Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov
Akademik Milli Dram Teatrında qalmaqal yaradıb.
"Axar.az" "AzNews.az"a istinadən məlumat verir ki, teatrın
səhnəsində oynanılan "Qatil" tamaşasındakı yataq səhnələrini Alim
Qasımovu əsəbiləşdirib və o, tamaşanı yarımçıq tərk edib. Məlumata
görə, xalq artisti əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyovun
dəvəti ilə bu tamaşaya baxmağa gəlibmiş. Elə buna görə də etirazını
ucadan, yüksək tonla Ə.Mahmudbəyova bildirib: "Ədə Əbdül, məni hara
gətitmisən? Bu nə biabırçılıqdır? Gəzmədiyim ölkə qalmayıb, amma
mən dünyanın heç bir ölkəsində belə bir biabırçılıq
görməmişəm..."
Onun "Qatil"ə olan etirazlı çıxışını aktyorlar, rejissorlar, hətta
teatrın direktoru bilsə də, əhəmiyyət verən olmayıb.
Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyovun açıqlamasında
məlumatı təsdiqləyib: "Bizi o tamaşaya Mehriban Ələkbərzada və baş
rolun ifaçısı Münəvvər Əliyeva dəvət etmişdi. Biz müasir ola,
avropalaşa bilərik, amma müqəddəs şeyləri qorumalıyıq. Bizi yaşadan
dəyərlər - namus, qeyrət ölçüsüdür. "Azdrama"da bir dənə də olsa
ekspert, teatr tarixinə toxunulası heç nə eləmirlər. Akademik
Teatrda elə eybəcər səhnəni elə eybəcər şəkldə təqdim etmək
açıq-aydın əxlaqa, dəyərlərə ziddir. Tamaşada seks səhnələrini
təqdim etmək milli qəhrəmanların həyatını təqdim etməkdən qat-qat
çətin və məsuliyətlidir. Bu səhnələr elə dəqiqliyi ilə işlənməlidir
ki, insanlarda nifrət hissi yaratmasın. Yoxsa, müasir düşünürəm, nə
bilim Avropaya baxış yolverilməzdir. Mən buradan Mədəniyyət və
Turizm nazirinə, teatrın direktoru İsrafil müəllimə də səslənirəm.
Belə əttökən seks səhnələri eləmək düzgün deyil. Biz bu
biabırçılığa dözə bilməyib tamaşanı tərk etdik. Bizdən savayı
hansısa institutun 60-dan yuxarı tələbəsi vardı. Onlar da Alim
müəllimin səsini eşidib, narazı halda zalı tərk etdilər. Sonra
Mehriban xanımla qarşılaşdıq. O, mənə dedi ki, tamaşadan narazı
halda getməyinizdən xəbərim var. Təbii ki, mən ona cavab vermədim.
Anlaya bilmirəm, bunlar avropalılardan da o tərəfə keçmək istəyir?
Bəlkə daha da çılpaq olmaq istəyirlər?"
Qeyd edək ki, tamaşanın ssenari müəllifi yazıçı-dramaturq Elçin,
rejissoru isə Mehriban Ələkbərzadədir.