Əsl adı İbrahim olan Uran rep dünyasında öz dəst-xətti,
düşüncə tərzi ilə fərqlənən reperlərdəndir.
Onunla müsahibəni təqdim edirik.
- Ömrünün hardasa 7-8 ilini bir peşəkar hərbçi kimi
hərbiyə həsr eləmisən. Necə oldu ki, hərbidən
uzaqlaşdın?
– Bunun səbəbi bilavasitə musiqi fəaliyyətimlə bağlıdır. Ordudan
ehtiyata buraxılma prosesinin incəlikləri və detalları barəsində
isə bölüşmək istəməzdim.
- Son vaxtlar sənət adamları da daxil olmaqla ən çox
müzakirə olunan mövzu yanacağın bahalaşmasıdır...
– Fikrimcə, belə bir "yeni il hədiyyəsi"nə layiq deyildik biz.
2013-cü ilin sentyabr ayından etibarən minimum əmək haqqı 105
manata qədər artırıldı, bu köhnə minimum əmək haqqına nisbətdə
(93.50 manat) 12.4%-lik artım deməkdir. Yanacağın qiyməti bildiyim
qədər 30% qalxdı. Nəticədə ərzaq və digər məhsulların qiyməti də
qalxdı. Münasibətim pisdir və bu haqda rəsmi feysbuk səhifəmdə öz
fikirimi bildirdim, demək olar ki, qiymət artımından dərhal sonra.
Qiymət artımına gətirilən səbəblərin birini də əsaslı saymıram.
- Yəqin Ukrayna hadisələrini izləyirsən - Kliçko,
Ruslana, Ukrayna gözəli... Burdan necə görünür Maydan?
- Dünyada ən zəhləm gedən şeylərdən biri siyasətdir. Hər hansı
reperi dinləyəndə (lap dilini başa düşməsəm də) onun səmimi, yaxud
qeyri-səmimi olduğunu müəyyən edə bilərəm. Amma bunu siyasətçilər
barəsində deyə bilmərəm. Ukraynada gedən proseslərə qalanda, məncə
ilk növbədə insanların mədəni inkişafı, düşüncə tərzi onlara
konkret addımlar atmağa imkan verir, inqilab və dəyişiklik ilk
növbədə beyinlərdə olmalıdır, meydanlarda yox. Mənimçün əsas olan
təşəbbüsün konkret siyasi qüvvələrdən, yaxud xalqdan gəlməsindən
asılıdır.
- Azərbaycanı nə vaxtsa həmişəlik tərk etmək barədə
düşünmüsənmi?
- Düşünmüşəm, indi də arada düşünürəm. Amma həmişəlik yox, bir
müddətlik. Səyahət üçün, təhsil üçün, mədəni fəaliyyət üçün.
- İndiki repin səviyyəsi səni qane edirmi?
– Əgər səviyyə dedikdə reperlərin həyat səviyyəsi nəzərdə
tutulursa, yox, repdə hələ də pul yoxdu. Əgər səviyyə dedikdə
tələffüz müxtəlifliyi və texniki göstəricilər, mövzular, konsert,
klip, albom və ümumən hip-hop mədəniyyətinin bir qolu kimi repin
götürdüyü inkişaf kursu nəzərdə tutulursa, bu məni qane edir,
yetərincə pis və yaxşı rep musiqiçisi var.
- Treklərin çoxdur, amma "Kor Zabit" treki xüsusilə
seçilir və neçə il üstündən keçməsinə baxmayaraq, hələ də sevilir.
Sizcə, onun bu qədər sevilməsinin səbəbi nədir?
– Əslində sual dinləyicilərə ünvanlanmalıdır, öz növbəmdə onu
deyim ki, "Kor zabit" treki cəmiyyətimizdə gördüyüm konkret neqativ
halı işıqlandırmaq və bu halın qarşısını almaq üçün nəzərdə tutulan
sosial mövzulu hekayə-repdi. Trekin gətirdiyi məşhurluq və bəxş
etdiyi uğuru dana bilmərəm.
- Kanallarda az-az görünməyinin səbəbi? Dəvət yoxdur, ya
özün tez-tez görünmək istəmirsən?
– Dəvət almıram, alanda da getmək istəmirəm. TV-yə baxmıram,
ancaq futbola baxanda TV-ni qoşuram. Buna görə məni maraqlandıran
hər hansı şou və veriliş yoxdur ki, deyim, filan kanaldakı filan
verilişin qonağı olmaq istəyərdim. Açığı heç marağım da əvvəlki
kimi deyil.