XX əsrin Cənub mövzusunda
yazılmış "Sovet romanları"ndan biri "Gələcək gün" romanıdır. Mirzə
İbrahimov romanı üç hissədən ibarət yazmağı planlaşdırsa da, yalnız
bir hissəsini tamamlamağa müvəffəq olub. Əsər 1948-ci ildə "İnqilab
və mədəniyyət" jurnalında çap olunub, bir il sonra isə ayrıca kitab
şəklində buraxılıb.
"Gələcək gün"ün ilk variantını Sovet ədəbi tənqidi hərarətlə
qarşıladı, onu yeni yaradıcılıq nailiyyəti kimi dəyərləndirdi.
Ancaq nə ehtirasla yazılan məqalələr, nə də tərif dolu məktublar
Mirzə İbrahimovu təmin etmir və bir müəllif kimi romanına tənqidi
yanaşır. İnanır ki, romanındakı obrazlar natamam görünür. Əsərin
rus dilinə tərcüməsindən sonra K.Fedin İbrahimova göndərdiyi
məktubda yazırdı:
"Sizin və oxucularınızın xeyirinə olaraq romanın Rusiyada necə
qarşılanacağı bundan asılıdır: hələlik həm azərbaycanca orijinalın,
həm də ruscaya tərcümənin üzərində əsaslı işləmək lazımdır".
"Gələcək gün" canlı xarakterlər, zəngin problemlər romanıdır.
Burada İran və Cənubi Azərbaycanın taleyi ilə səsləşməyən hadisə,
əhvalat yoxdur.
Firidun romanın əsas qəhrəmanı – mərkəzi simadır. Doğma yurdu
Azərşəhrdən uzaq düşən Firiduna kənd həyatı "ilk həyat məktəbi"
olur. Kənddə gördüyü haqsızlıqlara dözə bilməyən və bunları
cavabsız qoymayan Firidunu Hikmət İsfahani ilk görüşdə belə
qiymətləndirir: "Bolşevikdir! Gözlərini görmürsən, necə işıldayır,
lap bolşevik gözü kimi, az qalır, adamın ürəyini deşsin. Mənim bu
amerikalı dostum mister Harold deyir ki, bir torpağa ki bolşevik
toxumu düşdü, o torpağı yandırmaqdan başqa əlac yoxdur. Vallah,
kişi düz deyir".
Mirzə İbrahimov Firidunun kənddəki fəaliyyətini real və təsirli
səhnələrlə verir. Oxucu onun Kürd Əhmədlə ünsiyyətinə, axtardığı
keyfiyyətləri zəhmət adamlarında, gözəllik timsalı Gülnazda
tapmasına inanır.
Firidunun formalaşmasında, inqilabi şüura yiyələnməsində Şeyx
Məhəmməd Xiyabaninin əsərləri, Maksim Qorkinin "Ana" romanı
müstəsna rol oynayır. "Ana"nın azadlıq səsi onun mənəviyyatına
təsir edir. Xiyabaninin "Qalx, ey xalq! Silkin üstünə qonmuş
əsrlərin ətalət, cəhalət tozunu təmizlə, zülm və istibdad zəncirini
qır, azadlıq və demokratiya yolunu tut" sözlərini şüuruna həkk
edir, tədricən inqilabi şüura yiyələnir.
"O gün gələcək! O gün ki, bütün ölkələrin başlarını qaldırıb
qəti səslə deyəcəklər: daha bəsdir! Artıq biz belə həyatı
istəmirik. O zaman güclülərin həris ağalığı dağılacaq, torpaq
ayaqlarının altından qaçacaqdır, onlar söykənməyə bir şey tapa
bilməyəcəklər" (Maksim Qorki – "Ana")
"Gələcək gün" romanı Maksim Qorkinin "Ana" romanından olan bu
parça ilə başlayır. Və buradan da yazıçının Mirzə İbrahimovun
Maksim Qorkinin adı çəkilən romanından təsirləndiyi məlum olur. Hər
iki əsəri qarşılaşdırdıqda görürük ki, ikisində də əsas mövzu hakim
zümrəyə, ədalətsiz cəmiyyətə, irticaçı qüvvələrə qarşı fəhlə və
kəndlilərin üsyanının təsviridir. Ancaq təbii ki, fərqlər də yox
deyil. "Ana" romanında ictimai-siyasi hadisələrə daha çox yer
verildiyi halda, "Gələcək gün" romanında ailə-məişət məsələlərinə
də kifayət qədər yer ayrılıb. "Ana" romanının baş qəhrəmanı Pavel
ilə "Gələcək gün romanının baş qəhrəmanı Firidunu qarşılaşdırdıqda
görürük ki, Pavelin anasına davranışında, hardasa, quruluq və
sərtlik olduğu halda, Firidun daha mehriban, sadə, təvazökar və
humanistdir. Təbii, Mirzə İbrahimov milli kolorit əlavə etməklə
əsəri millətin ruhuna daha da yaxınlaşdırmaq istəyib.
Əsərdə Firidun Maksim Qorkinin "Ana" əsərini gizli oxuyur. İlk
günlər Maksim Qorki Firiduna açılmamış, lakin Yer kürəsinin
harasındasa, şübhəli bir həyatla yaşayan, böyük, nəhayətsiz bir
cəzirəyə çəkilən" kimi görünür. Elə zənn edir ki, Qorki dinsizdir,
allahsızdır. O qədər allahsızdır ki, yeni bir din, yeni bir allah
kəşf edib. Onun yaratdığı din bütpərəstliyi də, xristianlığı da,
müsəlmanlığı da danır. Onun allahı amansızdır, insanların bu vaxta
qədər müqəddəs nəyi varsa, rədd edir – əxlaq təsəvvürlərini uçurur,
insanı harasa, qanunsuz-qaydasız və qarışıq bir aləmə aparır". Bu
da Firidunda Qorkiyə marağı gücləndirir. O, yeni allah
yaradıcısının kim olduğunu bilmək istəyir. "Ana"da real həyatla
qarşılaşır, buradakı həyatla müasir İranın həyatını eyniləşdirir;
Hikmət İsfahani və Fon Valterləri olduqları kimi görür, maddi və
mənəvi nemətləri yaradanları, zəhmətin birləşdirdiyi insanları kəşf
edir. Onları etiqadlarından, adət-ənənələrindən, dillərindən asılı
olmayaraq qırılmaz tellərlə birləşdirəcək "mənəvi vətən" – inqilabi
təşkilat yaratmaq istəyir. Məhbəs və məhrumiyyətlər üzərindən keçən
belə bir yol Firidunu qorxutmur, əksinə, bu, həm Firidunun
görüşlərini artırır, onu mənəvi cəhətdən zənginləşdirir, həm də
romanın inqilabi pafosuna çalar qatır.
O vaxt hələ ermənilərlə dost idik, Mirzə İbrahimov da romanında
Azərbaycan və erməni xalqının məqsədinin, amalının eyni olduğunu
Xavərlə Simonyan süjetində oxucuya çatdırır. Xalq, məncə, elə həmin
xalqdır. Fərdlər düşmən olur, xalq yox.
Mirzə İbrahimov "Gələcək gün" romanında Sovetlərə rəğbət hissini
açıq-aşkar bildirir. Amma hər kəsin "içdən inandığına" hörmət etmək
lazımdır. İbrahimovun da Sovetlərə inamında səmimiyyət var idi.
Əsərdə Fəridənin dilindən bu rəğbət belə ifadə olunur:
"Sovetlər olmasa, bizim mübarizəmizin axırı yoxdur, azad ola
bilməyəcəyik, vəssalam. Mən deyirəm, gəlin o tərəfə kağız yazaq.
Nazirlərlə vuruşan Sovet əsgərlərinə yazaq ki, bərk durun, bizim
ürəyimiz sizinlədir. Çünki siz bizim gələcəyimiz üçün
vuruşursunuz".
Özünə quyu qazan bu xalq anlamırdı ki, "müttəfiqlər"ə qarşı
nicat yolu kimi Sovetin "Qırmızı Ordu"sunun yolunu gözləməsi bir
boyunduruqdan çıxıb digərinin altına düşmək idi. Bu gedişlə də
azadlığın nə olduğunu heç vaxt anlamayacaq.