Əslində fikrimiz musiqi
alətlərinin satışı və ya düzəldilməsi ilə bağlı reportaj hazırlamaq
idi. Bir neçə musiqi mağazasını və usta emalatxanasını gəzəcəkdik.
Onun üçün yolumuzun binasını Milli Konservatoriyanın həyətində
yerləşən emalatxanadan saldıq.
Musa usta ilə tanış olduq. Ancaq o da öz növbəsində bizi
Azərbaycan Milli Konservatoriyasının nəzdində "Milli musiqi
alətlərinin təkmilləşdirilməsi" elmi tədqiqat laboratoriyasının
müdiri Məmmədəli Məmmədovla tanış etdi. Onunla danışmağımızı daha
məqbul hesab elədi. Sonradan ustanın haqlı olduğunu gördüm. Ona
görə də Musa ustaya təşəkkürümü bildirirəm.
15 ixtira
Məmmədəli müəllim indiyə kimi musiqi alətlərində 27
təkmilləşdirmə işi aparıb. Onlardan 15-i yeni ixtira kimi Müəllif
hüquqları agentliyində qeydiyyata alınıb. Bunlardan 9-u musiqi
alətləri, 6-sı isə tar və kamançada təkmilləşmədən ibarətdir.
Əsas ocaq buradır
Çoxları kimi Məmmədəli müəllim də jurnalistlərdən gileylənməklə
başladı söhbətə:
- Gedirsiniz musiqi alətləri mağazalarını çəkirsiniz, başqa
emalatxanaları gəzirsiniz. Ancaq musiqimizdə inqilab edən
təkmilləşdirmə işlərinin burada getdiyindən xəbərsizsiniz. Əsas
ocaq buradır. Burada musiqi alətlərini təkmilləşdirəndə, yeni
alətlər ixtira edəndə ifaçı-ekspert kimi tarzən Ramiz Quliyev,
Ağasəlim Abdullayev, kamança ifaçıları Fəxrəddin Dadaşov, Munis
Şərifov kimi böyük sənətkarlar sınaq keçirir. Ancaq musiqi
cəmiyyətimiz bütün bu proseslərdən xəbərsizdir.
"Heydər Əliyev" sağ olsun
- Milli musiqi alətlərinin təkmilləşdirilməsi (elmi tədqiqat)
laboratoriyasının yaradılması üçün "Heydər Əliyev" fonduna məktubla
müraciət etdim. Sağ olsunlar, işlərimə baxıb, müraciətimə müsbət
cavab verdilər.
Fotolarda təqdim etdiyimiz kimi, Məmmədəli müəllim
bizi bütün işləri ilə tanış etdi. Həqiqətən milli musiqi
alətlərimizdə inqilabi təkmilləşdirmə işləri aparıb, yeni musiqi
alətləri ixtira edib.
İşimin fanatıyam
- Bir şəxs ki deyir, mən bütün bunları xalq üçün edirəm və durub
nədənsə şikayətlənir, deməli, onun dediklərinin hamısı yalandır.
İşimin fanatıyam. Mənim işim, mənə övladım kimidir. Övladından
ötəri canını verən ata kiməsə şikayət edərmi?
Məni oğlanlarım maliyyələşdirir
- Oğlanlarıma yaxşı təhsil vermişəm. Bu gün yaxşı işlərdə
işləyirlər. 4 min, 5 min maaş alırlar. Onlar mənə maddi dəstək
olmasalar, bu işlərə ümumiyyətlə yaxın dura bilmərəm.
Yəqin ki, bir zaman gələr
- Xahiş edirəm, məsələyə daha realistcəsinə yanaşaq. İşlərinizin
nə bir qazancı var, nə piarı. Məsələn, bura gəlməsəydik, sizi
tanımayacaq, işlərinizdən xəbərdar olmyacaqdıq.
- Yox niyə ki? Bizim yüzlərlə çəkilişlərimiz olub. Məsələn, məni
bütün dövlət rəsmiləri tanıyır. Bayaq da qeyd etdiyim kimi, şəxsən
məni bura Mehriban xanım, "Heydər Əliyev" fondu göndərib.
Yəqin ki, bir zaman gələr...
- Bu işdən qazancınız nədir?
- Mən sizə bir söz deyim də. Sizə bu dediklərimi sayta
yerləşdirmişdim. Hər iki oğlum neftçidir, "bp"də işləyirlər. Rus,
ingilis, fransız, türk dilini mükəmməl bilirlər. Bir gün oğlumun
müdiri mənimlə maraqlanıb ki, bəs atan nə işlə məşğuldur-filan.
Oğlum da saytımı açıb göstərib ki, bu işlə. Görüblər ki, tədqiqat,
ixtira-filan. Oğlum deyir ki, ata, inanırsan, o vaxtdan
müdiriyyətin mənə qarşı münasibəti tamam dəyişdi. Bax, mənim əlim
Dubaya (oğlu Dubayda işləyir.- red.) çatardımı? Görürsünüzmü, mən
burada ola-ola, ata olaraq mənim işlərimə qiymət verdilər ki, bu,
filankəsin oğludur. Yəni, bu elə-belə insan deyil. Bax, mənim
qazancım budur. Mən də qazancımı irsi olaraq övladlarıma vermişəm.
Yəni xalqım üçün dəyərli övladlar yetişdirmişəm.
280 manat maaş alıram
- 280 manat maaşımdır. Ancaq bankomatdan təmiz 227 manat 50
qəpik çıxarıram.
Muzeyə 22 alət verib... 22 qəpiyi yoxdur
- Bu alətlərin çoxunu muzeyə də vermişəm. Düz 22 alət. Ancaq 22
qəpiyim yoxdur.
Respublikada bu işlə məşğul olan yeganə insan
mənəm
- Azərbaycanda musiqi alətləlrinin təkmilləşdirilməsi ilə məşğul
olan yeganə insan mənəm. Hələ də ümidimi itirməmişəm. İnanıram ki,
öləndən sonra nə isə olacaq. Bilirsiniz, insan o vaxt ölür ki, onun
bütün ümidləri ölür. Mənim isə ümidim ölməyib.
Bu işlərin patentləşdirilməsinə 50 minim
çıxıb
- Yəqin ki, hər bir alətin patentləşdirilməsinə beş-altı yüz
manatınız çıxıb.
- Çox, lap çox. Ümumilikdə, bu işlərin hamısına 50 min manatdan
çox pulum çıxıb. Xahiş edirəm, gəlin bu barədə danışmayaq.
Bilirsinizmi, bu işlər olmasaydı, bu möhtəşəm (fotoları göstərir.-
red.) insanlar mənim əlimi sıxmazdı.
Ələkbər Ələkbərovun tarı 5 min manat olduğu
üçün
Müsahibimiz pul barəsində çox da danışmaq istəmədiyi
üçün söhbətimizin məcrasını dəyişmək qərarına gəldik. Maraqlıydı
ki, nə üçün musiqiçilərdən danışan zaman müsahibimiz köhnə nəslin
fotolarını göstərir, ifaçı-ekspert kimi də alətləri onlar sınaqdan
keçirir. Bəs gənclərdən bu yeniliyə maraq heçmi
yoxdur?
- Onlarla belə işləmirəm də. Ancaq gəlirlər, gedirlər.
Cavandırlar da, qanlarının qaynayan vaxtıdı. Yenilikdən yararlanmaq
istəmirlər. Bir tələbələr, bir də yaşlı nəsil maraq göstərir bu
yeniliklərə. Ancaq o təbəqənin hələ ki, başı qarışıqdır. Məsələn,
Ələkbər Ələkbərov deyir ki, Məmmədəli müəllim, mən bu tarımı beş
minə almışam e. Birdən olmadı elə, oldu belə (gülür). Baxmayaraq
ki, mən milyon faiz zəmanət verirəm. Ancaq deyirlər ki, biz belə
öyrəşmişik də. Hələ ki, idarə edirik-filan.
Gənclər yenilikdən heç zaman qaçmasın
Müsahibəmizin sonunda Məmmədəli müəllim gənclərə
səsləndi:
- Son olaraq sözüm odur ki, gənclər yenilikdən heç vaxt
qorxmasınlar, qaçmasınlar. İnsan öz mövqeyini həyatda yeniliklərlə
qazana bilər.