"Sizə daha yaxşı vida
hədiyyəsi verə bilmədiyim üçün üzr istəyirəm".
Axar.az xəbər verir ki, bu sözlər Üçüncü Reyxin Füreri haqqında
yeni dərc olunmuş "Hitlerin son günü: dəqiqəbədəqiqə" (Conathan
Mayo və Emma Kreyq) kitabında onun dilindən verilib. Kitab Fürerin
son 24 saatının dəqiqəbədəqiqə təsvirindən ibarətdir. 70 il bundan
öncə şənbə günü Hitlerin Yeva ilə nikahından tutmuş dialoqlarına,
intiharına qədər - hər şey sözügedən kitabda yer alıb.
Bəzi parçaları təqdim edirik:
Saat 7. Bazar günü, 29 aprel, 1945-ci il
Berlin əhalisi gizləndiyi bunkerləri tərk edib ərzaq axtarışına
çıxırlar.
16 yaşlı Armin Lehmann "Hitler Gəncliyi"ndə fəaliyyət göstərən
kuryer idi. Sıravi vətəndaşlarla tez-tez ünsiyyətdə olan Armin sadə
xalqın müharibənin sonunda hansı əziyyətlərə qatlaşdığını öz gözü
ilə görürdü. Bazar günü bunker ətrafında gəzişən Arminin sözlərinə
görə, o, saat yeddi radələrində küçədə atın üstündə bir-birinə
bıçaqla xəsarət yetirməyə çalışan iki adam görür. Onun sözlərinə
görə, adamların birinin qəlpə yarası da var idi...
Saat 10
"Hitler Gəncliyi"nin başqa bir üzvü bunkerdəkilərə xəbər verir
ki, rus tankları Reyxin dəftərxanasından 500 metr
məsafədədirlər.
10.30
Bunkerin yuxarısında öz ofisində oturan general Krebs telefonla
bunkerə zəng vurur və Almaniya ordusunun bütün cəbhələrdə
məğlubiyyətə düçar olduğunu bildirir. Lakin qəflətən telefon zəngi
kəsilir: atılan bombalardan biri telefon rabitəsi mərkəzini məhv
edir...
Berlinlə bütün dünya arasında mövcud olan telefon rabitəsi məhv
olur. Bundan sonra "Hitler Gəncliyi"nin üzvləri öz həyatlarını
riskə atıb bunkerdən Berlinin müxtəlif ərazilərinə ordudan və
bunkerdən gələn mesajları çatdırmaq məcburiyyətində qalırlar...
"Bu, kabus idi... Etdiklərimiz rus ruletini xatırladırdı, – 16
yaşlı Armin Lehmann xatırlayır. - Ən yaxşı halda biz fosfor tüstüsü
və ya zəhərli benzinlə boğulacaqdıq, ən pis halda isə rus
raketlərinin altında qalacaqdıq. Vilgelmştrasse yanmış bədənlərin
qoxusuna bürünmüşdü..."
11:00
"Şənbə günü bizim səhərimiz Fürerlə Yevanın intihar öncəsi
nikahı münasibətilə tostlar deməklə başladı".
...Hitlerin kamerdineri Heinz Linge onun balaca yataq otağının
qapısını döyür. Son altı ildə Hitlerin geyinməyinə kömək etmək
Heinzin vəzifəsinin bir parçasına çevrilmişdi. Təkrarlanan işlər
hər gün eyni idi. Amma şənbə günü başqa cür başlamışdı. Heinz otağa
daxil olanda Fürer öz yatağında paltarla uzanmışdı. Heinzi görəndə
o, ayağa qalxıb güzgünün önünə keçir. Onu narahat edən sağ gözünün
ağrılarından danışmağa başlayır. Son doqquz il ərzində Fürerin ilk
dəfə idi ki, şəxsi həkimi yanında yox idi. Bir həftə bundan əvvəl
Hitler öz həkimi Teodor Morellə qəzəblənib onu Berlinə qovsa da,
həkiminin köhnə tapşırıqlarına hələ də əməl edir, gündə 28 fərqli
dərman qəbul edir, iynə vurdururdu. Çünki o, uzun müddətdir ki,
Parkinson xəstəliyindən, ürək, göz və baş ağrılarından əziyyət
çəkirdi. Buna baxmayaraq o, son günlərini hər kəsdən çox sevimli
iti Blondi ilə keçirir, onunla xüsusi nəvazişlə oynayırdı.
11.45
Jozef və Maqda Göbbelslərin altı uşağı dəhlizdə oynayırdı. Onlar
bunkeri "mağara" adlandırırdılar. Bir neçə saatdan sonra başlarına
gələcək müsibətdən xəbərsiz olan uşaqlar Hitlerin katibəsi xanım
Traudlla oynayır, mahnılar oxuyurdular. Traudl o günü belə
xatırlayır: "Yalnız uşaqlardan ən böyüyü Helqa bəzən məyus
görünürdü. Yəqin ki, o, nəyisə hiss edirdi. O, olduqca səssiz idi
və ürkək baxışlarla baxırdı. Məncə, o, hər şeyi çox gözəl dərk
edirdi..."
13:00
Hitler Yeva Braun və iki katibəsinin əhatəsində nahar edir.
Onlar artıq bir neçə saat əvvəl evləniblər. Hitler 1942-ci ilin
payızından – Stalinqrad döyüşü start götürəndən – iki katibəsi ilə
nahar edirdi.
Nahar vaxtı Hitler Yeva ilə intihardan danışmağa başlayır: "Mən
heç vaxt düşmən əlinə keçməyi düşünmürəm. Hətta öldükdən sonra
cəsədimi də basdırmaqlarını tapşırmışam. Qoy heç cəsədimi də
tapmasınlar".
Bundan sonra Fürer Yevaya üzünü tutur və deyir: "Ən yaxşısı
silahla ağızdan atəş açmaqdır. Kəllə sümüyü parça-parça olur və sən
heç nə hiss etmirsən. Belə ölüm çox ani olur".
Yeva dəhşətə gəlir: "Mən gözəl cəsəd olmaq istəyirəm... Mən
zəhərlə ölmək istəyirəm", – bunu deyəndən sonra balaca qutu çıxarıb
bizə (katibələrə. – red.) göstərdi: "Ümidvaram ki, çox ağrılı
olmayacaq. Mən qəhrəmancasına ölməyə hazıram, amma ağrısız ölmək
istəyirəm".
Hitler ona təskinlik verirmiş kimi cavab verir: "Narahat olma,
tənəffüs və sinir sistemləri bir neçə saniyədən sonra sıradan
çıxır".
Daha sonra üzünü katibələrə tutub deyir: "Bunları isə siz
götürün. Ruslar yaxınlaşanda imdadınıza çatar. Sizə daha yaxşı vida
hədiyyəsi verə bilmədiyim üçün üzr istəyirəm".
07:00
Yeva sonuncu dəfə günəşi görmək üçün bunkerin bağçasına çıxır.
Bağça düşmən bombaları, ətrafa yayılan tüstü və müxtəlif zəhərli
qazlardan məhv olub.
Yarım saat sonra Fürer də bağçaya çıxır və ətrafa göz gəzdirir.
Bir neçə saniyə sonra bunkerin qapısına yaxınlaşıb yenidən içəri
qayıdır.
Bir neçə dəqiqə sonra Hitlerin otağından açılan atəş bütün
bunkerdə əks-səda verir. Və bu əks-səda bütün dünyaya
yayılır...