Zakir Məmməd Qubanın
Hacıhüseynli kəndində yaşayır. Şair və tənqidçi kimi tanınır,
R. Rza adına
beynəlxalq ədəbi mükafat laureatı, dörd kitab müəllifidir. Ə.
Salahzadə, R. Rövşən, R. Qusarçaylı, M. Soltan, S. Şəkərli, Q.
Nəcəfzadə və onlarca başqa müəlliflərin yaradıcılığı haqqında
yazdığı məqalələr oxucu marağına səbəb olub.
Lazımsız, milləti hörmətdən salan adətlər
- İndi Qubanın gözəl vaxtıdır, sinəniz ürəyinizə dar
olmur ki? - soruşuram.
- Qardaş, qoymuruq ürək sıxılsın, çıxarırıq genişliyə, - deyə
cavab verir.
- Ürəyin geniş olması başağrısı gətirmir?
- Əksinə, genişlik ağrıları kəsir. Ürək damarlarında genişlik
spazmı aradan götürür.
- Son vaxtlar qəzəbli olmanız müşahidə olunur, nə olub?
"Hər kimsənsə yaltaqşünaslıqla və sabunşünaslıqla məşğul olma. Bu,
şəxsiyyətə yaraşmaz", - yazmısız. Kimdir "şəxsiyyət vəsiqəsini"
itirən?
- Deyərlər, sözü at, yiyəsi götürər. Baxırsan, az-çox savadı,
yazmaq qabiliyyəti var, ancaq mövqeyi yoxdur. Yaxud nə ətdi, nə
balıq. Sənətdə olduğu kimi "şəxsiyyət vəsiqəsi gəzdirərkən də"
prinsipsizlik bəyənilməyə layiq ola bilməz.
- Yanlış olduğunuz vaxtlar çoxmu olub? "Vaxtımın bir
hissəsi daxil edildiyim qruplardan çıxmağa sərf olunur". Giriş,
qəbul etmək, imtinadan çoxmu asandır?
- Çox olub və olur. Bizim ölkəmizin nefti bol olsa da, qıt,
defisit dəyərləri çoxdur. Biz vaxta hörmət etmirik. Köhnə sovet
zamanında olduğu kimi yenə də iclas və toplantılara elan edildiyi
vaxtdan yarım saat gec başlarıq. İngilis deyir ki, vaxt qızıldır.
Əslində, ən böyük sərvət vaxtdır, zamandır. Fikir versək, görərik
ki, bu cəmiyyətdə nəinki saniyələrin, dəqiqələrin, hətta saatın,
günün, ayın, ilin qədri bilinmir. Bir yerə vaxt təyin edərkən rast
gəlməmişəm ki, yazsınlar, məsələn, saat 10:15, 12:20 və s. Biz ya
on tamamda, ya da onun yarısında bir işə başlayırıq. Mən
tərəfdarıyam ki, yazılsın, tutaq ki, toy başlayır 17:50-də və s.
Belə yaşaya bilsək, əcnəbilər bizə daha çox maraq göstərər və
mədəni xalq hesab edərlər. Mənim də vaxtı fövt eləmək baxımından
səhvlərim çoxdur. Xeyir-şər məclislərində yerli-yersiz ləngimək
əsil faciədir. Vəfat etmiş adamın dəfnində iştirak edirsən, amma
bununla adamdan əl çəkmirlər. Gərək aylarla müxtəlif məclislərdə
gedib iştirak edəsən. Həyatımızda lazımsız, hətta milləti hörmətdən
salan adətlər çoxdur.
Çoxları mənə gülsələr də...
- Zakir bəy, müəllim kimi uğurlarınız çoxdur, dediniz,
şagirdlərinizin uğurları və sair. Bəs şair olaraq, tənqidçi olaraq
nələri ürəyinizdən keçirmisiniz və hələ də ürəyinizdən tikan
çıxarılmayıb?
- Doğrusu, uğur barədə heç vaxt düşünmürəm, sadəcə, həyatımdan
razı qalmağım, ya narazılığım ola bilər. Hər adamın, o cümlədən,
yazarın da ömrü birqütblü ola bilməz. Hesab edirəm ki, insanın
gündəlik həyatı da yeniliklərlə zəngin olmalıdır. Hər sahədə yenini
axtarmağa, dəstəkləməyə səy göstərmişəm. Bir misal çəkim, 2006-cı
ildə Bakı aeroportuna gətirilib satış üçün qoyulan iki tonluq
dərman çiləyici müasir cihazı Quba rayonuna ilk dəfə mən gətirmişəm
və şəxsi təsərrüfat işlərində ondan istifadə etməyə başlamışam.
Çoxları onda mənə gülsələr də, mən də onlara gülürdüm. Aradan bir
qədər vaxt keçdi, indi kənd təsərrüfatında hamı yeni texnologiyadan
bəhrələnir. Tənqid və şeir yaradıcılığı da belədir. Çalışıram ki,
üslubumu yeniləşdirim, kəmiyyətə deyil, mətnin keyfiyyətinə çox
diqqət ayıra bilim. Daha çox maraq dairəmə daxil ola biləcək mətnin
üzərində iş aparmağa üstünlük verirəm. Mirzə Cəlilin
"...əhvalatlar"ı çox qiymətli nəsr nümunəsidir. Onun üzərində
işləyirəm. Çağdaş ədəbi prosesi əks etdirən icmal xarakterli
yazıların faydalı ola biləcəyini düşünürəm və bu sahədə çoxlu
qeydlərim var. Hazırda iki-üç kitablıq materialı çapa vermək barədə
də düşünürəm. Bu kitablar şeir və tənqidi məqalələrdən ibarət
olmalıdır. Feysbuk materiallarından ibarət kitabı çap etdirmək də,
zənnimcə, çoxlarının arzusudur.
- Yaradıcılığınızda "gözlərinizin yol çəkdiyi vaxtlara"
da təsadüf olunur. Sizi hansı xatirələriniz daha çox "narahat
edir"?
- Biz sovet dövrünü yaşamış insanlarıq. O illəri təkcə gənclik
xatirəsi olaraq deyil, bütöv halda, həyat tərzi kimi, bugünkü
sosial-siyasi dəyərlərlə müqayisədə xatırlamaqdan zövq alıram.
Təhlil edirəm və yazıram ki, "bu dünyaya kim gəlibsə, aldadıb yola
salıblar".
Ədəbiyyatda sıxlıq
- Bəs bir ədəbiyyat müəllimi və yazar olaraq,
ədəbiyyatımız necə nəfəs alır?
- İndi yazıb-pozan çoxdur. Əli qələm tutan yazır. Allah kömək
olsun. Çox istedadlı gənc və gənc olmayan yazarlarla çiyin-çiyinə
zəif qələmi olan "N"qədər şair və yazıçı çalışır. Ədəbiyyatda
sıxlıq Bakının küçələri kimidir. Kimin özündən sonra nə qoyacağını
zaman göstərəcək. Ancaq bir tərəfdən də qələm bolluğunu yaxşı hal
hesab edirəm. Çünki hər sahədə olduğu kimi ədəbi aləmdə də
inhisarçılıq etmək istəyənlər var. Ədəbi axın güclü olanda yeni
təfəkkürlə işləyən qeyri-adi bacarığı olan on altı, on səkkiz yaşlı
gənclər meydana çıxır ki, onlar gələcəyin qarantına çevrilirlər.
Bir növ, cəmiyyətə mesajdı ki, ədəbiyyat kimlərinsə boyuna
biçilməyib. Biz bu hadisənin adını ədəbi proses qoymuşuq. Proses
gedirsə, ədəbiyyat yaxşı nəfəs alır.
Söyüşcül nəslin bəzi nümayəndələri
- Zakir bəy, əvvəllər yazarlarımız arasında qruplaşmalar
qabarıq görünürdü, son vaxtlar ədəbi mühitdə bir qədər loyallıq
hiss olunur. Gənclər yaşlıları söymür, təhqir etmirlər. Sizcə nə
olub, söyüşkən nəsil özlərindən sonra gələnlərin hücumunu hiss edib
səngiməyib ki?
- O dalaşqan gənclər daha böyüyüb müdrikləşiblər. Özləri də
hərdən bunu etiraf edirlər. İndiki gənclik isə həm loyallığı, həm
də sivil davranışları ilə seçilir. Onlar dedi-qoduya, şouya meyilli
deyillər. Təəssüf ki, həmin söyüşcül nəslin bəzi nümayəndələri yenə
cığallıqlarını davam etdirirlər. Ədəbiyyat mübahisələri bəzən öz
məcrasını dəyişib şəxsi ədavətə çevrilir, qələm sahibləri qələmi
unudub, yabaya əl atırlar. Kim nə edirsə, hamı görür, anlayır.
Ədəbi qrupların olması ədəbi prosesin əlamətlərindən, bəlkə də,
şərtlərindən biridir. Elə qruplar da var ki, orada insanları
ədəbiyyat maraqlarından daha çox şəxsi maraqlar birləşdirir. Onlar
bəzi hallarda qoçu dəstələrini xatırladır.
- Çarpışmalar, didişmələr ədəbiyyata müsbət nəyisə vəd
edirmi?
- Çarpışmaları yüksək ədəbi dəyərlər uğrunda fəaliyyət kimi,
ədəbi rəqabət mühitinin güclü olması kimi başa düşmək lazımdır.
Yazıçı və şairlər bir-biri ilə didişirlərsə, bir-birini təhqir
edirlərsə, bunun ədəbiyyata dəxli yoxdur.
- Quba bütün dövrlərdə ədəbi mühitdə fərqlənib. Bu gün
necədir? Ramiz, Siz, Tofiq Nurəli rahat nəfəs ala bilərmi ki,
gənclər estafeti davam etdirəcək?
- Qubada A. Bakıxanov tərəfindən yaradılmış "Gülüstan" ədəbi
məclisi bu gün də fəaliyyət göstərir. R. Qusarçaylının rəhbərliyi
ilə 1993-cü ildə "Ay işığı" ədəbi məclisi təsis edilmiş, ayda bir
dəfə bölgə yazarları bir yerə yığışıb müzakirələr aparırlar.
Bununla belə, bir reallığı qəbul etməliyik ki, internetin sayəsində
ədəbi mühit anlayışı indi öz məzmununu dəyişib. Fikrimcə, bu gün
Bakı ədəbi mühiti haqda da danışmaq dəbdə deyil. Bir neçə il əvvəl
tanınmayan şair və yazıçını indi Azərbaycanın hər yerində
tanıyırlar. Hazırda sosial şəbəkələrdə toplaşmış bircə ədəbi mühit
var. Bir vaxtlar yazmaq və tanınmaq üçün paytaxtda yaşamaq mühüm
şərt sayılırdı. Çağdaş dövrdə Feysbukda olmamaq ədəbi mühitdən
kənarda qalmaq deməkdir. Baxın, Bakı şəhərində keçirilən ədəbiyyat
tədbirlərindən anındaca informasiyanı Feysbuk vasitəsilə əldə etmək
mümkündür. Ona görə də, düşünürəm ki, daha Quba ədəbi mühiti də
yoxdur.