"Axar.az" saytı olaraq yolumuzu Şüvəlan qəsəbəsində yerləşən
S.Vurğun adına Yaradıcılıq Evindən saldıq. Vaxtilə Şüvəlanda
yaradıcı adamlar üçün tikilmiş bu binada indilər cəmi iki şair
yaşayır: İsa Şuşalı və Murad Köhnəqala. Beşmərtəbəli evin qalan
sakinləri isə əsasən Cəbrayıl, Ağdam və Füzuli rayonlarından olan
təxminən 60-70 qaçqın ailəsidir. Yaşayış şəraiti heç də ürəkaçan
deyil, evlərinə su daman, beşinci mərtəbəyə birinci mərtəbədən
vedrəylə su daşıyanlar bir yana, hələ heç bir şəraiti olmayan
zirzəmidə acınacaqlı vəziyyətdə gün keçirən ailələr də var.
Binada işıq daimi olsa da, qaz xətti ümumiyyətlə yoxdur. Su
ehtiyacını isə bina sakinləri özləri sifariş verib, başqa yerdən
gətizdirdirməklə ödəyirlər.
Beşmərtəbəli ev AYB-nin nəzdindən çıxıb
Yaradıcılıq Evinin hələ də AYB-nin nəzdində olub-olmadığını
öyrənmək üçün AYB-nin Mətbuat Katibliyi ilə əlaqə saxladıq. Nazim
Məmmədov Yaradıcılıq Evinin AYB-nin nəzdində olmadığını, təxminən
1980-ci ildə tikilən bu evdə 90-dan sonra demək olar ki, bütünlüklə
qaçqınların yerləşdirildiyini dedi.
AYB ev satmayıb
Evlərin qaçqınlara satılması ilə bağlı dolaşan söz-söhbətə cavab
olaraq, Nazim bəy qətiyyən elə bir şey olmadığını, elə bir hal baş
veribsə belə, bunun AYB-yə aidiyyatı olmadığını bildirdi.
Onlara tezliklə qaçqınların Şüvəlandakı Yaradıcılıq Evindən
başqa mənzillərə köçürüləcəyinin söz verildiyini deyən Nazim bəy
ondan sonra Yaradıcılıq Evinin yenidən təmir olunub yaradıcı
adamların istirahəti üçün istifadəyə veriləcəyini vurğuladı.
1988-90-cı illərdə Şüvəlan Yaradılıq Evində direktor müavini
işləyən Əjdər Ol da müavin işlədiyi müddətdə evlərin satılması ilə
bağlı heç bir halın olmadığını bildirdi.
Yaradıcılıq Evinin "yaradıcı problemləri"
Qayıdaq Şüvəlandakı Yaradıcılıq Evinin kifayət qədər "yaradıcı"
olan problemlərinə... Divarlarda hələ payızın ilk həftəsi çıxmamış
yağış suyunun yaratdığı "mənzərələr" qışda yaranacaq vəziyyətin
necə acınacaqlı olacağını indidən açıq-aşkar nişan verir. Gəl ki,
bu vəziyyətdə yaşayan adamlar, ailələr arasında "halından" məmnun
olanlar da az deyil.
Zirzəmidə yaşayan 4 nəfərlik ailə
Ən dəhşətli vəziyyət əslən Cəbrayıldan olan, Sumqayıt
qeydiyyatlı ailənin zirzəmidəki evindəydi. Başçısı fəhlə işləyən
ailə sosial yardım da ala bilmir. Evləndikləri gündən kirayələrdə
yaşayan ailə bir il bundan əvvəl bu zirzəmiyə köçüb. Tamara, bu
zirzəmi evin xanımı, qaldıqları ona yaxın evdən kirayə haqqını verə
bilmədiklərinə görə çıxarıldıqlarını, nəhayət, bir tanışın
köməkliyi ilə Yaradıcılıq Evinin zirzəmisinə köçdüklərini deyir.
Ailənin 10 yaşlı oğlu və 7 yaşlı qızı internatda oxuyur.
Anarın AYB-dən qovduğu şair
Binanın dördüncü mərtəbəsində bir otaqlı mənzildə yaşayanlardan
biri də Yaradıcılıq Evində məskunlaşan iki şairdən ikincisi İsa
Şuşalıdır. Quliyev İsa Fərman oğlu 1937-ci ildə Şuşada anadan olub.
1975-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu
bitirib. İlk kitabı "Həqiqətlə qoşasan" şeirlər toplusudur. İsa bəy
ailəsi ilə birlikdə 2006-ci ildən Şüvəlan qəsəbəsindəki Yaradıcılıq
Evində yaşayır. 2007-ci ildən AYB-nin üzvüdür.
Qalaq-qalaq çap olunmayan əlyazmaları var. Əlyazmaların
əksəriyyəti kimlərəsə həsr olunmuş şeirlərdən ibarətdir. Deyir ki,
ev üçün müraciətə gedəndə Anar müəllim onu AYB-dən qovub, ordan
qayıdan kimi də götürüb ərizəsini cırıb.
Aşıq Şəmşirlə şəkilləri var. Onunla deyişmələrini də göstərir.
Bəxtiyar Vahabzadəyə, Şuşanın icra başçısına şeirlər həsr eləyib,
Üzeyir Hacıbəyov haqqında xatirə yazıb: "Prezidentə çoxlu şeirlər
həsr eləmişəm, amma o şeirləri hələ kitabda toplayıb çap
elətdirməmişəm. 53 ildir ki, şeir yazıram, indiyə qədər 6 kitabım
çap olunub. Şair dostlarımdan heç biri gəlib mənə baş çəkmir,
əksinə, şeirlərimi götürüb öz adlarından istifadə eləyirlər.
Şuşa rayon icra başçısı Bayram bəy mənim dörd cildlik kitabımın
çapını dayandırıb. Ona çoxlu şeirlər həsr etmişəm, əvvəllər çox
yaxşı münasibətlərimiz olub, amma bir il xəstə yatdığım müddətdə
bir dəfə də olsun, gəlib məni yoluxmadı".
Murad Köhnəqala qansız adamdır
"Bir müddət yazıçı Əli Vəliyevin evində qalmışam,- ithafçı şair
deyir.- Vaxtilə münasibətlərimiz çox yaxşıydı. Dövrümüzün
yazarlarından Əkrəm Əylisliyə nifrətim var. Çıxıb televizorda bir
şuşalının vəhşiliklə erməni öldürdüyünü deyirdi.
Mirzə Xosrov mənə dərs deyib, ona şeir də həsr eləmişəm. Bir
şair var - Köhnəqaladandır, bizim həyətdə yaşayır, tanımıram onu,
haqqında kitab yazdım, amma gəlmədi, qansız adamdı o. Gedib
məlumatları ailəsindən götürüb kitab yazdım, bir dəfə də olsun,
gəlib mənə dəymədi. Amma hələ o kitab çap olunmayıb, vermədim çap
olunmağa, verməyəcəm də".
(Şairdən Murad bəyə, prezident İlham Əliyevə həsr etdiyi
şeirlərdən heç olmasa birini bizə verməsi üçün nə qədər
yalvar-yaxar eləsək də, inadından dönməyib vermədi. İnanıram ki,
böyük zövdən məhrum olmuşuq.)
Şuşanı Fikrət Qoca verdi...
"Xuraman Vəfa haqqında da kitab yazmışdım. Sonra bekara çıxdı,
gördüm mənə başqa qələm verdilər ki, bunu KQB-dən
aparıb-gətirirlər, başqa yolun quludu. Ona görə çapa vermədim. Mən
onu o şərtlə yazırdım ki, bu kitabı verəm çıxa, mənim də bir
100-150 dənə öz şeirimi çıxara. Bu niyyətə yazırdım.
Fikrət Qocayla görüş keçirmişəm Şuşada, sonra o da kömək eləmədi
mənə. Elə Şuşanı Fikrət Qoca verdi... Anar müəllimdən xahişim odur
ki, prezident təqaüdünə salsın adımı. Ağırdı vəziyyətim, özüm
xəstəyəm, evdən çxıb heç yerə gedə bilmirəm, ev şəraitim də çox
pisdi.
Şairdən şəhidə... İki otaqda 10 nəfər
Növbəti acınacaqlı vəziyyət Ağdam qaçqını, 2-ci qrup əlil
Sədaqət Aslanova və övladlarının yaşadığı "mənzil"dədir. Sədaqət
xanımın dörd oğlu var, həyat yoldaşı könüllü olaraq əsgər gedərək
Ağdamın Şelliqasımlı kəndində şəhid olub. İki otaqda 10 nəfər ailə
üzvü yaşayır. Sədaqət xanımın 92 yaşlı anası da onlarla bir otaqda
qalır.
1992-ci ildən bu mənzildə yaşayırlar. Əsas problemləri sudur,
beşinci mərtəbəyə suyu birinci mərtəbədən ağır vedrələrlə,
sınıq-salxaq nərdivanla qaldırmağa məcburdular. Sosial yardımı heç
cürə ala bilmədiklərini, ev üçün müraciətlərinə qətiyyən
baxılmadığını, onlarla heç kimin maraqlanmadığını deyir.
Hökumətdən, əlaqədar qurumlardan ev istəyir...
Sakinlər indiyə qədər "komendant"dan başqa heç kimin onlarla
maraqlanmadığını deyir. Seçki keçirilir, amma hələ də onların
harada səs verəcəkləri barədə heç bir məlumatları yoxdu.
Ümumiyyətlə, heç bir təbliğat kampaniyası aparılmayıb.
Yaradıcılıq Evinin sakinləri bizi gözlərində böyük ümidlə yola
saldılar...