Ana səhifə Kult |
Bir müddət əvvəl 18 yaşlı Sidiqə mübarizə apardığı xərçəng xəstəliyinə məğlub oldu.
Sidiqənin İnstaqram səhifəsinə baxdım. Təkbaşına dünyanın ən alçaq xəstəliyi ilə müharibə aparırmış. Profilində paylaşım edərək əməliyyatı üçün lazım olan 51 min manatı da toplayıbmış. Amma mübarizəsi sona çatdı.
Bu isə onun xəstəlik vaxtı yazdığı son statuslardır:
* Güclü olmaq nədir? Kimə görəsə hər hansı döyüş qazanmaqdırsa, bir digəri üçün bu gündən sabaha sağ çıxmaqdır!
* Əynini geyinmək üçün soyuqlamağın, yaxınlarınla mehriban olmaq üçün onları itirməyin, azadlığın qədrin bilmək üçün 4 divar, xoşbəxt olmaq üçün xəstəxanaya düşmək vacibdir? Sağlamlığın qədrini bilmək üçün xəstələnməyin bəs? Bütün neqativ hallar olmasa, yaxşı halları nə vaxta qədər görməzdən gələcəksən? “Hamı xaricə getdi, gəzdi, amma mən Azərbaycandan kənara çıxa bilmədim” deyən kimsə özü də bilmədən hörmətsizlik elədi xəstəxanadan 2 günlük evinə getməyi dəlilər kimi istəyən qızcığaza...
* Bu ay ailəsinin maddi vəziyyəti aşağı olduğundan saçlarına ombre, keratin qulluq, nə bilim, nə elətdirə bilmədiyi üçün ailəsindən acıq edən qız hörmətsizlik etmişdi həmin vaxt güzgüdə özünə baxıb saçlarının, qaşının, kirpiklərinin bir gün çıxacağı günü ümidlə gözləyən qızcığaza.
* Mənasız səbəbdən intihar edən gənc hörmətsizlik etmişdi həyatın ən çətin sınağında 4 divar arasında, ağrılarla çırpınan və hər şeyə rəğmən yaşamağı hamıdan çox istəyən qızcığaza.
* Ən böyük sərvətiniz olan sağlamlığı bir kimsəyə, karyeraya, stressə, 3 dəqiqə həzz üçün çəkdiyiniz siqaretə, içdiyiniz içkiyə qurban verməyin.
Və yaddan çıxarmayın ki, sən çox gözəlsən, “kul”san, güclüsən, bəşər tarixinin ən ağıllı varlığısan. Başına gələcək ən pis hadisənin ən yaxşı həll yolu da səndədir. Sevgilərlə...
Bu, son sözləri idi 18 yaşlı Sidiqənin. Bu son sözlər əslində bu yazını oxuyan hər kəs üçün bir dərs, ibrət olmalıdır.
Son aylarda bu ölkənin itkisi çox oldu. İki cəbhədə müharibə aparan bu xalqın 3-cü cəbhədə döyüşən fərdi idi 18 yaşlı Sidiqə. Bəli, o da rəşadətli Ordumuzla qürur duyur, hamı kimi sevinirdi çəkdiyi cismani ağrılarına baxmayaraq. Lakin möhkəm iradəsi, əzminə baxmayaraq, xəstəliyinə tab gətirmədi zəif bədəni. Qarabağın fəthini görsə də, öz qələbəsinə şahid olmadı yorğun gözləri.
Amansız xərçəng ilə girdiyi müharibədə sona qədər savaşan və qəhrəmancasına şəhid olan 18 yaşlı Sidiqəni sizin də tanımağınızı istədim. Ruhun qarısında baş əyirik, böyük ürəkəli qızcığaz...
Tarix
2020.11.28 / 23:12
|
Müəllif
Turan Rzayev
|