Dünən "28 Cinema"da Çanaqqala zəfərinə həsr olunmuş "Son
məktub" filminin Azərbaycan təqdimatı oldu. Təqdimatda filmin
rejissoru Özhan Ərən, baş rolu oynayan Azərbaycan əsilli türkiyəli
aktrisa Nəsrin Cavadzadə, Prezidentin İctimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov, millət vəkilləri Qənirə Paşayeva, Fazil
Mustafa, Nizami Cəfərov, Bahar Muradova və başqaları iştirak
etdi.
Filmin nümayişindən sonra Axar.az millət vəkilləri Fazil Mustafa
və Nizami Cəfərova iki sualla müraciət edib.
Millət vəkillərinin film haqqında təəssüratlarını təqdim
edirik.
Fazil Mustafa: "Çox gözəl film idi, hesab edirəm ki, bu qədər
peşəkar bir filmlə ancaq Türkiyənin bu böyük zəfərini tanıtmaq
mümkün olardı. Kaş ki, bizdə də belə film çəkilə. Ən azı özümüz
çəkə bilmiriksə, heç olmasa türkləri dəvət eləyib bu işi
görməliyik, Qarabağla bağlı belə bir möhtəşəm film olsa,
Azərbaycanda həqiqətən böyük vətənpərvərlik duyğusu yaranar".
Çanaqqala savaşına həsr edilmiş filmdə Atatürkün adının
məktubda bircə dəfə çəkilməsinə münasibətini isə millət vəkili bu
sözlərlə bildirdi:
"Məncə, bir az ideoloji yanaşma var, əslində, burda təkcə
Atatürk yox, bütün qəhrəmanların, komandirlərin adı çəkilə bilərdi.
Bəlkə bu, daha doğrudur, çünki Çanaqqala zəfərinin qəhrəmanı
onlarla komandir olub. Atatürk daha çox sonrakı dövrün
qəhrəmanıdır, 1919-20-ci illərin. Buna görə..."
Fazil Mustafa ölkəmizdə belə filmlərin çəkilməməsinə
maliyyə, yoxsa peşəkarlığın azlığının səbəb olmasını qısaca belə
cavablandırdı:
- Yox, məncə, peşəkarlığın azlığındandır, daha çox öyrənmək
lazımdır.
Millət vəkili Nizami Cəfərov filmdən çox təsirləndiyini dilə
gətirdi:
- Çox təsirli film idi, bu filmi yaradanların öz üslubu,
düşüncəsidir. Ümumiyyətlə isə çox təsirli filmdir. Atatürkün adının
bircə dəfə çəkilməyinə gəlincə, onun Çanaqqala savaşında rolu ilə
bağlı çox filmlər var, başqaları ayrı cür düşünə bilər, yəqin bu
müəlliflər də bu cür düşünür.
Millət vəkilinin fikrincə, bizdə də belə filmlərin çəkilməsi
üçün imkan var:
- Bizdə də çəkilə bilər, belə film çəkmək üçün imkanlar da var.
Çanaqqala mövzusu Türkiyə üçün daha doğmadır. Baş rolda
azərbaycanlı xanımın oynamağı çox yaxşıdır, bu da onu göstərir ki,
belə film çəkilməsi üçün bizdə də potensial var.