Son günlərdə iki mollanın qəbirstanlıqda dalaşması
videosu sosial şəbəkələrdə müzakirələrə səbəb oldu.
Klassiklərimizin poeziya nümunələrində bu cür eybəcər halların
tənqidinə rast gəlirik. Bəs çağdaş poeziyada bununla bağlı mənzərə
necədir?
Axar.az olaraq bu barədə tənqidçilərin fikirlərini öyrəndik:
Çağdaş poeziyada ictimai məzmunlu şeirlər yaranırmı və
ümumiyyətlə, buna ehtiyac varmı?
Əsəd
Cahangir bunun fərqli bir üslubda poeziyada əks olunduğunu
deyir:
"Bu gün şeirdə ictimai-siyasi mövzuya münasibət fərqlidir.
Bəzilərinə görə, ictimai-siyasi mövzularda yazmaq guya sovetizmin
qalığıdır. Belə düşünənlər unudurlar ki, indi artıq sovet dövrü
deyil. Bizim müstəqil dövlətimiz var. Yazıçını heç kəs
ictimai-siyasi mövzuda yazmağa təhrik etmir. O özü istəsə, bu
mövzularda yazar, istəməsə yox. İctimai siyasi mövzularda yazan
şairlər arasında Musa Yaqubun, Zəlimxan Yaqubun, Sabir
Rüstəmxanlının, Ramiz Qusarçaylının, İlham Qəhrəmanın, Fərqanə
Mehdiyevanın şeirlərini daha uğurlu sayıram. Bunlardan fərqli
olaraq Həmid Herisçi və Murad Köhnəqalanın şeirlərində
ictimai-siyasi tematika modern-postmodern üslubda meydana çıxır.
Gənclərin də arasında sosioloji mövzuya meyil güclüdür. Məsələn,
Şərif Ağayarın, Zahir Əzəmətin, Aqşin Yeniseyin, Emin Pirinin,
Aqşin Evrənin şeirləri... Məncə, poeziyada istənilən mövzuya üz
tutmaq olar. Bir şərtlə ki, o mövzu şairin öz içindən gələ və
yüksək bədii səviyyədə öz əksini tapa. Ətrafındakı insanları
görməyən, yalnız özünə qapanan sənətkar çox eqoistdir və gec-tez
tükənməyə məhkumdur.
Rüstəm
Kamal satirik, ictimai məzmunlu şeirə tələbatın getdikcə azaldığını
bildirir:
"Nə qədər ki, toplum var, cəmiyyət var, satira da olacaq.
Cəmiyyətdə olan nöqsanlara qarşı şairin mövqeyi olur, bu da satirik
şeirin meydana gəlməsinə şərait yaradır. Bu şeirlərin əhəmiyyəti
haqda danışmaq isə çətin məsələdir. Çünki cəmiyyət inkişaf elədikcə
satirik şeirlərə tələbat da məhdudlaşır. Mən, əslində, satirik
janrı o qədər də sevmirəm. Hazırda satirik janrda şeirlər çox
azdır, elə az da olmalıdır. Bizdə də iki-üç nəfər olub – Mirzə
Ələkbər Sabir, Qasım bəy Zakir və s. Bu janrda yazmaq da ayrıca bir
istedaddır, "əqli həssaslıq"dır. Çünki satira daha çox ağlın görə
bildiyi nöqsanları özündə əks etdirir. Ürək daha çox lirikaya
meyillidir. İndi satirik məzmunda şeirlər yazmaq "el şairləri"
adlanan şairlərin üzərinə düşür. Ümumiyyətlə, ictimai məzmun geniş
anlayışdır".
Tehran
Əlişanoğlu isə fərqli fikirdədir:
"Bu barədə geniş danışmaq olar. Ancaq qısa olaraq bunu deyim ki,
şeir elə ictimai məzmunda olmalıdır. Əks halda bu, şeir deyil,
gündəlik yazılan şəxsi hisslər, duyğulardır".