Ana səhifə Kult |
Sədri Maksudi Arsal türk dünyasının ən parlaq ziyalılarından biri, böyük dövlət adamı, hüquq və fəlsəfi fikir tarixinin ən ciddi araşdırmaçılarındandır.
1917-ci ildə Ufada qurulan Milli Hökumətin Parlamentinin sədri olmuş bir dövlət adamı, siyasi xadimdir. Bolşeviklər tərəfindən mili hökumət yıxıldıqdan sonra Qərbi Avropaya getmiş, Türkiyə Cümhuriyyəti qurulan zaman Mustafa Kamal Atatürk tərəfindən Türkiyəyə dəvət edilmişdir.
Türkiyədə türkçülüyün təməllərini qoyanlardan sayılır. Türkiyədə Cümhuriyyətin ilk hüquq fakültəsi olan Ankara hüquq fakültəsinin yaradıcılarındandır. Türk Dil Qurumu və Türk Tarix Qurumu kimi önəmli təşkilatların qurulmasında böyük xidmətləri olmuşdur.
O, 23 iyul 1878-ci il tarixdə Tatarıstanın paytaxtı Kazan ətrafında, Daşsu kəndində doğulmuşdur. Atası kəndin imamı Molla Nizaməddin, anası isə Məftunə xanımdır.
İlk təhsilini kənddə almış, təhsilini 1888-ci ildə Kazanda məşhur Əlamiyyə mədrəsəsində davam etdirmişdir. Sonra həmin mədrəsədə müəllimlik edən böyük qardaşı Əhməd Hadi Maksudidən də dərs almışdır. Onun formalaşmasında həmin illərdə Kazanın sayılan pedoqoqlarından və cədidçilərdən sayılan böyük qardaşının rolu əvəzsiz olmuşdur.
1895-ci ildə Bağçaraydakı Zincirli Mədrəsəsinə dərs deməyə dəvət edilən böyük qardaşı Əhməd Hadi Maksudi ilə birlikdə Bağçasaraya getmişdir. Həmin mədrəsədə dərs deyən böyük mütəfəkkir sonradan “mənəvi ata” adlandırdığı İsmayıl Qaspiralı ilə tanış olmuşdur. Bağçasarayda keçirdiyi 1895-1896-cı illərədə Zincirli Mədrəsəsində dərslərdə oturmaqla rus dili öyrənmişdir. 1897-ci ildə Rus Müəllimlər Məktəbinə qəbul olunmuşdur. Maksudinin bu məktəbdə oxuması birmənalı qarşılanmamış, onun burada ruslaşma təhlükəsi olması söylənilmişdir.
İlk hekayəsi 1900-cu ildə çap edilmişdir. Həmin ildə “Məişət” adlı romanı Kazanda işıq üzü görüb. Romanı yazmaqda məqsədi “tatar dilinin milli ədəbiyyat örnəklərinin inkişaf edirilməsi” olmuşdur.
1901-ci ildə Rus Müəllimlər Məktəbini bitirdikdən sonra qardaşı Hadi Maksudinin tövsiyəsi ilə təhsilini İstanbulda davam etdirməyə qərar vermişdir. Lakin uşaqlıq illərindən sevə-sevə oxuduğu klassik rus yazıçısı Lev Tolstoyla görüşüb tanış olmadan Rusiyanı tərk etmək istəməmişdir. 1901-ci ilin yazında Yasnaya Polyanaya gedərək, 73 yaşında olan Lev Tolstoyu evində ziyarət etmişdir. Sədri Maksudini çox bəyənən mütəffəkir yazıçı Lev Tolstoy onu “Ağıllı tatar uşağı” adlandırmışdır.
Sədri Maksudi İstanbula gedərkən Krımda yaşayan İsmayıl Qaspiralı ilə də görüşmüşdür. İsmayıl Qaspiralı Maksudini daha müasir təhsil almaq üçün Parisə getməyə razı salmışdır. Gənc Sədri Maksudi Qaspiralının tövsiyəsi ilə Parisə getmədən öncə İstanbula getmişdir. İstanbul səfəri sırasında məşhur türk yazıçı və publisisti Əhməd Midhət Əfəndi ilə tanış olmuşdur. Yazıçı da Maksudiyə Parisə getməyi tövsiyə etmişdir.
Beləliklə, Parisə gələn Maksudi bir il fransız və latın dili hazırlıq kursu keçdikdən sonra 1902-ci ildə Sarbonna Universitetinin hüquq fakültəsinə qəbul olunmuşdur. Eyni zamanda Paris ədəbiyyat fakültəsində və Fransa Kollecində də bir çox dərslərə qatılmışdır.
Sədri Maksudi 1906-cı ildə ali təhsilini başa vurub Rusiyaya qayıtdıqdan sonra siyasətlə maraqlanmağa başlayır və Kazandan Rusiya Parlament Dumasına üzv seçilir. II Duma qısa bir zamanda buraxıldıqdan sonra III Dumaya seçilir.
Dumada Rusiyada yaşayan türklərin problemlərini qaldırır. Təsirli çıxışları ilə diqqəti cəlb edən Maksudi Dumanın Reyasət Heyətinə seçilir və 1909-cu ildə İngiltərəyə gedən parlament heyətinə daxil edilir. Bu səfər nəticəsində Kazanda “İngiltərəyə səyahət” adlı kitab çap elətdirir.
1911-ci ildə Kamilə xanımla evlənir, bu evlilikdən Adilə və Nailə adında iki qızı dünyaya gəlir.
1913-cü ildən vəkillik fəaliyyətinə başlayır.
Sədri Maksudi 1917-ci ildə Rusiya Müsəlmanlarının qurultayında “Milli mədəni muxtariyyat” layihəsini qəbul elətdirir. 1917-ci ildə Ufada Rusiya tərkibində elan edilən “Sibir Milli-Mədəni Türk-Tatar Muxtariyyəti” adlı qurumun Konstitusiyasını hazırlayır. Adıçəkilən muxtariyyətin 1917-ci ildə qurulan Milli Məclisinə sədr seçilir. Dövlət işlərini idarə etmək üçün qurulan və üç nazirlikdən ibarət olan Milli Məclisdə həmiçinin nazir vəzifəsini də həyat keçirir.
Gələcəkdə müstəqil İdil Ural Dövlətinə çevrilməsi nəzərədə tutulan bu dövlət bolşeviklər tərəfindən dağıdılır. Bundan sonra o, tanınmış yazıçı və din adamı Musa Cərullahın köməkliyi ilə Finlandiyaya qaçır. 1919-cu ildə Parisə gələn Maksudi I Dünya müharibəsi bitdikdən sonra, 1920-ci ildə toplanan Paris Sülh Konfransında Rusya Avropası müsəlmanları hüquqlarına dair memorandum təqdim edir.
1922-ci ildə ailəsi ilə birlikdə Berlinə köçərək siyasətdən uzaqlaşır və elmi araşdırmalara başlayır. 1923-cü ildə Berlindən Parisə köçmüş Sorbonna Universitetinin Ədəbiyyat fakültəsi nəzdində İslam Ölkələri İnstitunda türk-tatar millətlərinin tarixindən dərs deyir.
24 noyabr 1924-cü il Çanaqqalada Qazi Mustafa Kamal Atatürklə tanış olur. Qurulan Türkiyə Cümhuriyyətində vəzifə təklifini qəbul edir. 1925-ci ildən Türkiyədə Cümhuriyyətinin paytaxtı Ankarada Maarif Vəkalətinə bağlı Telif və Tərcümə Heyəti üzvülüyünə qəbul edilir. Bu heyət dağıldıqdan sonra Ankara Hüquq Məktəbinin qurulmasında iştirak edir. Uzun illər bu qurumda dərs deyir.
1928-ci ildən Sədri Maksudi “Milliyət” qəzetində “Dil islahatı məsələsi” başlığı ilə çap etdirdiyi yazılarını 1930-cu ildə kitab şəkilində dərc etdirərək, Türkiyə Prezidenti Mustafa Kamal Atatürkə təqdim edir. Mustafa Kamalın ön söz yazdığı “Türk dili üçün” adlı əsəri isə sonra Türk Dili Qurumunun təlimatına çevrilir.
Məlum olduğu kimi həmin qurumun formalaşmasında Sədri Maksudinin rolu böyük olmuşdur.
Tarix Qurumunun yaradılmasında və fəaliyyətində yaxından iştirak edir.
Sədri Maksudi Türkiyədə soyad qanunu qəbul edildikdən sonra Arsal soyadını qəbul edir.
Mustafa Kamal Atatürk tərəfindən millət vəkilliyinə namizədliyi irəli sürülən Sədri Maksudi 1931-1935 arasında Şebinkarahisar, 1931-1935 arasında Giresun şəhərindən millət vəkili seçilir. 1935-ci ildə siyasətdən gedən Sədri Maksudi elmi araşdırmalarla məşğul olur. 1950-ci il tarixdə yenidən siyasətə qayıdaraq Demokrat Partiyasından Ankara millət vəkili seçilir.
Sədri Maksudi hüquq tarixinə dair “Hüququn ümumi əsasları” (1937), “Hüquq tarixi dərsləri” (1938), “Ümumi hüquq tarixi” (1941), “Hüquq fəlsəfəsi tarixi” (1946) və “Türk tarixi və hüquq” (1947) adlı əsərləri ilə türk hüquq tarixinə tövhələr verib.
1955-ci ildə çap olunan “Milliyət duyğusunun sosioloji əsasları” adlı əsəri ilə türk milliyyətçiliyinə və dövlətçiliyinə böyük xidmət göstərmiş olub.
20 fevral 1957-ci ildə dünyasını dəyişən Sədri Maksudi İstanbul Zincirliquyu qəbiristanlığında dəfn edilir.
Qızı Adilə Aydanın qələmə aldığı “Maksudi Arsal” əsəri onu həyatına həsr edilib.
Tarix
2021.02.03 / 08:00
|
Müəllif
Səməd Vəkilov
|