Yoxsa hansısa söz bura nə üçün salınıb deməklə iş
bitmir.
- Amma sizi tənqid edənlər sıravi insanlar deyil. Onlar
arasında dilçiliklə məşğul olanlar, ədəbiyyat adamları,
jurnalistlər var. Bu yaxınlarda Tərcümə Mərkəzinin direktoru,
yazıçı-dramaturq Afaq Məsud lüğətlərlə bağlı iradını bildirmişdi.
Yəni bu qədər tənqid edənlərin heç biri lüğət işini
bilmir?
- Demirəm ki, bilmir. Sadəcə bəziləri lüğətin funksiyasından
xəbərsizdir. Dildə, yazıda olan bütün sözlər "Orfoqrafiya
lüğəti"ndə olmalıdır. Qəzet, media verirsə, televiziya, kinoda bu
sözləri eşidiriksə, onları lüğətdə verməmək bizim günahımız olar.
1960-cı illərdə "həndbol" sözü, "qandbol" kimi yazılırdı, illər
sonra o formalaşdı, normaya uyğunlaşdı. Yəni lüğətdə sözlər
tədricən, zamanla formalaşır. Hər adam lüğətçi ola bilməz. Afaq
xanım müsahibəsində lüğətdə "dartma yaxam cırıldı" birləşməsinin
olduğunu demişdi. Amma mən lüğətə baxmışam, dediyi ifadə orada
yoxdur. O, bəzi ifadələri bizə irad tutur, lakin həmin sözlər
yazıçıların əsərlərində var. Bəlkə də geniş yayılmayıb, amma o söz
olmasa, lüğətə salınmaz ki! Biz də kitablardan bəhrələnirik.
- Bəs siz özünüz bu lüğətlərdə heç qüsur
görmürsünüz?
- Lüğət zamandan geri qalır. Bəzən biz lüğəti hazırlayıb çapa
verəndən bir müddət sonra yeni sözlər yaranır. Bu zaman yeni
sözləri lüğətə salmamağımız bizə irad tutulur. Lüğət hazırlamaq
paltar almaq deyil. Gərək sözləri toplayasan, yazasan, mənasını
açasan ki, lüğətə salınsın. Bundan başqa, hər hansı söz diqqətdən
qaça bilər. Bizə irad tuturlar ki, "Orfoqrafiya lüğəti"nin 2013
nəşrində "kompüter" sözü iki variantda verilib. Bu yanlış fikirdir.
Lüğətdə söz yalnız bir – "kompüter" formasında verilib. Bu zaman da
həmin söz Nazirlər Kabineti ilə razılaşdırılıb. Onun kimi "şeir",
"feil" sözləri də razılaşdırılaraq verilib. Dil inkişaf edir,
yaddan çıxan da ola bilər. Bəzən korrektorun səhvinə görə sözlər
yanlış verilə bilir. 2004-cü ildə biz "tabaşir" yazmışdıq, 2013-cü
ildə bu, "təbaşir" yazılıb. Korrektor özü bunu icad edib, sözü bu
formada verib. Halbuki, ərəb dilində də söz "tabaşir"
formasındadır. Və ya, söz "nəqərat" olmalıdır, amma lüğətdə
"nəqarət" formasında verilib. Bu sözlər mən oxuyandan sonra
korrektor tərəfindən dəyişdirilib. Bir kitabı neçə dəfə oxumalıyam?
Mən səhifəyə qol çəkəndən sonra bir hərfi belə dəyişməyə
ixtiyarları yoxdur.
- Bu, nəşriyyatda dəyişilib?
- Ola bilər korrektor edib, ya da tərtibçi dəyişib. 110 560
sözün içərisində redaktorun nəzərindən qaçan məqamların olması
normaldır. Ağamusa Axundovun "İzahlı lüğəti"ndə "müdrik",
"müdriklik" kimi 8 söz yaddan çıxmışdı, 1975-ci ildə Əliheydər
Orucovun hazırladığı lüğətdə "stəkan" sözü verilməmişdi. Bu,
bilməzlik deyil, sadəcə diqqətsizlikdən irəli gəlir.
- 2013-cü ildə sizin hazırladığınız lüğətdə belə
unudulmuş sözlər varmı?
- Ola bilər. Amma çalışırıq ki, hər dəfə səhvlər bir qədər
azalsın. 1975-cü il lüğətində "yorğun" və "yorluq" ikisi də
verilmişdi. "Yorğun"u saxlamışıq, "yorluğ"u çıxartmışıq. Çünki eyni
mənanı ifadə etsələr də, "yorluq" məhəllidir.
- Bayaq nəşriyyatın səhv etməsi məsələsinə toxundunuz.
İnstitutun direktoru Möhsüm Nağısoylu da lüğətin "Şərq-Qərb"
nəşriyyatı ilə birgə hazırlandığını demişdi. Dolayısı ilə səhvlərdə
onların da rolu olduğunu vurğulamışdı. Amma nəşriyyat bu iradı
qəbul etmədi.
- Nəşriyyatda korrektorlar səhv edə bilərlər. Səhvsiz iş olmur.
Adi yazı yazanda da səhvlər ola bilər. Amma hər kəs bir-birinin
üzərinə atır. Bu, doğru deyil. Səhvi kiminsə üzərinə atmaq yox,
onları düzəltmək lazımdır. Tərcümə Mərkəzindən 700 yeni söz
tapdıqlarını demişdilər. Lap yaxşı, həmin sözləri versinlər, biz də
lüğətə əlavə edək. Təhsil Nazirliyindən bizə yeni sözlər təqdim
etmişdilər, onlar lüğətə əlavə olundu. Bizim gözümüzdən qaçıbsa,
lazımlı sözdürsə, onu bizə verdiklərinə görə ancaq "sağ ol" deyə
bilərik. Açıq deyim bu qədər ali məktəb, televiziya, nəşriyyatlar
var, ancaq bir nəfər gəlib 100-200 yeni söz təqdim etməyib ki,
İsmayıl müəllim, bu sözü tapmışıq, lüğətə əlavə edin. Lakin ümumi
danışırlar ki, lüğətdə 40 min qondarma söz var. İnsaf da yaxşı
şeydir, o qədər qondarma söz ola bilməz axı. "İzahlı lüğət"in "ab"
sözü ilə başlamasını irad tuturlar. Özüm baxmışam, Türkiyədə də
lüğət "ab" sözü ilə başlayır. Bu, o deməkdir ki, onların da lüğəti
qondarmadır? Dilimizdə "ab", "abad" kimi sözlər var. "İzahlı
lüğət"də bütün sözlərin izahı olmalıdır. Bu lüğət müasir dövrü əks
etdirmir. Məsələn, "gümrah" sözü bir vaxtlar yolunu azmaq mənasında
işlənib, bu gün isə leksik mənasını dəyişib. Bu gün "alçaq" pis
mənada işlənir. "Dədə Qorqud"da bu "Alçaq yerdə yapılıbdır, Tanrı
evi" - yəni hündür yer mənasını verir. Yaxud, "filankəs özünü elə
aparır ki, alçaq dağları bu yaradıb" məsəlində "alçaq" hündür
mənasında işlənib. İllər ərzində sözlərin mənası çox dəyişir.
Lüğətdə isə bunların hamısı olmalıdır.
- Yeni sözlərin təklif edilmədiyindən şikayətlənirsiniz.
Bu yaxınlarda "ipəzor", "geyçim" kimi sözlər təklif edilmişdi. Amma
Dilçilik İnstitutu tərəfindən onlara münasibət birmənalı
olmadı.
- Şəxsən mən özüm də o sözləri qəbul etmədim. Onlar məişətdə
istifadə olunan sözlərdir. Gərək sözü dilçilər müəyyən etsin, çünki
lüğəti onlar yaradır. Sözləri quraşdırıb yazmaq olmaz axı.
"Ofisiant" sözünün qarşılığı kimi süfrəçi təklif edilmişdi.
Dilimizdə "xörəkpaylayan" sözü olduğu halda, nə üçün "süfrəçi"
işlətməliyik? "Xörəkpaylayan" pisdir?
- Pis deyil, amma bir sözlə ifadə olunsa, daha yaxşı
olmazmı?
- Mümkün olduğu halda ifadə edə bilərik. Olmursa, yalandan söz
yaratmağın mənası yoxdur. Stüardessa - təyyarə bələdçisi, aeroport
- əvəzinə təyyarə meydanı istifadə etmək daha yaxşıdır. Başqa dildə
bir sözlə ifadə olunması qarşılığının da elə olması mütləq deyil.
"Alpinizm" əvəzinə "dağçılıq" sözü istifadə edilir. Bu, çox yaxşı
haldır. "Sərnişin" əvəzinə "yolçu" sözü daha yaxşıdır. Qərbi
Azərbaycanda biz bir vaxtlar "kəndi" (özü), "qutlu" (mübarək) sözü
işlədirdik. İndi də o sözləri geri qaytara bilərik.