Axar.az Sevinc Elsevərlə
müsahibəni təqdim edir.
– Sevinc xanım, Feysbukda tez-tez statuslar paylaşırsan,
əksəriyyəti də məişət mövzusundadır: oğlum, qızım, ərim, ev işləri,
soyuducu, kartof, soğan... Həyatında dəyişən nəsə var?
– Hə... bütün günü məişətin içindəyəm də. Oğlumla, qızımla,
mətbəximlə, soyuducumla... hər şeydən əvvəl qadınam. Həm də
Feysbuku elə də ciddiyə almıram. Bədii yazılarımdan fərqli yanaşmam
var onlara. İkincisi də oğlumdan, qızımdan yazsam da, mən
uşaqlardan ancaq maraqlı detalları götürürəm. Bilirsən ki, uşaq
ədəbiyyatıyla da məşğulam.
– Bilirəm.
– Bu yaxınlarda yeni uşaq şeirlərim saytda yayımlandı. Bir uşaq
romanım hazırdı. Nəşriyyatla söhbətimiz alınsa, çap olunacaq.
Nağılları yenidən işləmişəm. Təxminən on nağıl. Həmin nağıllardakı
qanlı, dəhşət və vəhşət doğuran nə varsa çıxarıb atmışam, yerinə
humanist şeylər qoymuşam. Uşaqlarım mənimçün təkcə öz uşaqlarım
kimi maraqlı deyil.
– Necə yəni?
– Onlar mənimçün həm də mövzu kimi maraqlıdırlar. Hətta yaxşı
pul gətirsə, bir işim olsa, ancaq uşaq ədəbiyyatıyla məşğul olaram.
Ən zövq aldığım işdi. Bir də bağça müdirəsi olmağı məmnuniyyətlə
istəyərəm. Uşaqları müşahidə etməyə xeyli imkanım ola, çoxlu
yazaram. Uşaq romanımı çap elətdirməyə yer tapmıram, heç kim uşaq
ədəbiyyatına pul qoymaq istəmir.
– Həm şeir yazırsan, həm nəsr. Özünü hansında daha rahat
və peşəkar hiss edirsən? Daha konkret: özünü şair hesab edirsən,
yoxsa nasir?
– Şeirdə rahatam. Nəsr səbir və çoxlu vaxt tələb edir. Çoxları
məni şeirdə daha bacarıqlı hesab edir. Bunun yeganə səbəbi odur ki,
şeirin həcmi onun üzərində çox işləməyimə imkan verir. Nəsrin yox.
Həm də pulsuz işləmək bezdirib artıq. Kimsə, elə bil, məni məcbur
edir yazmağa. Yazanda rahatlaşıram. Pulsuz yazmaq istəmirəm. Bəsdi
də pulsuz yazdım. (gülür)
– Tez-tez yazırsan?
– O vaxt yazıram ki, yazmağı şiddətlə arzulayıram və
darıxıram.
– Məncə, lap əvvəldən ədəbiyyatdakı təşkilatlanmalar
səni o qədər maraqlandırmayıb. Düz hiss etmişəm?
– Təşkilatlanmalar maraqlandırmayıb deyəndə ki, AYO üzvü olmuşam
uzun müddət. Bunun da səbəbi o olub ki, orada ruhən azad hiss
eləmişəm özümü. Mən AYB orqanlarında da çap olunmuşam əvvəllər.
Hissiyyatıma güvənən adamam. Sevinirəm ki, AYB-dən uzaqlaşdım.
Çünki dostlarımın başına gələnləri gördüm.
– Dostlarının başına nə gəldi ki?
– Şərifin, Ayxanın, Mövludun və başqalarının. Əsəblərini hər
şeydən çox istəyən adamam mən. Əsəblərimi qorumaq üçün hər şeydən
vaz keçərəm. Bütün o prosesləri, yəqin, elə mən də keçəcəkdim. Bu
başdan "haray" dedim. Yaxşı ki, demişəm. Çox gənc olanda maraqlı
idi ədəbi təşkilatlar. İndi əvvəlki təşkilatlanmalar da yoxdu axı.
Paramparça oldu hamısı.
– Əvvəl erotik şeirlər yazırdın. Buna görə səni çox
qınadılar. Mən bilən, daha yazmadın. Səbəb nə oldu? Yoxsa, yenə
yazırsan?
– Kəramət, özün istedadlı oğlansan. Sən də belə deyəndən sonra
daha nə oldu? (gülür) Erotik şeirləri Nuridə Atəşi yazıb. Mən
erotik nəsə yazmaq naminə şeir yazmamışam.
– Erotik şeirlər yazmamısan, bəs yazdıqların
nədir?
– Qadın problemlərini bütün çılpaqlığıyla göstərmək, ola bilsin,
bir az da diqqəti bu problemlərə yönəltmək üçün bir az açıq, bir az
sərt olmuşam. Üstəlik, əgər bir sənətçi – qadın ya kişi olmağından
asılı olmayaraq, əsərlərində, ya filmlərində erotik səhnə
göstərirsə, bu həyatımızın bir parçası deyilmi?
– Aha…
– Yazıçını, yaxud sənətçini o vaxt günahlandırmaq olar ki, o
insanları yanlış yola dəvət etsin. Məsələn, desin ki, qız zorlamaq
yaxşı şeydi, bu işdən əla zövq almaq olur, əziz kişilər. O
səhnələri nümayiş elətdirsin. Bir də var o səhnələri nümayiş
elətdirərək, qurbanın əzablarını ön plana çəksin. Bu incə nöqtəni,
təəssüf ki, bizim oxucular, hətta bir çox tənqidçilərimiz ayıra
bilmirlər. Halbuki hətta Sovet dövründə bizim yazıçıların,
rejissorların əsərlərində bu cür səhnələr yer alıb. Bir var
erotika, bir var pornoqrafiya. Bizim oxucular bunu da
qarışdırırlar. Trier "Nimfomaniya" filmində seks düşkünü olan
qadının obrazını yaradır. Qadın bütün həyatını evində bir gecə
keçirdiyi kişiyə danışır. Onun hədəfi daha çox kişiylə yatmaq imiş.
Amma filmin sonunda önəmli bir mesaj var: Eşqsiz sevişməyin
dadı-duzu yoxdu! Tamaşaçılar o mesajı görmür, filmdəki erotik
səhnələri qınayır. Bir çox ölkələrdə o filmi qadağan elədilər.
Eşqsiz, bir kişini sevmədən qadın xoşbəxt ola bilməz.
– Səhv eləmirəmsə, bir şeiriniz vardı. Birotaqlı
evimizdə atamla anam sevişərkən, balaca qız uşağıydım. Yadınıza
düşdü?
– Hə... o şeirdə birotaqlı evlərdə ailə saxlayan, kasıblıqdan,
yoxsulluqdan içkiyə qurşanan, hər şeyin acığını ailəsindən çıxan
bir kişinin faciəsindən bəhs olunur. İçən, arvadını döyən, söyən,
uşağının gözü önündə təhqir eləyən. Eyni zamanda, qız övladının
gələcəyindən narahatlıq keçirən atadı o. Narahatdır ki, qızının
başına bu ölkədə pis bir şey gələcək. Qızını qorumağı bacarmayan
kişi qızını təhqir eləməklə bunun acısını yenə qızından çıxarır. Və
həmin qızın ta uşaqlıqdan aldığı zədələri, uşaqlıq travmaları...
Qısa bir şeirdə bütün bunların hamısını nə qədər sığdırmaq olarsa,
o cür sığdırmışam. Şeirin sonunda qız atasını qalstuklu, şoferli,
portfelli başqa kişilərlə müqayisə edir, başa düşür ki, atası çox
yazıq adamdı. Dözməmiş, ərimiş, kiçilmiş ürəklə "məndə elə ürək
hanı onun kimisini sevməyə?" deyir. O şeiri roman yazmalıydım,
bəlkə. O qədər mətləbi bir şeirə sığdırmaq çətindi. Başa düşənlər
düşdü, düşməyənlər də ittiham elədi. Roman eləsəydim, daha aydın
olardı. Amma "Falçı" romanında həmin kişinin obrazı var. Firuzənin
yeznəsi yenə həmin kişidi, Fatmanın atası.
– Yaradıcılığın haqda fikirləri, məncə, belə
ümumiləşdirmək olar: Sevinc səmimi yazır, amma səmimiyyət hələ
ədəbiyyat deyil. Bu fikrə münasibətin necədir?
– Səmimi yazılmayan mətni də mən ədəbiyyat hesab eləmirəm. İndi
neyləyək? Səmimi deyəndə nə nəzərdə tutursunuz? Siz hardan
bilirsiniz ki, mən səmimiyəm? Bəlkə, elə sizi aldadıram? Sadəcə,
mən qadın problemlərini açıq şəkildə yazdım, qorxmadım, çəkinmədim.
İndi televiziyalarda bilirsən səmimi nə qədər arvad-qız var? Biri
deyir, ərimi aldatmışam, o biri deyir uşağımı atmışam. Xoşqədəmin
verilişinə çoxlu səmimi qadınlar çıxır. Onlar hamısı yazıçıdırmı?
Bu, nə boş-boş söhbətdir? Lamiyə Quliyeva bu saat bu ölkədə hamıdan
səmimidi. Onda ona Nobel versinlər? Mən, sadəcə, sevdiyim kişiyə öz
mətnlərimdə "gülüm", "bülbülüm" demədim. Ətim töküldü. Mən subay
olanda da sevgi şeiri az yazırdım. Məni tamam başqa mövzular
maraqlandırıb. O mövzular ki, yeni idi, insanları
diksindirirdi.
– Deyəsən, əsəbiləşdin. Üzr istəyirəm.
– Yox, əsəbiləşmirəm. Sən özün bu şeyləri gözəl bilirsən,
sadəcə, məni danışdırmaq istəyirsən. Yaxşı. Danışaq da. Sənə də bu
lazım deyil? Amma mən onu da bilirəm ki, oxucuyla səmimi olmağa,
heç olmasa, çalışmalısan. Bacarmasan da, özünü buna zorlamalısan.
Yoxsa, inandıra bilməyəcəksən. Alınmayacaq.
– Azərbaycan qadınını necə görmək istəyirsən? Bu imkan
sənin əlində olsaydı, hansı təklifləri verərdin?
– Azad, güclü, təhsilli, səmimi görmək
istərdim. Mən arzu edirəm ki, Azərbaycan qadınının öz düşünən beyni
olsun, başqalarının düşüncələrinə görə həyatını qurmağa məcbur
qalmasın. Mən Azərbaycan qadınını belə görmək istəmirəm. Azərbaycan
qadınının bu vəziyyətdə çapalamaması üçün onun təhsilli olması
şərtdi. Qız uşaqları oxumalıdı. Qadın-kişi bərabərliyi kağız
üstündə qalmamalıdı. Sözdə deyilməməlidi. Qadına münasibət
dəyişilməlidi. Ona "qabırğasan", "ikincisən", "sənin üstündə hər
bir niyyətimi həyata keçirmək haqqım var" deyilməməlidi. Başqa nə
deyim e? Zatən, hamı hər şeyi özü görmürmü?
– Qadın-kişi bərabərliyindən danışdın. Səncə, qadın və
kişinin bərabər olması mümkündür? Dünyada elə bir cəmiyyət varmı
ki, orda qadınla kişi tamamilə bərabər olsun?
– Qadın-kişi bərabərliyi deyəndə, onların bərabərhüquqlu
olmasını nəzərdə tuturam. Fiziologiyaya gələndə, uşaq da bilir ki,
qadın ayrıdı, kişi ayrı. Oğlum hələ 4 yaşındadı, bilir ki, oğlandı.
Bəzən ona nəsə almaq istəyirəm, deyir, mən oğlanam, qız deyiləm ki,
istəmirəm. Yaxud deyir ki, ana, mənim nə vaxt saqqalım çıxacaq?
Məndən "ana saçım nə vaxt uzanıb sənin saçın qədər olacaq?" – deyə
soruşmur. Qadına və kişiyə, oğluna və qızına bərabər imkanlar
tanımalısan. Birini o birinin ayağına verməməlisən. Hər şey ailədən
başlayır. Evində qızı və oğlu olan valideynlər uşaqlıqdan
uşaqlarını bir-birinin hüquqlarına, istəklərinə hörmətlə yanaşmağı
öyrətsələr, heç belə problemlər də olmaz. Oğluna velosiped alıb,
qızına sən qızsan, sənə velosiped almaq olmaz desən, əlbəttə, eyni
imkanı tanımamış olursan, qızının hüququnu tapdayırsan. Sabah oğlun
böyüyəndə sənsiz də bacısının hüquqlarını tapdalayacaq. Yaxud
qızını məktəbə göndərməyən, oğlunu göndərən valideynlər var!
– Sevinc xanım, kişi yazarlarımızın əksəriyyətində hiss
edirəm, onlar qadınların ciddi əsər yazacaqlarına inanmırlar.
Yəqin, bunu sən də hiss eləmisən.
– Azərbaycanda vəziyyət indi elədir ki, heç kişi yazarlarımızdan
da biz qadınlar güclü əsər gözləmirik, o ki qala onlar bizdən
gözləyə. (gülür) Ədəbiyyat tarixində gəlmiş-keçmiş yazıçıların
arasında adını tarixə düşürən qadınlar azdı. Bunun da başlıca
səbəbi odur ki, təkcə Şərqdə yox, elə Qərbdə də əsrlərlə qadınlar
təhsil almamış, ictimai fiqur olmayıblar. Amma təkcə XX əsrdə nə
qədər qadın yazıçı yetişdi. Nobel mükafatının ilk sahiblərindən
biri də Selma Laqerlöf deyildimi?
– Azərbaycan…
– Azərbaycana gəldikdə, burda da mənzərə belədir ki, Azərbaycan
qadını Marina Svetayevanın, Anna Axmatovanın keçən əsrdə
yazdıqlarını XXI əsrdə yazmağa məcbur qalıb. Onu da didişə-didişə.
(gülür) Qadına nə stimul versin? Ədəbiyyatda pul yox, kitablar
satılmır, pul olmadığına görə ailədən yetərincə dəstək yox. Bu gün
üzdə olan qadın yazıçıların əksəriyyəti evlidir, körpəlidir. Ən çox
da stimul yoxdu. Amma kişi yazarlarımıza nisbətdə qadın
yazarlarımız daha irəliyə gedə bilib, inqilab ediblər. Mən belə
düşünürəm.