60-ci illərin əvvəllərində "Bitlz" qrupunun meydana
çıxması ilə rok musiqisinin tarixində yeni mərhələ başlanır. O dövr
üçün rok-n-rol sadə əyləncə vasitəsi sayılsa da, qrupun "Sgt.
Pepper" albomu rokun ciddi, müstəqil musiqi növünə çevrilməsinə
səbəb olur.
Mahnılarında ictimai duruma qarşı etiraz, insanların mənəvi
azadlığı uğrunda ehtiraslı çağırışları ilə diqqəti çəkən "Bitlz"
60-cı illərin 1 milyondan çox diski satılan qrupu kimi məşhurlaşır.
Bu illər onların ən uğurlu dönəmləri sayılır.
Qrup bir çox satış rekordu qırır. Yəqin ki bu gün də dünyanın ən
tanınmış şou-biznes nümayəndələri "Bitlz"ın 60-cı illərdə 1
milyarddan çox val satışına çatmağı yalnız xəyal edə bilir. Bu
rekordu qırmaq Maykl Ceksondan başqa heç kimə qismət olmayıb.
"Amerikanın fəthi"
İngiltərədə özünü təsdiq edən qrup ölkə sərhədlərinə üz tutur.
Səfər Amerikayadır. Ancaq səbəb təkcə sənət və yaradıcılıq deyil.
Şöhrətdən başı gicəllənən qrupu Amerika narkotiklə özünə çəkir. Axı
Amerikada onlara lazım olan "şöhrət" sərbəst idi.
"Bitlz" ştatlardan umduğu qədər narkotik tapsa da iddia etdiyi
şöhrəti qazana bilmir. Məsələyə İngiltərədə menecerləri olan Brayan
Epstayn qarışır və onun təşəbbüsü ilə "I Want to Hold Your Hand"
mahnısı ərsəyə gəlir. Bir milyon val satmaq üçün cəmi 10 gün bəs
edir. Beləcə, 10 günə Amerika fəth olunur. Artıq "Bitlz" okeanın o
tayında da ulduz idi.
Qrupun ilk canlı proqramını Amerikada, təxminən, 74 milyon adam
izləyir. Amerika turnesində satdıqları biletlərdən 1 milyon dollar
qazanırlar. Uğur ardınca uğur gəlsə də, qrup çəkildikləri "Help"
filmində aləmə sosial mesajlarla car çəkməsinə baxmayaraq,
narkotikə "yox" deyə bilmirlər.
Birinci lediyə rədd cavabı
Başgicəlləndirən şöhrət qalmaqalsız ötüşə bilməzdi. Uğurların
ardınca dünya turneləri və qalmaqallar başlayır. 1966-cı ildə
"Revolver" adlı albomla qrup tarixin ən böyük musiqi hadisələrindən
birinə - roku önə çıxarmağa nail olur. Həmin il baş tutan Asiya
turnesi isə ciddi problemlərin başlanğıcına çevrilir.
Yaponiyaya yollanan qrup konsertin "Nippon Budokan"da olmasını
planlaşdırır. Sözügedən arenanın döyüş sənətləri mərkəzi olması
sağçı yaponlar tərəfindən etirazla qarşılanır. Buna görə konsertlər
ciddi polis mühafizəsi altında reallaşır.
Həmin ilin iyununda Filippinə gedən qrup, dövlət başçısının
xanımı tərəfindən nahara çağırılır. Ancaq qrupun meneceri belə
rəsmi dəvətləri qəbul etmədiyini açıqlayır. Ölkənin birinci
xanımına qarşı "tərbiyəsizlik" edən qrupa Filippində nifrət
yaranır. Filippindən ayrılarkən hücuma məruz qalan qrupa mühafizə
üçün polis belə verilmir.
Başı qalmaqaldan açılmayan qrup bu dəfə "Bitlz" ən məşhur üzvü
Con Lennonun ağzından çıxan sözün bəlasına düşür. Lennon "Bitlz"
tərəfdarlarının indi əzbər bildiyi o məşhur ifadəni dilə
gətirməkdən çəkinmir – "Bitlz" həzrəti İsadan daha məşhurdur" və
Amerikada böyük etirazlar baş qaldırır; "Bitlz" valları
yandırılmağa başlanır, Lennon daha sonra üzr istəsə də, hirs
soyumur, nəhayət, Vatikan onu 2008-ci ildə bağışladığını elan
edir.
Polun "ölümünü" təsdiqləyən ayaqqabısız
foto
Söylənənlərə inansaq, 1966-cı ildə qrup üzvü Pol Makkartini
maşın vurur. Hadisə onların konsertlərinin ən qızğın vaxtlarına
təsadüf edir. Öldüyü deyilən Polun yerinə qrupa oxşarı dəvət
edilir. Əslində, bu qrup üzvlərinin həzm edəcəyi hadisə
deyildi.
Gəl ki, ard-arda uğursuzluqlar, pulsuzluq, depressiya "Bitlz"ı
real addım atmağa vadar edir. Amma yenə də Makkartinin mübhəm
ölümündən sonra yerinə dublikatının gətirilməsini təhqir kimi qəbul
edən qrup, fanatlarına bu sirri açmaq istəyir. Qərara gəlirlər ki,
albomun qapaqlarında və mahnılarda gizli şifrələr
yerləşdirilsin.
Bu minvalla "Abbey road" albomunun qapağında qrupun 4 üzvündən,
yalnız Polun ayaqqabısız fotosu yer alıb. Çılpaq ayaq isə Hind
mədəniyyətində ölülərə işarədir. "Sgt. peppers lonely hearts club
bant" albomunun qapağında verilən məzar şəklinin üstündə isə "Pol"
yazıldığı iddia olunur.
"I am so tired" adlı mahnının sonundakı sözlər tərsinə
oxunduğunda isə "Paul his a dead man miss him miss him" ("Pol ölüb,
onsuz darıxırıq") mesajını verirlər.
Con Lennon: "Hər şey olduğu kimi qaldı..."
...Aylar, günlər keçdikcə işlər daha da pisləşir. Məşhurluğun
zirvəsində olsalar da, qrup üzvləri arasında problemlər yaşanır.
Qrup ən son konsertini 1969-da icazəsiz olaraq bir damda təşkil
edir. Elə həmin ildə qrupun "ürəyi"- Lennon yoldaşlarına "Bitlz"dan
ayrıldığını söyləyir. 1970-ci ildə Corc Harrisonun bəstəsi olan "I
Me Mine" qrupun son mahnısı olur. Bu nəğmədə, artıq Lennonun adına
rast gəlinmir...
Beləliklə, 1970-ci ildə "Bitlz" dünyanı heyrətə salan qərar
qəbul edir, mətbuat "Beatles" üzvlərinin ayrılması xəbərini yayır.
Sonradan Lennon bu haqda danışacaqdı: "Biz bu dünyada nələrisə
dəyişməyi arzulayırdıq. Amma hər şey olduğu kimi qaldı. Afrikada
silah satılır, "qaraları" küçədə öldürürlər, insanlar kasıbçılıq
çəkir, üstlərindən siçanlar qaçır. Yalnız bir dəstə avaralar
Londonda dəbli cındırlarda gəzirlər. Mən daha "Bitlz" barəsindəki
əfsanəyə inanmıram". Bundan sonra qrup bir daha birləşmir.
"İsa pis deyildi, davamçıları küt idilər"
Qrupdan ayrılanda Lennon şöhrət baxımdan heç də "Bitlz"dan geri
qalmırdı. Ona pərəstiş edənlərin sayı hədsiz idi. "Ucuz yerlərdə
oturan hər kəsin alqışlamağını xahiş edirəm. Qalanları öz
bər-bəzəklərini göstərməklə kifayətlənə bilərlər"- bu da onun
sözləridir. O "ucuz yerlərdə oturanların" müğənnisi idi. Onu
sevənlər arasında "varlı londonlular" az idi.
O, təkcə dəlisov musiqisi ilə deyil, qəribə çıxışları və
müsahibələri ilə də çoxlarının sevimlisinə çevrilmişdi. Ancaq
çıxışlar bəzilərini özündən çıxarırdı. Günün birində Lennonun
qəzetlərdən birinə verdiyi müsahibəsi dərc olunur. Müsahibədəki
açıqlamalar onun ölümlə hədələnməsi və qatı xristianlar tərəfindən
təhdid edilməsinə səbəb olur.
Sitat: "Xristianlıq gedəcək. O itəcək və quruyacaq. Mübahisə
etməyə ehtiyac yoxdur, gələcək bunu sübut edəcək. Hazırda biz
İsadan daha məşhuruq. Bilirəm ki, hansı daha tez yoxa çıxacaq -
rok-n-rol və ya İsa. İsa pis deyildi, lakin onun davamçıları küt və
adi idilər. Məhz onların bu təhrifi məndəki xristianlığı boğur".
Bir müddət sonra Lennon Timoti Lirinin "Psixodelik təcrübə"
kitabından təsirlənərək narkotikə qurşanır. Bu onun həm səhhətinə,
həm də qrupdakı roluna təsir edir.
Lennonun qatili: "Onu pərəstişkarlarına da
qısqanırdım"
Qrupun dağılmasına baxmayaraq, onlar bəzən kiçik barlarda
konsertlər verirlər. Bəzən konsertləri Con özü təşkil edir. O, həm
də jurnalistlərlə yaxın dostluq edirdi. 1980-ci ilin dekabrında
amerikalı jurnalistlə müsahibəsindən sonra Lennon pərəstişkarları
ilə şəkil çəkdirib, imza verir. Müsahibə zamanı ondan imza alıb,
şəkil çəkdirmiş fanatı Mark Çepmen evinin qarşısında Cona beş atəş
açır.
Güllələrin dördü Conun bel nahiyəsinə tuş gəlir. Çoxlu qan
itirən Conu xəstəxanaya çatdıranda artıq gec idi. Lennonun qatili
isə onu dəlilər kimi sevən pərəstişkarı idi. Mark Çapmen onu o
qədər sevirmiş ki, hətta sonralar açıqlamasında "Mən onun dəli kimi
vurğunu idim. Onu pərəstişkarlarına da qısqanırdım. Onu sevənlər o
qədər çox idi ki, mən onların hamısını öldürə bilməzdim. Amma Con
Lennonu öldürməklə onu hamıdan ayıra bildim və bilirəm ki, ömür
boyu Con Lenonun adının yanında Mark Çepmenin də adı hallanacaq", -
deyir. Çapmen ömürlük həbs cəzası alır. Ömrünün 20 ilini həbsdə
keçirən Çapmen bir neçə dəfə əfv olunması ilə bağlı müraciət etsə
də, rokçunun həyat yoldaşı Yoko Ono onun həbsdə saxlanılması tələbi
ilə 2 dəfə məhkəməyə müraciət edib.