Aşıq Ədalət deyəndə ilk
növbədə ağlımıza Ədalət Nəsibov və Ədalət Dəlidağlı gəlir. Laçın
elində Ədalət Axundov adlı azman bir aşıq da vardı – şaqraq səsli,
səlis danışıqlı, şux qamətli, gözəl simalı bir el aşığı – üçüncü
Ədalət.
Bu tərəflərdə aşıq Ədalət deyəndə, ilk növbədə məhz
Axundov Ədalət yada düşür, çünki buraların bütün camaatı onun
sənətinin qüdrətinə yaxından bələd idi.
Aşıq Ədalət 1959-cu ildə Laçının Qarakeçdi (keçmiş Leninkənd)
kəndində anadan olub. O, sazın-sözün beşiyində dünyaya göz açmış,
püxtələşmiş, sənətkar kimi yetişmişdi. Babası Sadıq kişi saz çala
bilməsə də, gözəl səsə malik olub. Aşıq havalarını şirin avazla
oxuyar, dastanlar söyləyərmiş. Ədalətin atası Saday kişi həm aşıq,
həm də şair idi. Əmisi aşıq Umbay isə təqdimata ehtiyacı olmayan
bir sənətkardır. O, aşıq Ədalətin ustadı olub. Toy məclislərinə
bərabər gedər, çalıb-oxuyarmışlar. Həmçinin əmiləri, əmioğlularının
böyük əksəriyyəti saz-söz sənətini layiqincə yaşadıblar.
Aşıq Ədalət cəmi on ilə yaxın sənətlə məşğul ola bildi. Ancaq bu
az vaxtda öz şəxsiyyəti və sənətiylə el-obanın ürəyində öz əbədi
yerini tutdu. Vaxtsız əcəl aşığın arzularını gözündə qoydu. 1992-ci
ildə şəkər xəstəliyindən vəfat etdi. Əgər sağ olsaydı, yuxarıda
qeyd etdiyimiz adaşlarından heç də geri qalmazdı.
Aşıq Ədalətlə bağlı daha ətraflı onun oğlu Təbrizlə
söhbətləşdik. Həmin söhbəti təqdim edirik.
– Təbriz, atanı necə xatırlayırsan?
– Atam öləndə mənim təxminən on yaşım olardı. Yadımda çox şey
qalıb. Atam ortaboylu adam idi. Şirin gülüşü vardı. Güləndə qızıl
dişləri görünürdü. Bu ona qeyri-adi yaraşıq verirdi. Hamı ona
heyranlıqla qulaq asar, söhbətlərindən, zarafatlarından doymazdı.
Oxuduğu havalar, nədənsə, kədərli olurdu həmişə. Ən şux havanı ifa
edəndə belə kövrəldirdi adamı. Gözəl muğamat oxumağı vardı. Aşıq
Umbay atamın toylarda gözəl səslə oxumasına, yerişinə maraqla
tamaşa eləyib həmişə deyərmiş: "Səsinə qurban! Boyuna qurban!"
Atamın heç vaxt boş vaxtı olmurdu. Həmişə məclislərə, toylara
aparırdılar. Bir gün xəbər göndərirdilər ki, məsələn, Hüseyn
Kürdoğlu gəlib, Ədalətə qulaq asmaq istəyir. Başqa gün Bakıdan
hansısa dostu gəlirdi, məclis qurulurdu. Atamın H.Kürdoğlu,
Z.Yaqub, O.Sarıvəlli, A.Çobanoğlu, Ə.Dəlidağlı və s. məşhur şair və
aşıqlarla münasibəti vardı.
Bir gün atam Aşıqlar Birliyinə üzv yazılmağa gedir. Birliyin
ovaxtkı sədri Hüseyn Arifə xəbər verirlər ki, ucqar dağ kəndindən
bir gənc aşıq gəlib, sizi görmək istəyir. O.Sarıvəlli atamı içəri
dəvət edir. Hal-əhval tutduqdan sonra, öz sazını verir atama və
deyir, kürd balası, bir hava oxu. Atam əvvəlcə "baş sarıtel"
oxuyur. Bu ifa şairin xoşuna gəlir. Bu minvalla bir neçə hava
oxutdurur və deyir ki, sən bu gündən buranın üzvüsən.
Atam haqqında məşhur aşıqların müsbət fikri vardı. Aşıqlar
qurultayında ustad aşıqlar Əkbər Cəfərov və İmran Həsənov onu
heyranlıqla dinləyib, ustad kimi öz xeyir-dualarını
vermişdilər.
– Sonra necə oldu, o sənətkarlarla münasibətləri davam
elədimi?
– Sonra heç nə, atamın sonrası olmadı, tez öldü. Bütün eli ağlar
qoydu. Hamı deyirdi heyif Ədalətə. Məhərrəm Qasımlı deyirdi ki, o,
aramızdan belə vaxtsız getməsəydi, aşıq sənətində heç kəsin çata
bilməyəcəyi zirvələri fəth edərdi.
– Cavan yaşında bu vaxtsız əcəl onu hardan tapdı
axı?
– Atam çox sağlam adam idi. Səsi heç vaxt batmazdı. Sərin su
xəstəsi idi. Çox deyirdilər ki, səsini batıracaq, yenə də xeyri
olmurdu. Getdikcə boğazında ağrılar başladı. Axırda müalicə üçün
Laçına xəstəxanaya getdi. Orda həkim ona şəkər dioqnozu qoymuşdu.
Ondan sonra cəmi üçcə gün yaşadı. 1992-ci il yanvar ayının 19-da
rəhmətə getdi.
Atamın itkisi elimizin qol-qanadını sındırdı. Hər şey onunla
tamamlandı. Bu azmış kimi, yurd-yuvamız da viran qaldı.
Atasız olmaq çox ağırdı mənim üçün. Təsəvvür elə, yaşıdlarım
yaxşı-pis atalarına arxalanıb yaşadılar, mənsə atamın xatirələri
ilə ovundum həmişə. Deyirlər, Tanrı sevdiyi bəndələri tez aparır
yanına. Düşünürəm ki, atam cənnətlikdi...
O, qaçqınçılıqdan 4 ay əvvəl rəhmətə getdi. Qəbri yağıya girov
qaldı. Əmimiz Əmrah Beyləqan rayonunda Cərciz Peyğəmbər
qəbristanında onun adına nişangah qəbir düzəltdirib. Atamın anım
günlərində həmin qəbri ziyarət edərək təskinlik tapırıq.
Babamız Saday bizi atasızlıq ağrısını yaşamağa qoymadı. Biz üç
qardaş, bir bacı onun himayəsində böyüdük. O bizə həm baba, həm də
ata oldu. Sonra babam da öldü və biz yenə də atasız qaldıq...
– Saday kişi də saz-söz adamı idi.
– Bəli. Babamın yaxşı aşıqlıq bacarığı vardı. Həm də gözəl
şeirlər yazırdı. 2006-cü idə onun şeirlər kitabı dərc edilmişdi.
Şeirlərini oxuyursan, dəhşətə gəlirsən. Bir göz qırpımında
ötüb-keçən cavanlığı, vətən həsrəti, ata, ana, əmi, dayı itkisi,
üstəlik oğlu Ədalətin vaxtsız ölümü – bu qədər ağrını bir canda
necə daşımaq olar... Babam vətən deyə-deyə, oğul deyə-deyə öldü.
2007-ci ildə Daşkəsən yaylaqlarında olarkən gəzə-gəzə gəlib bir dağ
yamacında kürəyini daşa söykəyib oturur. Və ordaca 75 yaşında
"ömrünü dağların ömrünə qatır..." Əmim Tehran onun öldüyü yerdə
ehsan bulağı düzəltdirdi.
Babamın və atamın sazını evimin divarından qoşa asmışam.
Babam çox qeyrətli, mərd adam idi. Qapısına minnətə gələni
əliboş qaytarmazdı. Qoçaqlıqda tayı-bərabəri yox idi. Zəngibasarda,
Qarabağda onun atları, itləri dillər əzbəri olub.
– Təbriz, sən özün də aşıqsan, özü də özünəməxsus ifa
tərzin var. Necə oldu ki, atadanqalma sənəti davam etdirəsi
oldun?
– Uşaq vaxtımdan arzulayırdım ki, kaş mən də atam kimi aşıq ola
biləydim. Atam məclislərdə çalıb-oxuduqca mən də ona baxıb özüm
üçün qımıldanardım. Mənə qulaq asar və həmişə deyərdi ki, Təbriz
böyüyəndə yaxşı aşıq olacaq. Təəssüf ki, sənəti ondan öyrənmək mənə
qismət olmadı. Atamın ölümü hamı kimi mənim də arzularımı gözümdə
qoydu. Sonra torpaqlarımızdan qovulduq. Erməni yağıları camaatımızı
evindən-eşiyindən perik saldı. Hərəmiz bir rayonda, bir kənddə koma
qurduq, başımızı girələdik. Amma bu qaçhaqaçlar, köçhaköçlər
uşaqlıq arzumun – aşıq sənətinə yiyələnmək istəyimin qarşısını ala
bilmədi. İlk dəfə saz tutmağı, havaları ifa etməyi həmkəndlim aşıq
Xəlil İmranovdan öyrəndim. Sonra əmimiz Aşıq Umaya şəyirdlik
elədim. Ondan xeyli saz havaları, şeirlər, dastanlar öyrəndim. Günü
bu gün də onunla birgə toyda-düyündə aşıq kimi iştirak edirəm.
Bütün bunlara rəğmən mən həmişə atamı özümə ən birinci ustad
saymışam. Çünki o olmasaydı bu sənətə belə ürəklə can atmazdım. Saz
götürüb hansı məclisə gedirəm, istəyirlər atam kimi oxuyum, atam
kimi məclis aparım. Hamı deyirdi, sən Ədalətin oğlusan, sən aşıq
olmalısan, sənətkar olmalısan, səndən çox şey gözləyirik. Özümə
qalsaydı, heç nəyə nail ola biməzdim bəlkə də. Atamın adı məni
səhlənkar olmağa qoymadı.
Hal-hazırda qardaşlarım və oğlum da saz sənətilə məşğuldur.
Ümumiyyətlə, bizim Axundovlar nəslində iyirmiyə yaxın aşıq var. Bu
regionda o adam olmaz ki, Axundovlar soyadı haqda eşitməsin,
aşığına, şairinə, ziyalısına bələd olmasın.
– Aşıq Ədalət üçün bir oğul kimi nə etmisən və buna dair
qarşıda nə kimi məqsədlərin var?
– Mən atamın adına nə etsəm, yenə də azdır. O bu dünyada mənim
üçün ən müqəddəs varlıqdır. Ömür boyu onun müqəddəsliyinin,
böyüklüyünün, sənətinin qarşısında təzim etməkdən usanmaram.
Bacardığım qədər çalışıram ki, onun bütün irsini toplayıb gələcək
nəsillərə ərməğan edəm. Bu yaxınlarda onun şeirlərindən, ona həsr
olunmuş yazılardan ibarət "Yaralı xatirələr" adlı bir kitab
çıxartdırmışam. Kitabın redaktorları əmim Eynulla Sadıq və əmoğlum
Sadıq Axundovdur. Bu işdə bir çox dostlar və qohumlar mənə yaxından
köməkdarlıq elədilər.
Bundan əlavə onun video və audio kassetlərini ayrıca disk
şəklində çıxartdırmağa hazırlaşıram.
Təxminən payız aylarında rayonumuzun mədəniyyət klubunda onun 55
yaşının tamam olması münasibətilə yubiley gecəsi keçirdəcəm. Bu
barədə aidiyyəti şəxslərlə artıq danışılıb.
Bütün bunlar tamamlandıqdan sonra radio və televiziya
verilişlərində aşıq Ədalət sənətinin təbliğiylə geniş şəkildə
məşğul olmağı düşünürəm.
Son olaraq aşıq Ədalətin iki şeirini təqdim
edirik.
Gördüm
Səadət ardınca qalxdım ayağa,
Önümdə qalatək hasarı gördüm.
Zəmanə dəyişib, yetiş, ay ağa,
Qızılquş yerində ha sarı gördüm.
Əhdinə vəfalı bildim o yarı,
Yaman vəfasızmış eşqin oyarı.
Azaldıb ömrümü etdi o yarı,
Bəxtimin gülünü ha sarı gördüm.
Aşiqdir, Ədalət, dəlidir ya da,
Mənli günlərini gətirmir yada.
Bəlkə üzü dönüb, könlü var yada,
Meyini namərdə ha sarı gördüm.
1980
Ay fələk
16 yanvar 1992-ci il. Özünün yazmağa taqəti olmayıb, bu
şeiri deyib qələmə alıblar.
Axı dilim kimə acı söyləyib?!
Niyə etdin məni şəkər, ay fələk.
Ölüm haqdır amma yarı yaşında
Bu dünyadan kim əl çəkər, ay fələk?
Tamam qazanmada şöhrət, şanımı
Dayanmadan nə tökürsən qanımı.
Yenidən qaytarsan sağlam canımı
Ollam dərgahında nökər, ay fələk.
Yazıq Ədalətə mərhəmət göstər,
Ömrü yarı deyil, səxavət göstər,
Əgər adilsənsə, məhəbbət göstər,
Həyatı getməsin hədər, ay fələk.
Fotoları topladı: Sadıq
Pərviz Axundov
Axar.az saytı üçün