Yuxarı

Axar.Az Logo carnation

İtaliyada filmə çəkilən Günel: “Ona görə sənətimi də ataram”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soyuq və küləkli qış havasında titrəyərək Gənc Tamaşaçılar Teatrının aktyor heyəti üçün nəzərdə tutulan keçidə yaxınlaşdım. Mühafizəçiyə özümü təqdim edib, Günel Məmmədova ilə görüşəcəyimizi dedim.

Mühafizəçi müqəssir kimi üzümə baxdı: "Günel xanım indicə getdi".

Nəhayət, gözlənilən gün çatdı və biz Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova ilə görüşdük. Onun qrim otağı balaca pərəstişkarların hədiyyələri, çiçəkləri ilə bəzədilmişdi. Gərgin tamaşa uğurla yekunlaşdığından gənc aktrisanın üzündə heç bir yorğunluq əlaməti hiss olunmurdu. Olduqca xoşbəxt görünürdü.

Anjel mənə doğmadır...

- Günel xanım, "Sarıköynək və Valehin nağılı", "Romeo və Cülyetta", "Məhv olmuş gündəliklər" əsərləri kifayət qədər mürəkkəb və psixoloji baxımdan olduqca zəhmət tələb edən tamaşalarda oynamısız. İfa etdiyiniz hansı obraz sizə daha doğmadır?

- Elə bir obraz indiyə qədər olmayıb ki, özümü həmin obrazda hiss edə biləm. Amma İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər"i mənə olduqca doğmadır. Anjel obrazında fədakar və dərdli qadın canlandırılıb. Mən bu rolu ifa etdikdə, xüsusi zövq alıram.

- Bildiyiniz kimi, bir çox xarici aktyorlar vətənimizə yüksək qonorarla dəvət alırlar, filmlərimizdə çəkilirlər. Bəs nə üçün əcnəbi film və seriallarda bizim aktyorlar yer almır?

- Deməzdim ki, bizim aktyorlar xarici filmlərdə yer almırlar. Şəxsən mən İtaliyada "About love" ("Sevgi haqqında") filmdə çəkilmişəm və bu yaxınlarda Türkiyədə yayımlanan "Dağ qartalları" serialında əsas obrazlardan birini ifa etmişəm. Hazırda da təkliflər var, amma bir qədər ailə problemlərimə görə bu təklifləri rədd etmək məcburiyyətindəyəm.

- Ailə demişkən, yəqin hər kəs üçün maraqlı olar - Günel xanım ailəlidir, subay?

- Yox. (Gülür) Subayam.

Sənət mənim üçün hər şeydir...

- O zaman ənənəvi sualım: gələcəkdə sevdiyiniz insandan ailə təklifi ilə yanaşı sənətdən uzaqlaşmaq tələbi arasında qalsanız, hansını seçərdiniz?

- Sənət mənim üçün hər şeydir: sevgidir, dostluqdur, milyonlarla insanın diqqəti və alqışıdır. Amma ailəni üstün tutardım.

- Yəni o zaman sevdiyiniz sənətdən asanlıqla uzaqlaşırdınız?

- Əslində, sənətdən uzaqlaşmağı düşünmürəm və heç bir vaxt da sənətimi atmaq istəmərəm. Amma həqiqətən də ürəyimcə olan bir insan qarşıma çıxsa və mənimlə ailə həyatı qurduqda sənətimdən uzaqlaşmağımı istəsə, onunla razılaşaram. Ailə hər bir qız üçün vacibdir. Xüsusən də gözəl, nümunəvi ailə.

Fikrimcə isə məni olduğum kimi qəbul etməlidirlər. İnsan sevdiyi insanı incitməməlidir. Bir baxın, bu yerə qədər gəlməyim üçün nə qədər əziyyət çəkmişəm?! Təhsil, təcrübə, məşqlər. Bəzən bir tamaşaya aylarla vaxt ayırırıq. Yaxşı olardı ki, gələcəkdə sevdiyim insan mənə qarşı anlayışlı olsun.

"Ulduz" pas atacaq...

- Çox əziyyətlərlə qarşılaşdığınızdan danışdınız. Amma çoxları düşünür ki, istənilən sənət sahəsində yüksəlmək üçün mütləq kiminsə dəstəyi olmalıdır. Sponsor və s.

- İnandırım sizi ki, əgər o "ulduzun" istedadı yoxdursa, o yalnız pas atacaq və heç bir maddi köməyin ona xeyri olmayacaq. O ki qaldı mənə, bilənlər bilir, bilməyənlər üçün də bir daha səslənirəm: mənim yeganə himayədarım, kömək və dayağım Allahdır. Onun sayəsində bütün arzularıma çatmışam. Və inşallah, bundan sonra da çataram!

Estafet peşəkar aktyorlarındır...

Elə bu vaxt Günel xanımın telefonunda quraşdırılan azan səsi eşidildi. Məlum oldu ki, artıq namaz vaxtıdır, ona mane olduğum üçün özümü narahat hiss etsəm də, mənə təskinlik verməyə çalışdı:

- Narahat olmayın, suallarınızı verin.

- Müasir kino və serial çəkilişlərində bir çox qeyri-peşəkar insanlar çəkilirlər. Sizin fikrinizcə, bu, normal bir haldır?

- Çəkilən insanların içərisində istedadlıları ola bilər, amma çox az sayda. Misal üçün 10 nəfər həvəskarlardan yalnız biri məharətlə tapşırılan obrazı ifa edə bilər. Və əsas bir məsələni də qeyd edim: onların filmə çəkilmələri heç də sənətə gəlmələrindən xəbər vermir, təbii ki, bütün bu hallar müvəqqətidir. Estafet yalnız peşəkar, sözünü demiş, təcrübəli aktyorlarındır.

- Maraqlıdır, ailənizdə bu sənətə aid insan varmı? Və necə oldu ki, siz məhz sənətə üz tutdunuz?

- Xeyr, ailəmizdə, ümumiyyətlə, aktyor yetişməyib, amma ailəm sənətə, sözə qiymət verməyi bacaran, olduqca ciddi insanlardı. Heç yerdə demədiyim bir həqiqəti sizə açıqlayacam, amma gülməyin: 2006-cı ildə teatra gəldim, 2007-ci ilə qədər 1 il ərzində hər gün anam məni teatra aparıb gətirərdi. İndi də böyük məmnuniyyətlə bu "ənənəni" davam etdirərdi, amma səhhəti imkan vermir.

Mən bu ciddiliyi ailəmdə gördüm, özümlə bərabər onu teatra da gətirdim. Təməlimi elə qoydum ki, heç kəs mənə artıq-əskik bir söz də olsun, deyə bilməz. Buna şərait də yaratmamışam.

Adətən aktyorlara qeyri-ciddi yanaşırlar, amma aramızda elə ciddi insanlar var ki, onlara yaxınlaşıb bir söz soruşmağa belə çəkinirsən. Elə özüm də çox danışıb-gülməyi sevmirəm, ciddiliyə üstünlük verirəm.

Mənə qarşı paxıllıqlar çox olub...

- Aktyor dostlarınızdan özünüzə qarşı qısqanclıq hiss etmisinizmi?

- Mənə qarşı paxıllıqlar çox olub. Amma Allah hər bir şeyi yerinə qoyur. Mən bu məsələ ilə bağlı danışmaq istəməzdim, hər halda, bizim sənətimiz güzgü kimi insanların gözü qarşısındadır və ən gözəl seçimi onlar edirlər.

- Sizi "Ləkə" serialında mənfi obrazda gördük. Mənfi obraz ifa etmək çətindir, yoxsa müsbət?

- Əlbəttə, mənfi çətindir. İnandırım sizi ki, uzun müddət depressiyaya qapılır, niyə canlandırdığın obraz səhvlər edir deyə düşünürsən. Qeyd edim ki, bu mənim ilk mənfi obrazımdır, amma məhz bu serialın yayımından sonra mən çoxsaylı mənfi obrazlara təklif aldım. Rejissor Şahin Qəhrəmana aid "Səni ürəyim sevdi" serialı da mənfi obrazımla yadda qaldı.

O ifritə də gözəl oynayıb...

"Ləkə" serialı ilə bağlı isə sizə bir əhvalat danışım. Deməli, aktyorumuz Rövşən avtobusla yol gedir, qəfildən bir yaşlı qadın ona yaxınlaşır:

"Ay bala, sağ ol, nətəri də yaxşı oynamısınız eey, deyirəm, vallah. Hamınız: sən, Fidan, Kənan..." Sonra mən də yadına düşürəm və geri qayıdıb asta səslə deyir: "Hə, o ifritə də yaman gözəl oynayıb haa, canım üçün..."

Mən o nənəyə öz təşəkkürümü bildirirəm və deyirəm ki, mənfi obrazımla hafizələrdə ifritə sürəti yarada bilmişəmsə, bu mənim qələbəmdir.

Ümumiyyətlə isə son zamanlar daha ciddi obrazlar ifa edirəm. "Romeo və Cülyetta" artıq 3-cü tamaşa idi ki, tərəfimizdən oynanılır.

"Çimnaz xanım yuxudadır" tamaşasında gözəl aktrisamız Naibə xanımla tərəf müqabiliyəm. Teatrda müəllimim xalq artisti Rafiq Əliyevdir.

Onu qeyd edim ki, ali məktəbi bitirdikdən sonra aparıcı olmağımı düşünürdüm. Amma qismət belə imiş və mən çox razıyam taleyimdən. İnandırım sizi, ən çox sevdiyim balaca pərəstişkarlarımdır. Onların balaca əlləri ilə ürəkdən alqış yağdırmaları dünyanın xoşbəxti edir məni, vallah. Uşaqlar üçün nəzərdə tutulan "Çəkməli pişik", "Qoğal" tamaşalarında sevə- sevə çıxış edirəm, özüm də balaca tamaşaçılarımla sanki uşaqlaşıram. Onların sevincini hiss edəndə mən də sevinirəm. Bu, izaholunmaz, gözəl bir hissdir.

Allah nəyi yazırsa, insan onu yaşayır. Bu yazı da mənə aid imiş - aktrisa olmaq, bir çox mürəkkəb obrazlarla insanların sevgisini və ya nifrətini... (gülür) qazanmaq.

- Günel xanım, sonda hər müsahibimə ünvanlandırdığım və ən çox sevdiyim sual ilə sizə də müraciət edirəm: sizin üçün həyat hansı rənglərdən ibarətdir?

- (düşünür) Yəqin, daha çox al-əlvan. Amma depressiyalı vaxtlarımda həyatı tünd rəngdə görürəm. Ümumiyyətlə isə həyat rəngarəngdir və özü kimi rəngarəngliyi sevir...

Tarix
2015.03.02 / 09:42
Müəllif
Aynur Nurlu
Digər xəbərlər

Azərbaycan-Gürcüstan əlaqələri mühüm önəm daşıyır

Arakçı ABŞ-a səfərdən imtina etdi – Səbəb

35 il əvvəl İğdır: “Yol verin, Azərbaycana keçək” - Video

Ermənilər sərhədimizə yaxın yeni qüvvə yerləşdirdi - Foto

ABŞ-ın Ermənistana birtərəfli dəstək faktları... - Bayramov

Parlamentdə “Ermənistan və “artsax” xəritəsi” cırıldı - Video

Los-Ancelesdəki konsulluğun fəaliyyətinin bərpası...

20 yanvar 1990: Başlarına qırmızı bağlayanlar kim idi? - Video

Nazir saxlanılan gəmilərdən danışdı: Müsbət irəliləyişlər var

Azərbaycanın Ermənistanla təmasları davam edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla