Yuxarı

Onlar həbsxanada bunları yazıb…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-Kult məşhur şairlərin həbsxana şeirlərini təqdim edir:

Sunay Akın

Məhbus

Məhbus olacağını bilərək

Yenə bu səhər

Dəmir barmaqlıqdan içəri

Xəfifcə sızdı günəş.

Görüş günündə

Çiçək gətirmək qadağan olunanda

Arxa divarın dibində

Sarmaşıq toxumu əkib anam.

Hansı ki

əl də edə bilməmişdim ona.

Növbədə saatlarla gözləyib

Doldurduğu içməli suyu

Arxamca atanda.

Əhməd Arif

İçəridə

Xəbərin varmı daş divar?

Dəmir qapı, kor pəncərə,

Yastığım, çarpayım, zəncirim,

Uğruna ölümlərə gedib gəldiyim,

Gizlətdiyim üzgün rəsm,

Xəbərin varmı?

Görüşə gələnim yaşıl soğan göndərib,

Siqaretim qərənfil qoxuyur,

Dağlarına bahar gəlib məmləkətimin.

Nazim Hikmət

Pirayə üçün yazılmış saat 21-22 şeirləri

Nə gözəl şeydir xatırlamaq səni

Ölüm və zəfər xəbərləri içində,

Həbsdə və yaşım qırxı keçmişkən.

Nə gözəl şeydir xatırlamaq səni

Bir mavi parçanın üstündə

Unudulmuş əlin və saçlarında

ağır yumşaqlığı canımın içi İstanbul torpağının.

İçimdə ikinci bir insan kimidir

səni sevmək səadəti.

Barmaqlarının ucunda qalan

Ətirşah yarpağının ətri,

Günəşli bir rahatlıq

Və ətrin dəvəti…

Qıpqızılı cizgilərlə bölünmüş

İsti, tünd bir qaranlıq.

Nə gözəl şeydir xatırlamaq səni.

Sənə aid yazmaq,

Həbsdə arxası üstdə yatıb səni düşünmək,

Filan gün, filan yerdə söylədiyin söz,

Özün deyil, ədandakı dünya…

Nə gözəl şeydir xatırlamaq səni.

Sənə taxtadan nəsə oymalıyam yenə.

Bir rəf, bir üzük

Və üç metrə qədər incə ipəklik toxumalıyam.

Və elə o an yerimdən sıçrayaraq,

Pəncərəmdə dəmir barmaqlıqlara yapışaraq

Hürriyyətin süd kimi ağ maviliyinə

Sənə yazdıqlarımı bağıra-bağıra oxumalıyam.

Nə gözəl şeydir xatırlamaq səni

Ölüm və zəfər xəbərləri içində,

Həbsdə və yaşım qırxı keçmişkən.

Yatar Bursa Qalasında

Sevdalınız kommunistdir,

On ildən bəri həbsdədir.

Yatar Bursa qalasında.

Həbsxanadadır amma

zəncirini qırıb yatar,

Ən əla mərtəbəyə çatıb yatar,

Yatar Bursa qalasında.

Məmləkət torpağındadır kökü,

Bədrəddin kimi daşıyır yükü.

Yatar Bursa qalasında.

Ürəyi deşilib batmadan,

Mahnısı tükənib bitmədən,

Cənnətini itirmədən

Yatar Bursa qalasında.

Bu gün bazar

Bu gün bazar…

Bu gün məni ilk dəfə günəşə çıxardılar.

Və mən ilk dəfə göy üzünün

bu qədər məndən uzaq,

Bu qədər mavi,

Bu qədər geniş olduğuna təəccüblənərək

Qımıldanmadan dayandım.

Sonra hörmətlə torpağın üstündə oturdum,

Söykədim kürəyimi divara.

Bu anda nə düşmək istəyirəm dalğalara,

Bu anda nə dava, nə azadlıq, nə yarım.

Torpaq, günəş və mən…

Bəxtiyaram…

Can Yücel

Bir sən əskikdin, Ay işığı...

Biləklərimizi göyərtmiş yeni alman qandalları,

Avtobusun qızdırıcıları xarab oldu zirvəyə yaxınlaşanda.

Səkkiz saatdır karbonatlı bir çay belə içmədik.

Başımızın üstündə prinsipial bir çavuş

Nidedən Adanaya həbsxanaya gedirik.

Bir sən əskikdin, Ay işığı

Gümüş bir tük tikmək üçün mənzərəyə.

Attila İlhan

Qətiyyən

Sabiha bu kişilər məni götürüb aparacaq,

Qətiyyən ağlamağını istəmirəm.

Soruşacaqları var imiş – illərdir soruşurlar.

Görünür, bu sorğu hələ illərlə davam edəcək.

İlk apardıqlarını bax xatırlayıram:

Birliyə yazıldığım günlərdi sanıram,

Maşının işıqlarına yağış yağırdı,

Siqaretim islanmış, küçələr nədənsə dar,

Bu dəfə isə tərslikdən çox gözəldi bahar.

Uşağa heç nə demə, Sabiha, bəlli olmaz.

Qətiyyən ağlamağını istəmirəm.

Bir də gördün, tez bitdi, axşam evdəyəm.

Gec gəlsəm, get Hüseyni tap –

əli qızıl qanda olsa, bizi buraxmaz.

Çantamı hazırlayarsan – pijamam, çəkələklərim,

İcazə verərlərsə, səni də gözləyərəm.

Bir gülüşün vardı, sanki İstanbul gözlərin

gözlərimi tapar-tapmaz

içimdə bütün şəhər at qarışqası kimi

fırlanar, fırlanar – işıq, rəng və pul.

Ay allah, bu yaz məni öldürəcək...

Küləkdəki qoxular, dodaqlarımdakı duz,

Bu kişilər, Sabiha, məni alıb aparacaq,

Günlərdən cümə, səhər saat doqquz.

Qətiyyən ağlamağını istəmirəm.

Pulun varmı, yoxmu bilmirəm,

Al bu yüz lirəni üstündə olsun.

Yüz də mənə qalır, varımız-yoxumuz,

Uşağa nəsə al, onunla ovunsun.

Bəylər, mən hazıram, haydı gedək,

Sabiha, unutma, səni gözləyirəm...

Səbahəddin Əli

Həbsxana mahnısı

Başın önə əyilməsin,

Aldırma, könül, aldırma.

Ağladığın duyulmasın,

Aldırma, könül, aldırma.

Bayırda dəli dalğalar,

Gəlib divarları yalar.

Səni bu səslər ovudar,

Aldırma, könül, aldırma.

Görməsən belə dənizi,

Yuxarıya çevir gözü.

Dəniz kimidir göy üzü,

Aldırma, könül, aldırma.

Dərdlərin qalxanda şahə,

Bir söyüş yolla Allaha.

Görəcək günlər var daha

Aldırma, könül, aldırma.

Güllə ata-ata bitər,

Yollar gedə-gedə bitər.

Cəza yata-yata bitər,

Aldırma, könül, aldırma.

Tarix
2015.03.17 / 08:15
Müəllif
Nigar An
Digər xəbərlər

İlkin hesabat yayıldı: Rusiya mediasını yenə “oynadı”

Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - Foto

Paşinyan ABŞ-da Bakının qara siyahısında olanla görüşdü

AZAL bütün prosedurlara riayət edib - Hesabat

Paylan “qisas”a çağırdı: Bundan sonra 100 savaş da olsa…

AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabat... - Qazaxıstan

Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı

Bu bələdiyyə üzrə təkrar seçki keçirilə bilər

Qaro Paylan özünü daşnak kimi aparır - Eltürk

Poqosyan Ramiz Yunusu ölümlə hədələdi: Siz çaqqalları…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla