Niyə insanlar aza qane olurlar?
Nə üçün həqiqi məhəbbəti tapmaq az adama nəsib olur?
Uğurlu insanları fərqləndirən nədir?
Bir neçə mühüm nüansı göstərmək olar:
Bunlardan biri və bəlkə də birincisi – İNAMdır, daxili əminlik
duyğusudur: mən buna layiqəm, mən bacaracam, bu, mənim üçündür.
İnam və əminlik sözləri təsadüfən yanaşı yazılmayıb. İnam və
əminlik birlikdə heç nəyə əsaslanmayan etiqaddır, əzmdir.
Sübutsuz-dəlilsiz, izahsız-şərhsiz inam…
Mən bunu bacaracam, mən buna layiqəm, məndə alınacaq, çünki mən
bunu istəyirəm. Vəssəlam!
Arzu, istək və heç nəyə əsaslanmayan əminlik: "Mən çox yaxşı
insanam!" "Mən sevilməyə layiqəm!" "Tezliklə öz məhəbbətimə
qovuşacam!" və sairə. Və heç bir şübhə, tərəddüd lazım deyil!
Belə bir əminliyə necə nail olmalı?
İki məqam var.
Birincisi, mütləq bugünkü inam və məsləkini
aydınlaşdırmaq lazımdır.
İkincisi, mütləq daxili dünyanızın səsini dinləyin, onda
dəyişikliklər etməyi bacarın! Bəli, heç də təəccüblü deyil: öz
düşüncələrinizə qarşı diqqətli olun!
Axı, fikirlərinizdə daha çox nəyə diqqət ayırsanız, həyatınızda
da daha çox o olacaq. Pis şey haqda fikirləşsəz, həyatınızda
pisliklər daha çox olacaq, əksinə, yaxşı fikirləşsəz, daha çox
yaxşı olacaq!
Bir yadınıza salın: xəstəliklərdən "buket" yığdıqları çağlarında
insanlar nədən danışırlar? Bəli, xəstəliklərdən, poliklinikalardan,
həkimlərdən, dərmanlardan.
Bəs həyatda uğur qazanan insanlar nə haqda danışmağı sevirlər?
Müvəffəqiyyət əldə etdikləri sahələrdən: karyera, maliyyə
imkanları, musiqi, incəsənət, inşaat işləri...
Bir eksperiment aparın: tanışlarınızın, yaxınlarınızın,
həmkarlarınızın nə barədə danışdıqlarını təhlil edin və
qarşılaşdırın: onların həyatı necə düzənlənib?
Tanrı, təbiət, kainat düşüncələrimizdəkini bizə bol-bol,
səxavətlə bəxş edir. Buradan da çox sadə və təbii bir nəticə hasil
olur: öz həyatını yaxşılaşdırmaq üçün əvvəlcə düşüncələrini
dəyişdimək lazımdır. Bəs bunu necə etməli?
Düşüncəli olun! Bu, zamanın hər anında öz təfəkkür
prosesini dərk etmək deməkdir. Özünü, öz fikirlərini dayandırmaq və
özünə belə bir sual vermək:
Niyə mən bu barədə düşünürəm? Nə üçün?
Bu barədə məhz BELƏ düşünməyin bir mənası varmı?
Bu problemə daha necə baxmaq olar?
Və bu haqda indi düşünməyə dəyərmi?
Bu problem haqqında kifayət qədər informasiyam varmı?
Və bu haqda ümumiyyətlə düşünmək lazımdırmı?!!
Bəzən biz "zərərli" fikirlərdən asanlıqla qurtula bilirik, bəzən
isə bu, çox çətin olur. Çox vaxt pis, xəstə düşüncələr beynimizdə
özünə elə möhkəm yer eləyir ki, gecə-gündüz bizdən əl çəkmir.
Təslim olmayın! İnadkar olun! Təmiz, saf fikirlər – bu mərhələdə
başlıca amildir.
Sizin üçün mühüm və xoş olan mövzular tapın və onlar haqda
düşünün. Fikirlərinizi ona yönləndirin.
Əgər hansısa fikir sizi dayanmadan incidirsə, ən yaxın
dostunuzla bu barədə danışın. Problemi danışmaqla özünüzü və
düşdüyünüz durumu kənardan görməyə başlayırsınız. Nəticədə problemə
münasibətiniz dəyişməyə başlayır və gözlənilmədən qərar da ortaya
çıxır.
Əgər "əlinizin altında" dostunuz yoxdursa, başqa
vasitələr var
Qələm-kağız (gündəlik yazırsınızsa, lap yaxşı) götürün və
ürəyinizi boşaldın. Daha doğrusu, çalışın nə hiss etdiyinizi mümkün
qədər dəqiq müəyyənləşdirəsiniz. Düşdüyünüz durumun səbəblərini
tapın, bu səbəbləri ətraflı qələmə alın, "sonra necə yaşamalı?"
sualının cavabı isə öz-özünə yaranacaq.
Yazmaq sanki başımızda dolaşan və rahatlıq verməyən bütün
pisliklərin axıb töküldüyü bir unitaz rolunu oynayaraq bizi yaxşı
"sakitləşdirir". Yoxlamağa dəyər!
Bu vasitə zəhlətökən qorxulardan yaxa qurtarmaqda da
effektlidir.
Digər insanlarla söhbətlərinizə qarşı da həmçinin diqqətli olun!
Ətrafda hər şeyin pis olduğunu və gələcəyə heç bir ümidin
qalmadığını təsdiqləməyin və hətta bunu həvəslə müzakirə etməyin
bir mənası varmı?
Əgər siz tunelin sonunda özünüzçün bir işıq nöqtəsi kəşf
etmisinizsə, bunu başqalarından gizlətmək lazım deyil.
Daim ah-vay edən insanlarla ünsiyyət enerjini tükədir, əksinə,
pozitiv düşünənlərlə münasibət adamı ruhlandırır. Məgər doğru
deyil?!
Sonda Koelyodan mövzuya uyğun bir sitat:
"Döyüşçüyə bəllidir: nə isə istəyəndə kainatın bütün qüvvələri
sanki sənə kömək etmək üçün sözləşməyə girirlər.
Və bu səbəbdən də o öz düşüncələrində çox ehtiyatlıdır.
Xeyirxah niyyətlər altında elə hisslər gizlənir ki, heç kəs onu
hətta özünə belə etiraf etməyə risk etmir – qisas, özünü məhv etmə
cəhdi, günah, qələbə qorxusu, digər bir insanın fəlakətindən doğan
kədər dolu sevinc...
Təbiət belə incəliklləri ayırd etmir, o, arzularımıza doğru
gəlir.
Və buna görə də döyüşçü bütün cəsarətini toplayaraq özünə heç
bir bədbəxtlik istəmədiyinə əmin olmaq üçün qəlbinin ən qaranlıq
guşələrinə nəzər salır.
Və o, həmişə öz düşüncələri ilə ehtiyatla davranır".
Tərcümə etdi: Təhminə C.B.