Yuxarı

Kamal Abdulladan Vaqif İbrahimoğlunun xatirəsinə...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

GÖYƏZƏN DAĞININ İLAHƏSİ

Vaqif İbrahimoğlunun xatirəsinə

Çox-çox qədim zamanlarda kəndin yuxarı tərəfindən külüng kimi yüksələn Göyəzən dağında bir İlahə yaşayırmış. Bu İlahə çox gözəlmiş...

O, hərdən gecə vaxtı lüt-üryan bir halətdə dağın başından kəndə enir, ay işığı altında (yaxud, qaranlıqda) vücudu par-par yana-yana kəndin əyri-üyrü yollarıyla o tərəf-bu tərəfə gəzişirdi. Elə bil, kimisə axtarırdı. Gəzərkən İlahə ayaqlarını torpağa elə ahəstə endirirdi ki, ayaq səsləri eşidilmirdi. Yastı-yapalaq komalarında yerlərinə girib yuxuya getməyə çalışan kənd əhlinin qulağında isə bu zaman ağır-ağır və zəhmli şəkildə nəydisə "gup-gup" guppuldayırdı. Adamlar səksəkə içində yerlərində ora-bura qurcuxurdular.

Kənd adamları içində ayıq-sayıqları vardı, onlar qəhvəxanada mırt vura-vura İlahənin gəlişinə xüsusi məna verirdilər. Bu adamlar ata-babalarından eşitmişdilər ki, İlahənin gecə vaxtı lüt-üryan kəndi gəzib dolaşmasında bir hikmət var. İlahə, guya öz qurbanını axtarır və onu öz kamına çəkir. Bu qurbanın özü yox, ruhu hava-su kimi İlahəyə lazımmış. Ruha "layla" oxumalıydı, oxumasaydı, saralıb solacaq, gözəlliyini itirəcəkmiş.

Kənd adamları belə deyirdi: İlahə özü ki övlad üzünə həsrət idi, bu səbəbdən guya kənddəki körpəli qadınlara qibtə edirmiş. Qurbanı tapandan və ruhu bu qurbanın canından çəkib çıxarandan sonra İlahə Göyəzən dağının ən hündür yerinə qalxacaq – orada yaşadığı mağaranın başından bir qaya parçası mağaranın ağzına quş qanadı kimi çətir çəkib durmuşdu – o qayaya bu zavallı ruhu zincirləyəcək, sonra da hökmən laylasını oxuyacaqmış. Niyə belə edirmiş?! Sirri-əzəm! Zavallı ruhlar sonra hara yox olurmuş?! Sirri-Xuda!

Kəndin kənarında öz kasıb, yastı-yapalaq daxmasında bir tək-tənha kişi yaşayırdı. Adı Cındırqulu idi, özü də olardı bu kişinin əlli yaşı. Həyatı adına oxşayırdı: bir həsir idi, bir Məmmədnəsir. Uşaq yaşlarından tək və tənha, sakitdən sakit, fağırdan fağır birisiydi. Onun-bunun qoyun-quzusunu otarıb dolanırdı. Kiminəsə meşədən odun yığıb gətirirdi. Kimininsə ilnən su üzü görməyən töyləsini təmizləyirdi. Nə verirdilər, yeyirdi, nə bağışlayırdılar, geyirdi və hər yaşadığı gün üçün gecə yerinə girəndə Allahına sidq-ürəkdən şükür duası edirdi.

Cındırqulunun özü kimi mülayim, sakit bir dostu vardı. Qonşu idilər, bir yerdə böyümüşdülər. Cındırqulu ilə İmamyar hələ uşaqkən əhd eləyib ömürlük qardaşlıq andı içmişdilər. Göyəzən dağının ətəyində hamıdan gizlinə çəkilb biləklərini bıçaqla çərtərək bir-birinin qanını sümürdükcə sümürmüşdülər. Qanın dadı hər ikisinə acı gəlmişdi.

Tale belə gətirdi: Kənddə Nazpəri adlı bir qız daha vardı. Onu cavan yaşlarında ikisi də eyni vaxtda sevdi. Nazpərinin qızlar bulağından su içən vaxti idi. Hər dəfə çiynində səhəng bulaqdan dönəndə bu qan qardaşlarını bulaq yolunda bir yerdə görüb qıpqırmızı qızarırdı. Və qardaşlar amansız eşq alovunun nə zaman könüllərinə girməsindən xəbər belə tutmadılar. Əvvəlcə qızın beləcənə utanıb-qızarmasına tamam başqa rəng verib buna bir zarafat kimi baxdılar. Bu gülüb demişdi, "sənə baxır", o gülüb demişdi, "yox, sənə baxır…"

Bir müddət sonra nə oldu, nə olmadısa, Nazpəri başladı onlardan xüsusi bir əda ilə yaşmanmağa və bu zaman həm Cındırqulu, həm də İmamyar yavaş-yavaş Nazpəri ilə bağlı zarafatlarından əl çəkib könül verdilər kədərə – deyə-gülə etdikləri söhbətlər əvəzinə qaraqabaq halda oturub qəm-qüssəyə batdılar, bir-birinin üzünə maddım-maddım dirənib öz məzlum hallarına ürəkləri sıxıldı və "ah" dalınca "ah" çəkməyə başladılar. Dərddən gözləri qan ağladı. Və nəhayət, həsrət dolu gecələrin birində qardaşlar bir-birinə söz verdilər ki, onlardan biri hökmən bu Nazpərini el adəti almalıdı. Qız Nazpəri onlardan hansını seçib sevsə, o biri ona qardaş olacaq, eynən bunlar bir-birinə qardaş olan kimi.

Vaxt vaxtı qovdu, zaman yetişdi və günlərin bir günü Cındırqulu ilə İmamyar könüllərini Nazpəriyə açmaq qərarına gəldilər. Qardaşları gördüyündə rəng verib-rəng alan Nazpəri onların heç birini bəyənmədi. Cındırquluya belə bir xəbər göndərdi. "Əvvəlcə adını dəyişsin, sonra mənim kimi bir qızın xəyalını eləsin". İmamyara da belə bir xəbər gəldi. "Getsin, tayını tapsın, necə ki, tapıb Cındırqulunu".

Nazpəri kəndin say-seçmə igidinə ərə gedəndən sonra qardaşlar gurultulu toy gecəsi ikisi də eyni vaxtda yasa batdı, bir-birinin üzünə baş qaldırıb baxa bilmədilər. Nazpərinin həsrəti, az qalmışdı, onları bir-birinə tamamən yad, hətta düşmən eləsin. Amma olmamışdı, onlar elə toyun səhəri günü dərdü-qəmi ürəklərindən silib atmağa özlərində güc tapmışdılar, qanları yenə bir-birinə qaynamış – Cındırqulunun canında gəzən İmamyarın qanı, İmamyarın canında gəzən Cındırqulunun qanı qardaşları biri-birinə tərəf ahənrüba kimi çəkmiş – onlar söz qoyub eyni vaxtda, eyni gündə, hətta eyni saatda, eyni dəqiqədə Nazpərini unutmuşdular və bundan sonra ikisinin də eyni açılmış, sidq-ürəklə bir-birinin üzünə baxıb gülümsəmiş, yenə bir-birinə can verməyə hazır olmuşdular. İmamyar uzun burnunu Cındırqulunun qoltuğuna soxub qoxlaya-qoxlaya həsrətlə demişdi:

– O qız bir qara yeliydi, üstümüzdən əsib keçdi. Elə billik, o adlı adam bu dünyada olmayıb. Nə deyirsən, qardaş?

Cındırqulunun ürəyindən tikən çıxmışdı, sən demə, o da bu sözləri İmamyardan həsrətlə gözləyirmiş:

– Nəinki olmayıb, heç indi də yoxdur, əziz qardaş.

Sonra qan qardaşları bir-birinə sarılıb, o üz-bu üz, doyunca öpüşmüşdülər.

…Haman gecə əzgin bir yorğunluq içində yorğan-döşəyə girən Cındırqulu Allahına həmişəki kimi şükür duası etməyə də heyi gəlmədi, gözləri ahəstə-ahəstə öz-özünə yumuldu və indi o, təzəcə yuxuya getmişdi. Qəfildən diksinməyilə yuxudan ayılmağı bir oldu. Gecənin bu qərib sakitliyində həyətdən qulağına "gup-gup" səslər gəlməyə başladı. Bəlkə də ürəyinin səsi idi, çünki Cındırqulunun sinəsində ürəyi elə şiddətlə döyünməyə başladı ki, nəfəsi təngidi. Yorğanı ehtiyatla üstündən kənar eləyib yerindən qalxdı. Ayaqları titrəyə-titrəyə otaqdakı təkgöz pəncərəyə yanaşdı. Özü də bilmədi niyə, amma alnını gətirib pəncərənin soyuq şüşəsinə dayadı. Bütün bədəni tir-tir əsirdi.

Pəncərədən baxıb gördü ki, bu aysız, ulduzsuz gecədə onun balaca həyəti qatı zülmət, qapqara qaranlıq içindədi. Hətta qapının ağzındakı qollu-budaqlı yüz ilin qarağacını belə görmək mümkün deyil. Amma eyni zamanda ona elə gəldi ki, bütün ətraf işıqlı bir süd rənginə bürünüb. Hər yer dümağ işıqdı. Və birdən bu işığın (bəlkə də, qaranlığın) içində nə gördü, nə görmədisə, ürəyi az qala sinəsindən çıxıb yerə düşmədimi, düşdü. Ağlı yerindən oynamadımı, oynadı. Həyəcandan az qaldı huşunu itirsin.

Həyətdə Cındırqulunun gözünə görükən isə bir kölgə idi, başqa şey deyildi. Amma əsl qəribə olan oydu ki, kölgə lümbələnlüt kölgə idi. Bəlkə də bu, bir xəyal idi. Yox, Cındırqulu hövlnak gözlərini ovuşdurdu, bu, xəyal deyildi, bu, VAR idi. Amma bu VAR olan belə bir zülmətdə və hətta belə bir işıq selində necə VAR ola bilərdi – o, bunu anlamırdı. Cındırqulunun ürəyi qəflətən necə sıxıldı, Allah, necə sıxıldı. Xəyalı on illər əvvələ, bulaq başına getdi. Kimi yadına salsa yaxşıdı – Nazpərini. Həyətdəki kölgə heç kimə yox, Nazpəriyə oxşamışdı. Nazpərini itirdiyi zaman da bu hala düşmüşdü. Onda da, indi də elə bilmişdi ki, həyatının sonu çatıb.

Biixtiyar gözləri yaşla doldu, boğazına qəhər gəldi. Əlacsızlıq eynən o vaxtkı kimi bütün ruhunu bürüdü. Eyni zamanda Cındırqulu təəccüb edirdi. Başqa vaxt ondan soruşsaydılar ki, heç kölgə də lüt olarmı, o bu suala, yəqin ki, ağzını büzərdi. İndi isə budu, o gördüyünü görür, lüt bir kölgə onun həyətinə girib durub və zülmət qaranlığın işıq selində işıldayan gözlərini (kölgənin də gözləri olarmış, İlahi! Var idi, var idi…) onun pəncərəsinə, bəlkə də elə onun gözlərinə dikib. Eynən gözləri Nazpərinin gözləri idi. Əgər beyninin bir qırağında əmin olmasaydı ki, kölgə İlahənin kölgəsidi, and içərdi ki, indi həyətdə duran bu lümbələnlüt qız Nazpəridi, başqa heç kim deyil.

Bir müddət Cındırqulu, ürəyi şiddət içində vura-vura (və eyni zamanda sıxıla-sıxıla) təkgöz pəncərənin önündə donmuş halətdə dayanmağına davam etdi. Beynindən qatmaqarışıq və sürətli fikirlər bir-birinin ayağını bastalaya-bastalaya keçib getdi. Nəhayət, o, Nazpərinin xəyalı ilə vidalaşdı, bu dəfə özünü qəti inandırdı ki, kölgə, şübhəsiz, Göyəzən dağının İlahəsinin kölgəsidi, gecə kəndə gəlib öz növbəti qurbanını axtarır, gəzib-gəzib evlərin birindən bu qurbanı tapacaq, alıb aparıb bədbəxtin ruhunu Göyəzən dağının başında batmanlıq zincirlərlə qayaya zincirləyəcək, başlayacaq bu ruha uşaq kimi layla oxumağa. O zavallı adam da bu dünyadakı həyatını artıq ruhsuz yaşayacaq. "Mənədəmi növbə yetişdi?!" – Cındırqulu həzin-həzin düşündü.

Ruhsuz yaşamaq – Cındırqulu bunu artıq bilirdi – ölümdən betərdi. Çünki sən daha heç nədən qorxmursan. İnsan olan bəndə isə qorxmasa olmaz. Cindən, şeytandan, devdən, qurddan-quşdan, çaydan, seldən, ildırımdan, ölümdən, həyatdan, lap elə bu İlahənin özündən qorxmalıdır. Qonşusu, min illərin sadiq dostu, qan qardaşı İmamyarın ruhu dağın başındakı mağaranın ağzından ağ paltar kimi asılıb qalmadımı? İlahənin kölgəsi ilə görüşəndən sonra İmamyar ruhsuz yaşamırdımı?! O həlim, mehriban, səmimi, qəlbində Allah qorxusu gəzdirən İmamyar hara yox oldu? Yerinə gələn qorxunc və əzazil bu adam kim idi?! Hamıya saymazyana baxmağa, Cındırquluya isə az qala nifrət bəsləməyə qalxmadımı?! Nədi, nədi, Cındırqulu kəndin ortsındakı qəhvəxanada onun barəsində belə demişdi:

– Heç yaxşı iş olmadı. İmamyar belə deyildi. Bunu elə bil, canavar dişləyib. Hamıyla kəc gəlir. Xisləti dəyişib. Bu adamın gözəl ruhu hara uçub getdi?! Hayıf, hayıf…

Qəhvəxanaya ölü bir sükut çökdü. Birdən, elə bil, göy guruldadı, ildırım çaxdı. Bu, İmamyarın nərəsi idi.

– Sən… sən nə danışdığındı? Sən kimsən??? - Demə, İmamyar bir az əvvəl içəri girib bir tərəfdə sakitcə-dinməzcə çəkilib oturubmuş və camaatın onun barəsində nə deyib demədiyinə qulaq verirmiş. – Sənin nə işinə mənim ruhum nooldu, noolmadı… Başın bədəninə ağırlıqmı edir? – İmamyarın gözləri nifrətdən böyüdü, təhər-tövrü də, sözləri də təhdidlə dolu idi.

Cındırqulu möhkəmcə pərt oldu. O gözləmirdi ki, İmamyar onu camaatın yanında bu cür xınc edər. İmamyar yerindən qalxıb uzun qollarını yelləyə-yelləyə yaxınlaşdı Cındırquluya, oturduğu yerdəcə bir əlilə onu necə boğzaladısa, quş kimi qaldırdı havaya. Sonra o biri əlilə bunun üzündə elə bir şapalaq partlatdı ki, Cındırqulunun qulaqları cingildədi. Təpəsindən od çıxdı. Az qala huşunu itirdi. Amma yıxıldığı yerdən məzlum-məzlum qalxarkən cınqırını belə çıxarmadı. Şapalaq üzünə dəyəndə ancaq eləmişdi, gözlərini İmamyarın gözlərindən yana qaçırmışdı. Çünki İmamyarın bir anlıq alışıb yanan gözlərinin dərinliyində "Mən nə edirəm? Mən niyə edirəm?" suallarını oxumuşdu.

Hamı şaşırıb qaldı. Qəhvəxananın qabağından keçən uşaqlar, gəlinlər, qızlar səs-küyü eşidib dayandılar. Nə baş verdiyini maraq etdilər. Hətta Cındırquluya bir an elə gəldi ki, onların arasında Nazpəri də var və qızın kinayəli gözləri par-par parıldayırdı.

…O zaman gecə yarısı alnını pəncərənin soyuq şüşəsinə dirəmiş Cındırqulunun qəlbinə qorxu yavaş-yavaş gəldi, amma qəflətən yoxa çıxdı. Keçirdiyi sarsıntını birdən-birə sakit və rahat bir soyuqqanlılıq əvəz elədi: "Mən də İmamyarın gününə düşdüm, mənə də növbə çatdı. İndi mənim də ruhum bədənimdən çıxacaq" Həyətdə Kölgə təkidlə işarə edib onu yanına çağırırdı.

Cındırqulu yuxudaymış kimi gözləri yumulu bir halətdə evdən eşiyə çıxdı.

– Mənimi çağırdın?

Ağzını açıb danışmaq istəyirdi ki, Kölgə incə, zərif bir səslə ondan soruşdu:

– Cındırqulu, sənin bu həyatda ən böyük arzun nədir?

Bu səs Cındırqulunun qəlbinə bir məlhəm kimi yayıldı. Ruhunu oxşadı. Səs incə-incə olub ruhunun ən dərin yerlərinə qədər gedib çıxdı. Həyətdəki səs bitdi, Cındırqulunun içindəki səs isə bitmədi. Uşaqlıqda anası ona belə bir ecazkar və mülayim səslə layla oxuyardı:

"Oğlum, məzlum balam, bəsdi, daha ağlama. Nə istirsən sən? Yat, nəhayət, yat, yat, şirin yuxuya bat, bat…"

Cındırqulu mat-məəttəl qalıb gözlərini Kölgədən çəkə bilmirdi. "Bu, olmasın, olmasın, mənim anamdımı?" – beynindən sürətlə belə bir fikir gəlib keçdi.

– Olmaya, tanımadın, Cındırqulu, sən məni?! İstərsən anan bil, istərsən sevgilin… Mənəm, Cındırqulu, mənəm, tanımadınmı?!

Kölgə öz zərif səsilə deyirdi. Səs zərif olmağına zərifdi – səsin zərifliyi anasının səsindəki zəriflik idi. Amma kölgənin gözləri Nazpərinin gözləri kimi iki parlaq atəş olub yandıqca yanır, yandırdıqca yandırırdı.

Cındırqulu hiss elədi ki, artıq tamam taqətdən düşüb, içinə dolan səsi daha içində saxlaya bilmir, səs onu tərk eləməyə başlayıb. Bir də onu hiss elədi ki, ruhu da bu səsin arxasınca bədənini tərk edir. Ruhu canından çıxdıqca onun beyninə, vücuduna qəribə, əvvəllər bilmədiyi, tanımadığı bir istilik yayılırdı.

– Mənim ardımca nəbadə gəlməyəsən, – Kölgə deyirdi. – Mən indi sənin canından çıxan bu sənə gərəksiz ruhunu səndən alıram, onu aparıb gözdən uzaq bir yerdə gizlədəcəm. O sənə gərək deyil. Onun əvəzinə mən sənə güc və qətiyyət, cəsarət və qorxmazlıq verəcəm. Sən canındakı bu lazımsız ruhun ağırlığından azad olandan sonra özün də görəssən ki, nə qədər yüngülləşəssən, nə qədər qorxmaz, cəsur olassan. Hamıdan fərqlənəssən. Cəsur olmaq istərsən?

– İstərəm, elə istərəm… Nə bacarırsan et mənimlə. Qurtar məni bu ağırlıqdan.

Cındırqulu hiss elədi ki, taqəti yavaş-yavaş özünə qayıdır, vücudu sirli bir ahənglə dolur. Bədənində əzələlər tarıma çəkilir.

– Bir şərtim olacaq. Gəlmə ardımca… ardımca gəlmə!

Cındırqulu bir istədi, bu səsin və bu kölgənin arxasınca o da çıxıb getsin, getsin uzaq uzaqlara, lap elə Göyəzən dağının başına, ömür-billah heç kimi o görməsin, heç kim də onu görməsin, amma səsin sehri, səsin amansız və qəddar, incəcik də olsa, dönməz qətiyyəti imkan vermədi.

Cındırqulu həyətdə ikən ruhu, nəhayət, onun canını tərk edib suyusüzülmüş incik (günahkar) uşaqlar kimi düşdü İlahənin yanına, tutdu İlahənin əlindən və onlar bir yerdə həyətdən çıxıb gözdən itdilər. Çarəsiz Cındırqulu heç nə edə bilmədi.

Bir neçə gündən sonra Cındırqulu qəhvəxanada əyləşib fikirli-fikirli qəhvə içirdi və haman qorxunc hadisə də elə bu zaman baş verdi. İmamyar qəhvəxananın qapısını ayağı ilə təpikləyib içəri daxil oldu. Gəlib əda ilə onun iki addımlığında durdu, əllərini belinə qoyub tərs-tərs (bir az da zənlə) ona baxdı. Elə bil, duyuq düşmüşdü. Cındırqulunun əvvəlki Cındırqulu olmamasını, elə bil, duyurdu. Hiss edirdi ki, qan qardaşı dəyişib. Ürəyinə damdı ki, nə isə baş verəcək. "Ya mənə verən Allah, ya ona" – düşündü.

– Dur, itil burdan, cındırın biri cındır!!! Bilmirsən, bu yer mənimdi?!

İmamyar qorxunc bir səslə bağırdı. Ətrafdakılar nəfəs almağı belə unudub bu ikisinə həm qorxu, həm də təəccüb və maraqla tamaşa eləməyə başladılar. Cındırqulu başını aşağı dikib ağır-ağır qəhvəsini içirdi. Təhər-tövrünü pozmadan qəhvəsini içib qurtardı. Sonra yavaş-yavaş yerindən durdu. Qəddini dikəltdi. Dərindən nəfəs aldı, bəlkə də köksünü ötürdü. Və birdən Cındırqulunu, elə bil, dəyişdilər. Qəflətən heç kimin gözləmədiyi halda Cındırqulu sıçrayıb bir ləhzədə İmamyarın başının üstünü aldı və bu başı bərk-bərk qoltuğunun altına sıxdı (əslində, qucaqladı) və hardansa əlində peyda olan qəməni bir göz qırpımında onun düz boğazına soxdu. Gözləri bərələ qalmış İmamyar cınqırını belə çıxarmağa fürsət tapmadı. Hamı ətrafdakılar dəhşət içində quruyub qaldılar.

– Gəbər, məlun!

Cındırqulu başı kəsilmiş qoyun kimi fınxıran İmamyarın artıq taqətsiz nəşini nifrətlə bir tərəfə itələdi. Ətrafdakılar gözlərini Cındırquludan çəkə bilmirdi. Onun üzü tamamən tanınmaz olmuşdu. Üzünün orası-burası eybəcər şəkildə əyilmiş, qan daman gözləri hədəqəsindən çıxmış və dili-dodağı əsim-əsim əsirdi. Cındırqulu əlində qanlı qəmə qəhvəxanadan eşiyə çıxanda bədheybət bir heykələ bənzəyirdi. Qəlbində isə indiyənə qədər ona tanış olmayan bir gözəl və könüloxşayan naməlum hiss cövlan edirdi. Cındırquluya elə gəldi ki, hər tərəfində çiçək açmış əbədi bir bahar içində uyuyan bu dünya-aləm başdan-başa onun və Nazpərinindi.

Bir xeyli beləcə zaman keçdi. Qəhvəxanadakılar artıq eşiyə çıxmışdılar. Hamı heykəl kimi donub qalmış Cındırqulunu əhatəyə almışdı. Yaxından, uzaqdan qaçıb səsə gəlmiş qız-gəlinin, uşağın arasında onun gözləri yenə də dolanıb-axtarıb Nazpərini tapdı. Qız Nazpəri Cındırqulunun bu halətinə içini çəkib eləcə əli ağzında - o da bir başqa heykələ çevrilib durmuşdu. Bu zaman hamının gözü qarşısında hadisənin davamı baş verdi. Cındırqulu gözü Nazpərinin gözünə sataşandan sonra, elə bil, silkələnib ağır bir yuxudan ayıldı. Bir, əlində tutduğu və İmamyarın qanına bulaşmış qəməyə baxdı, bir də qanrılıb qəhvəxanada artıq səssiz və tərpənməz halda yıxılıb qalmış İmamyarın nəşinə baxdı. Başını qaldırıb göyə də baxmaq istədi, gözlərinə Göyəzən dağı gəldi. Və sonra Cindirqulu yaralı aslan kimi inildəyib-böyürüb çox düşünmədən əlindəki qanlı qəməni var gücü ilə ürəyinin düz üstünə sapladı. Kim idisə "aman, Allah!" – dedi. Ətraf sükuta qərq oldu.

Cındırqulunun ki üzü-gözü kindən və nifrətdən bir az əvvəl əyilib eybəcər hala düşmüşdü, indi hamının gözü qabağındaca yavaş-yavaş düzəlməyə, hətta gözəlləşməyə başladı. Qəmə eləcənə ürəyinin başında, sonsuz təəccüb gözlərində Cındırqulu əllərilə havanı tuta-tuta, dalı-dalı gedib qəhvəxanada yıxılıb qalmış İmamyarın nəşinin üstünə o da yıxıldı.

…Axşam asta-asta, ehtiyatla Göyəzən dağının dik ucundan addım-addım üzü aşağı, kəndə tərəf enirdi. Dağ başının ən uca yerində bir mağaranın ağzının üstünü quş qanadı kimi bir qaya almışdı. Bu qayanın iki qəlpəsinə Göyəzən dağının İlahəsi iki ağappaq ruhu üzbəüz asıb aralarında lüt-üryan durmuşdu və hərdən-birdən bu ruhları əzizləyirmiş kimi onlara əli ilə toxunub dodaqaltı nə isə mızıldanır, elə bil, layla oxuyurdu. Uzaqdan baxan olsaydı, kənd evlərinin həyətində qurulan zivələrdən asılmış ağ köynəklərə bənzədərdi bu ruhları. Meh vurub onların qollarını, bədənlərini hərdən bir-birinə toxundururdu.

Tarix
2014.11.06 / 22:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

Paşinyan orduya geri çəkilmək əmrini apreldə verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla