"Biz də bilirdik sevgiliyə qərənfil almağı... Lakin ac
idik deyə, yedik qərənfil parasını".
Bu gün bu məşhur sözlərin müəllifi, zaza və kürd əsilli türk
aktyor, rejissor, ssenarist və yazar, Türkiyənin "çirkin kral"ı
Yılmaz Güneyin doğum günüdür.
Əsl adı Yılmaz Pütün olan Yılmaz Güney 1937-ci ildə torpağı
olmayan bir kəndli ailəsinin iki övladından biri kimi dünyaya
gəlib. Universitet təhsili almaq üçün İstanbula gedərək orada Atıf
Yılmazla (rejissor) tanış olub. Daha sonra Atıf Yılmazın dəstəyilə
film sektorunda işləməyə başlayıb.
Yılmaz Güney 1959-cu ildə Atıf Yılmazın rejissorluq etdiyi "Bu
vətənin çocuqları" və "Alageyik" (Nəcib maral) filmlərinin həm
ssenari müəllifliyini edib, həm də o filmlərdə aktyor kimi rol
alıb.
"Yeni üfüqlər" və "On üç" kimi jurnallara da hekayələr yazan
Yılmaz Güney bir hekayəsində kommunizm təbliğatı apardığına görə
1961-ci ildə bir il yarım həbs cəzasına məhkum edilir. İki il sonra
filmə qaldığı yerdən davam etməyə başlayır. Güney filmlərində
əzilən, alçaldılan bir "Anadolu övladının" dirənişi var. Bu dövrdə
Y.Güney "Çirkin Kral" təxəllüsünü qazanır.
Yılmaz Güney 1972-ci ildə "inqilabçılara yardım etmək" suçuyla
yenidən 2 illik həbsə və sürgünə məhkum edilir. 1974-cü ildə
"Əndişə" filmini çəkərkən kazinoda hakim Səfa Mutlunu öldürdüyünə
görə həbs edilib və 1976-cı il iyulun 13-də 19 il həbs cəzası alıb.
Beş il həbsxanada qaldıqdan sonra 9 oktyabr 1981-ci ildə yatdığı
İsparta yarıaçıq həbsxanasından icazəli şəkildə çıxaraq ölkəni tərk
edib.
Güneyin həbsdən qaçmasının tarixçəsi çox maraqlı və qəribədir;
həbsə düşməzdən əvvəl çəkdiyi "Şeytanın oğlu" filmində bayram üçün
bir günlük iznlə çıxan və itib-batan adamın həyat hekayəsindən bəhs
edən rejissor bu dəfə filmi özü oynamalı olub. Həbsxanadan bir
günlük icazə ilə çıxıb və Fransaya qaçaraq həyatının qalan
hissəsini orada yaşayıb.
Xaricə qaçdıqdan sonra Fransada "Divar" filmini çəkib. Bu onun
çəkdiyi son film olub. 1984-cü ildə mədə xərçəngindən vəfat edən
Yılmaz Güney son illərini Parisdə yaşayıb və ölümündən sonra
Parisdəki "Pyer Laşez" qəbiristanlığında dəfn edilib.
"Yol", "Sürü", "Ümidsizlər" kimi filmlərin müəllifidir.
Çəkildiyi əsas filmlər bunlardır: "Sərhədlərin qanunu", "Çirkin
Kral bağışlamaz", "Seyyid Xan (Torpağın gəlini)", "Bir çirkin
adam", "Ümid". "Yol" filmi yenidən montaj edildikdən sonra "Kann"
kinofestivalında mükafat alıb.
Yılmaz Güney 114 filmdə çəkilib, 26 filmin rejissoru, 15 filmin
prodüseri, 64 filmin isə ssenari müəllifi olub. 14 kitab
müəllifidir.