Yuxarı

Səfəvi xanədanını xilas, Nadir şaha sui-qəsd edən Raziyyə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir dəfə...

Günü, ayı, ili xatırlamağa çalışıram, istəsəm xatırlayaram da, amma nə mənası var?

Yadıma gələn bircə odur ki, üzü payıza gedirdi, yayın qızmarından sonra havalar bir az sərinləmişdi.

Darıxırdım!

Lap möhkəm darıxırdım, amma nədən ötrü, kimdən ötrü?

Havadan-filandan deyildi, zatən Diogen demiş, bayırı neynəyirsiz, siz mənim içimdəki havanı soruşun!

İçimdə bir hava vardı, “yazmaq havası”, tanış bir “hava”ydı, amma nədən yazacaqdım?

Nə düşüncələrimi hamarlaya, yastılaya bilirdim, nə ilk cümləni yaza, nə süjet qura, nə də bir finala uğraya...

Birdən ağlıma gəldi ki, dinləməyə ehtiyacım var.

Kimi?

Əlimi cibimə atdım, beş-on manatım vardı, oturdum bir taksiyə.

Axşam çağıydı, “Elmlər Akademiyası” tərəflərdə də adamlar seyrəkdi.

Ofisinə getdim!

Katibə, köməkçi, sürücü... heç biri yoxuydu, qapını açıq qoymuşdu.

Dinşədim, Neşət Ərtaş oxuyurdu, Dadaloğlunun sözlərini.

“Qalxdı köç eylədi, Əfşar elləri...”

Əl elədi, kirimişcə keçib oturdum.

Kim tanıyır o qadını, kim?

Raziyyə bəyimi deyirəm!

Səfəvilərin son şahlarından olan Şah Sultan Hüseynin ən sevimli qızı.

Səfəvi xanədanının son çağlarında şahzadələri qısnayardılar.

II İsmayıldan, Böyük Şah Abbasdan, hətta Şah Səfidən sonra hərəmxanadakı qadınların arzusu doğduğu oğlanın taxta çıxması yox, ölməməsi, hətta ölməsiydi, təki dünya işığına həsrət qalmasın.

Belə bir mühitdə bəyimlər - Səfəvi şahlarının qız övladları daha sərbəst böyüyür, yaxşı təhsil alır, döyüş sənətinə də yiyələnərdilər.

Ruslar Səfəvi torpaqlarına diş qıcayanda, Dəli Pyotr Qafqaza və Xəzər sahillərinə tamah salanda öncə gürcülərə şirə verdi, erməni nə gəzirdi onda buralarda?!

Şah Sultan Hüseyn, döyüşə meyil etməsə də, vicdanı hər zaman oyaq olan, daşıdığı missiyanı yaxşıca götür-qoy edən Səfəvi şahı öz qızını gürcü əsilzadəsinə verdi.

Harda görülmüşdü Səfəvi şahı gürcüyə, həm də vassalın birbaşa özünə yox, hansısa züryətinə qız verə?

Ata və qız bir-birini yaxşı başa düşmüşdülər.

Elə bu üzdən də Raziyyə bəyim, Şah Sultan Hüseynin ağıllı balası, Səfəvi sarayının məleykəsi iki il boyunca yatağına almadı vassal Davidi, Şərq qaynaqlarındakı adı ilə desəm, Doud mirzəni!

Bir gün qara xəbər gəldi.

Əfqanlar İsfahanı mühasirəyə almışdılar. Səfəvi şahı ordusunun döyüş atlarını kəsdirib camaata paylayırdı, çatmırdı, adamlar adam əti yeyirdi. Ayrı vaxt “Yeni Culfa”da gündüz fənərlə aranan erməni qızlarının üzünə tüpürən yox idi, bir ovuc qızıl bir tikə əppəkdən ucuz olmuşdu.

Sözümü burda kəsib, söhbəti lap qədimə aparım, 15-cü əsrin sonlarına.

Şah İsmayılın bir qardaşı da vardı, İbrahim adında, necə oldu?

Rəsmi tarixə görə, itkin düşüb, Karkiya Mirzə Əlinin yanından başındakı qızılbaş börkünü Ağqoyunlu külahına dəyişərək Ərdəbilə yollanıb və yolda başına nə gəlibsə, gördüm deyən olmayıb.

Hə, bax, o İbrahım, gələcək Şah İsmayılın qardaşı, təğyir-libas olandan sonra bir təşkilat yaradıb, Səfəvi sufilərinin “dərin” təşkilatını.

O alternativ, gizli sufi təşkilatı Şeyxliyin və Şahlığın işinə qarışmazdı. Qurallar dəyişməzdi. Babəkdən başlayaraq saxlanan sirlər vardı, Çingiz xanın yasaları, Əmir Teymurun törələri sarsılmazdı, Dədə Qorqud özü qopuz çalmışdı Bayandır xanlarına, hələ o tərəfdə Trabzon məsihilərindən keçən gizlinləri kimsə aça bilməzdi.

Molla Əhməd vardı, kimdi bilirsinizmi?

Kəngərliydi Molla Əhməd. Səfəvi Sultan Şah Hüseynin oğlunun lələsi və sonradan vəziri olmuşdu, Səfəvi qızıyla evlənmişdi. Raziyyə sultanı da çox ölümdən, bax, elə o xilas etmişdi, “Dərin Dövlət”in sorumlusu olaraq.

Qayıdaq mətləbə. Raziyyə bəyim İsfahandakı həvadislərdən agah olunca, ayağını üzəngiyə qoydu. Gəncədə əhalini incidən valini töhmətləndirəndən və azuqə toplayandan sonra Ərdəbil ocağını ziyarət edib də İsfahana at çapdı.

Molla Əhmədlə də burada istişarə etdi.

Molla Əhmədin həmən yanında Fətəli xan Qacar vardı, İsfahanın harayına gəlmişdi. Tədbir töküldü, zira əfqanların əsirliyindən cəmi bir şahzadə qaçıra bildilər - Təhmasib mirzəni! Az sonra şah elan edildi, Səfəvi xanədanını yenidən ucaltmaq üçün hərəkətə keçdi II Təhmasib. Amma çifayda!

Yadınızdadır, Şah İsmayıl nə demişdi Çaldıran döyüşündə?

Bəli, demişdi ki, qılınc həmin qılıncdır, qol həmin qol deyil!

Hə, soy həmin soy idi, taxt həmin taxt idi, yol həmin yol idi, amma qol, tarixin altına atılan imza o imza deyildi.

Təhmasib mirzə, rəsmi namı ilə desəm, II Təhmasib dövlət dirçəldəcək əzmə, keyfiyyətə malik deyildi, şərabdan ayılanda qadınların ağuşunda, qadınlardan vaxt tapanda meyxanələrdə keflənirdi.

Yenə də köməyə Molla Əhməd yetdi.

Oğuz elinin Əfşar boyundan Nadirqulu adlı bir haramını Raziyyə bəyimin hüzuruna gətirdi.

Raziyyə sultan qardaşının etirazlarına rəğmən Nadirqulu adlı o karvanbasanla evlənməyə qərar verdi və bu qərarla da Şərq tarixinə “Yeni İsgəndər” çıxardı.

Orduya komandan və dövlətə vəkil təyin edilmiş Nadirqulu İsfahanı işğalçılardan təmizlədi. Bu xidməti müqabilində “qulpundan ayrı şey çıxmayan” II Təhmasib ona “fəxri nam” verdi: “Təhmasibqulu”!

O isə bu dava pulsuz-pənəsiz qazanılmamışdı.

Raziyyə bəyim öz cehizi və əhalidən topladığı azuqə, at, qatır, qır-qızılla yanaşı, üç gizli xəzinənin açarını vermişdi Əfşar obasından çıxan sərkərdəyə - Babəkin, Əmir Teymurun və Şeyx İbrahimin Azərbaycandakı sərvətinin yerlərini göstərmişdi.

İki dəfə rəsmi nikah kəsdirdi Nadir Raziyyə bəyimlə. İkinci dəfə özünü Muğanda şah elan edəndən sonra, sarayda Şahbanu titulunu təsdiqləmək üçün. Başqa yolu da yoxdu, hara gedirdi qarşısına Xətai deyişləri oxuyan aşiqlər çıxırdı.

Raziyyə bəyimin Nadir şahla ulduzları orada toqquşdu ki, günüsündən olan oğulluğu, bacısı Fatimə bəyimin əri Rzaqulu onun qardaşı, taxtdan salınmış Təhmasibin və oğlunun qanına susadı.

Rzaqulu da bir igid idi...

Pəəh!

Bir ordu qurmuşdu ki, atası Nadir şah onun təntənəsini və nizamını görüb dəfələrlə “əhsən” demiş, elə orduya baxış keçirə-keçirə də ürəyinə xal düşmüşdü. Sonucda həmin ordunu param-parça edib ölümün girəvəsinə göndərdi, oğlu Rzaqulunun gözlərinə isə mil çəkdirdi.

Tarixin ən amansız səhnələrindən biridir bu, sizə ən doğrusunu söyləyirəm!

Nadir gözlərinə mil çəkdirdiyi oğlunun yanına gedir. Oğlunun başını sinəsinə qoyur. Dünya işığına həsrət qalmış Rzaqulu Şah atasından barı azyaşlı oğlu Şahruxu bağışlamasını xahiş edir...

Nadir Şahruxu, Raziyyə bəyim isə illər keçəndən sonra qardaşının və digər Səfəvi şahzadələrinin qətlinə fərman vermiş Rzaqulunu əfv edir. Amma Nadirin xəyanətini bağışlamır. Nadir şah onun təşkil etdiyi sui-qəsdlə “Cuki” ləqəbli zövcəsinin ağuşunda çadırda qılınclanır.

Bütün ömrünü Səfəvi davasına həsr etmişdi Raziyyə bəyim, Nadir şah tərəfindən sürgünə göndəriləndə belə, əqidəsindən dönməmişdi. Səfəvilərin ata xətti ilə nümayəndələri qalmayandan sonra, Sultan Hüseynin və Nadir şahın nəvəsi, bacısı Fatimə bəyimlə Nadir şahın oğlu Rzaqulu mirzənin övladı Şahruxu taxta çıxarmaq üçün mübarizə aparmışdı. Bəzən “Şah” da olmuşdu, amma Şah olduğu, böyük bir coğrafiyanı idarə etdiyi günlərdə belə Səfəvi xanədanından bir kişini taxta çıxarmaq üçün mücadiləsindən vaz keçməmişdi.

Fəqət bu misilsiz qadını mənim gözümdən ucaldan əsas amil nədir, onu da deyim.

Raziyyə bəyim Səfəvilərin strateji məğlubiyyətinin əsas səbəbini görə bilmiş, atası Şah Sultan Hüseyni, qardaşı II Təhmasibi, əri Nadir şahı dənizə və okeanlara açılmaq üçün savaşlara səsləmişdi.

Tənzilə xanımla (Rüstəmxanlı) bu söhbəti etdik, çay içə-içə.

Və mənə bir ideya verdi: “Raziyyə bəyim haqqında ssenari yaz”!

Tarix
2017.11.26 / 11:59
Müəllif
Taleh Şahsuvarlı
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla