Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı Ağ Evə gəlib-getmiş ən böyük İsrail dostu adlandırır. Amma son zamanlar Fələstin ətrafında baş verənlər göstərir ki, hətta Tramp belə Netanyahunun şirin dilinə inanmaq istəmir. Təl-Əvivin Şarm əş-Şeyx sammitindən kənarda tutulması da bunun ən bariz nümunəsidir. Bəs, ABŞ-ın “üzü” İsraildən niyə döndü?
Axar.az xəbər verir ki, bu barədə politoloq Heydər Oğuz qeyd edib.
Onun fikrincə, ABŞ-ın indiyədək yürütdüyü israilyönlü siyasət Vaşinqtonun qlobal nüfuzuna ciddi zərər vurur, onun irəli sürdüyü prinsiplərin anlamsızlaşmasına yol açır:
“Bu da hər kəsdən çox Çinin işinə yarayır. Nəticədə ABŞ imperiyasının ideoloji təməlini təşkil edən “Amerika sülhü” (Pax Americana) tezisi də ziyan görür. Təsadüfi deyil ki, Çin ABŞ-ın Yaxın Şərqdə dövlətləri qarşı-qarşıya qoyaraq özünə bağlamaq siyasətini sıfırlamaq üçün 2023-cü ildə regionun əzəli düşmənləri sayılan İranla Səudiyyə Ərəbistanını barışdırmış və bu iki dövlət arasında diplomatik əlaqələri yenidən bərpa etmişdi. Bununla da faktiki olaraq “Pax Americana” sisteminə qarşı “Pax China” alternativini ortaya qoymuşdu. Pekinin bu addımı açıq şəkildə Vaşinqtona qarşı indiyə qədər açdığı ən böyük müharibə elanı idi. Nə yazıq ki, Bayden hakimiyyəti bu incə siyasəti anlamaqda çətinlik çəkdi və o gündən etibarən ərəb dünyasını tədricən itirməyə başladı. 2023-cü ildən indiyədək Çin-Yaxın Şərq ölkələri arasındakı ticarət dövriyyəsi ilə ABŞ-ın bu coğrafiya ilə ticarət əlaqələrini müqayisə edəndə də bu iddiamızın nə qədər doğru olduğunu görə bilərik.
ABŞ Ticarət Palatasının rəsmi açıqlamasına görə, 2024-cü ildə ABŞ-ın Yaxın Şərq və Şimali Afrika (MENA) regionu ilə mal ticarəti təxmini 141,7 milyard dollar olub - 80,4 milyard dollarlıq ixrac, 61,3 milyard dollarlıq idxal. Nəticədə ABŞ-ın regiondakı əsas ticarət tərəfdaşlığında (Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və İsrail daxil olmaqla) 19,1 milyard dollarlıq profisit yaranıb.
2023-cü ildə Körfəz Əməkdaşlıq Şurası (GCC) ölkələri üçün bu göstərici 297,9 milyard dollar idisə, 2024-cü ildə bu ölkələr arasında ticarət dövriyyəsi 477,4 milyard dollara çatıb. Çin və daha geniş Yaxın Şərq və Şimali Afrika (MENA) regionu arasında ümumi ticarət 2024-cü ilin birinci yarısında təxminən 400 milyard dolları keçmişdi.
İsrailin Yaxın Şərqdə ürəyi istədiyi kimi at oynatması və Qətər kimi ABŞ-ın ən yaxın müttəfiqini belə atəşə tutması ərəb ölkələrini getdikcə Çinə yaxınlaşdırır, Qərb imperialistlərinin regionda öz məqsədləri üçün yaratdığı düşmənçilikləri yaxın müttəfiqliyə çevirirdi. Bu isə sözsüz ki, “Pax Americana” sisteminin nüfuzdan düşməsi və bir işə yaramaması ilə nəticələnirdi. ABŞ özünün dünya hegemoniyasının sonunu gətirən bu siyasətdən vaz keçməsə, yaxın zamanlarda iqtisadi böhranlarla üzləşməkdən qurtula bilməyəcəkdi.
Netanyahunun Şarm əş-Şeyx sammitindən kənarda buraxılmasının ən mühüm səbəblərindən biri budur”.