Axar.az-ın bugünkü müsahibi tanınmış Azərbaycan aktyoru,
şoumen, naşir, yazıçı, rəssam Bəhram Bağırzadədir.
- Bəhram
bəy, necəsiniz?
- Yaxşıyam, çox şükür, amma bir tərəfdən də pisəm, çünki son
günlər ölkəmizdə baş vermiş olaylar - şəhid xəbərləri məni çox
narahat edir. Amma yenə də sevinirəm ki, artıq hərəkətə keçmişik,
inanıram ki, bu yaxınlarda itirdiyimiz torpaqları azad edəcəyik.
Bunun artıq qoxusu gəlir, bu da məni necə deyərlər, xoşbəxt edir.
Bu gün Ali Baş Komandanımız əmr versə, mən canla-başla döyüşməyə
hazıram. Amma tək oraya gedib bir şey edə bilmərəm. Gərək ümumi bir
səfərbərlik olsun, hamılıqla gedək, torpaqlarımızı azad edək.
Məsələn, 90-cı illərin əvvəllərində bizim dövlət başını itirmişdi,
kim nəyi istəyirdi, onu da edirdi. Daha o vaxtlar deyil. Hər şey
sistemləşməlidir, indi nizam-intizam var, bircə komanda verilməyi
qalıb.
- Bəhram
bəy, ən çox parodiya etmək istədiyiniz, amma edə bilmədiyiniz
kimdir?
- Mən heç vaxt parodiya etməmişəm və eləmək fikrim də yoxdur.
Bunu bacarmaram da, bu, artıq başqa sənətdi. Onu Tahir İmanov əla
bacarır. Ona görə də onun çörəyini əlindən ala bilmərəm (gülür).
Ancaq Siyavuş Novruzovu parodiya eləmişəm. Çünki haradasa
bir-birimizə oxşayırıq, amma Siyavuş bəy buna daha yaxşı cavab
verib. Deyib ki, bu Bəhramın işidi və o öz işini görüb. O ki qaldı
deyirlər guya mənə parodiyalara qadağa var, vallah, mənə bu
vaxtacan heç kəs qadağa qoymayıb, qoya da bilməz. Mənə yalnız atam
qadağalar qoyub uşaq vaxtı, o da dəcəllik etməyim deyə.
-
Ümumiyyətlə, hansı beynəlxalq müsabiqədə iştirak
etmisiz?
- Keçirilən bütün müsabiqələrdə iştirak etmişəm, amma mənim
vəzifəm KVN-də oynamaq olub. KVN-də iştirak etmişəm, beynəlxalq
yarışlarda bir neçə dəfə çempion da olmuşam. Amma beynəlxalq
müsabiqələrdə filmlərimiz iştirak edib və o filmlərdə mən həm
aktyor kimi çəkilmişəm, həm də prodüser qismində çıxış eləmişəm. Bu
yaxınlarda da qaçqınlara aid "Ümid" filmimiz hazır oldu. Artıq 52
müsabiqəyə göndərmişik. Bir prodüser kimi mənə elə gəlir ki, bu
film də öz sözünü deyəcək. Film Yutubda var, baxıb qiymət verə
bilərsiz.
- Bəhram
Bağırzadə Anar Məmmədxanovdan nə öyrənib?
- İnsan
dünyaya öyrənməyə, yaşamağa, təhsil almağa gəlir. Ruslarda belə bir
misal var: "Başqa insanların səhvini öyrənmək və həmin səhvləri
etməmək lazımdır". Ağıllı adam səhvi edəndən sonra düşünür ki,
etdiyi səhvi necə düzəltsin, amma müdrik adam heç vaxt o səhvləri
buraxmır. Şükür Allaha, mən özümü ağıllı adam hesab edirəm, amma
müdrik deyiləm. Mənim də çoxlu səhvlərim olub, indi də var və
olacaq da. Bu, normaldır. Şükürlər olsun Allaha ki, mənə imkan
verib, səhvlərimi vaxtında düzəltmişəm. O insanlar səhv buraxmır
ki, onlar heç nə eləmir. Səhvi kim edir? Çalışan, hərəkətdə olan
adam, ona görə də Anar Məmmədxanovun səhvləri olub həyatda və mən
çalışıram ki, dünyəvi məsələlərdə onun elədiyi səhvləri eləməyim.
O, artıq məni öyrətdi və yol göstərdi ki, müəyyən şeyləri eləməyim.
Anar mənim üçün bu baxımdan ibrət dərsi oldu. Mən Anar Məmmədxanova
borcluyam, çünki vaxtilə məni komandaya dəvət etdi, yol göstərdi və
mən indi də fəaliyyətimə davam edirəm. Bax, bu da Anarın böyüklüyü
idi, onun böyüklüyü o idi ki, ətrafında istedadlı insanları
toplamışdı və heç vaxt xahişlə, sifarişlə heç kimi komandaya
götürməzdi. Ətrafında istedalı insanlar olanda o çox sevinirdi,
həmişə nəsə öyrədirdi ətrafındakı uşaqlara və KVN-nin də uğurları
məhz onunla bağlı idi. Biz hamımız sadə, kasıb uşaqlar idik, buna
görə də uğurlarımız oldu.
- Nə əcəb
millət vəkili olmağa can atmırsınız?
- Niyə mənə qarğış edirsiz? Mən azad düşünən insanam. Bilirsiz,
mən millət vəkili olsam, gərək mənim başımda kimsə ola və mən
məsuliyyət daşıyam. Gərək bütün günü gedib oturam işdə. Mən azad
rəssamam, öz işimi də görürəm. Deputatlıq mənlik deyil. Amma öz
sahəmdə onlardan az iş görmürəm. Heç vaxt dövlət isində işləmək
istəmərəm və işləmərəm.
- Qadınlar və Bəhram Bağırzadə...
- Həyatımda dörd qadın var, onları da dəqiq sevirəm. Birincisi
anam, ikincisi bacım, üçüncüsü həyat yoldaşım, dördüncüsü isə
qızımdır.
- Bəhram
bəy, hansı kitabları oxuyursuz?
- Sənətimə
uyğun kitablar oxuyuram. Anarın kitabları, kinematoqrafiya, teatr,
Natiq Rəsulzadə kitabları... Çingiz Abdullayevə böyük hörmətim var,
amma onun kitabların oxumağı sevmirəm. Ən yeni ədəbiyyatdan
Qaraqanı bilirəm, çoxunu tanıyıram, amma oxumuram. Mənə görə
kitablar deyil. Çalışıram ki, onları oxuyum, amma oxuya bilmirəm.
Mən artıq köhnə kitabları oxuyuram. Anarın demək olar ki, bütün
kitablarını oxumuşam. Son zamanlar yenidən Anarı oxuyuram, çünki
orda həyat var və nostalji hisləri yaşadır mənə.
- Bədii
yaradıcılıqla da məşğul olursunuz, indi üzərində işlədiyiniz əsər
varmı?
- Artıq bir
neçə kitabım çıxıb, əgər bədiilikdən söhbət gedirsə, bu il ərzində
7-10 yaşlı uşaqlar üçün minə yaxın suallı testlər yazmışam, artıq
rus dilində çıxıb. Bu yaxınlarda da Azərbaycan dilində çıxacaq. Bu
mənim iyunun 1-də qeyd edilən Uşaqların müdafiəsi gününə hədiyyəm
idi və hədiyyə də alındı. O kitabları bizim uşaqlara hədiyyə etdim.
Bu yaxınlarda bir kitabım çıxmalıdır: "Bakı memarlığı 1993 -2015".
Artıq o kitabı hazırlayıram. Eyni zamanda merə olan 50-yə yaxın
açıq məktublarım çıxıb və o kitabı yazıram. İki filmə çəkilirəm,
dünən də reklama çəkilmişəm, sabah sənədli filmdə aparıcı rol
oynayacam. Avqustda, inşallah, Parisə gedirəm, ilk dəfə reklama
çəkiləcəm. Azərbaycan reklam bazarında ilk dəfə olaraq Azərbaycan
aktyoru fransız formasında onların bir brendi olan reklamda
çəkiləcək. Bir az çətinliyim var, fransız dilin bilmirəm, amma bunu
da öyrənəcəm.