Müsahibimiz "Qaçan Atlar Production"ın təsisçisi, yeni
"Tozalan" layihəsinin rəhbəri, rejissor və ssenarist Natiq
Axunddur.
Natiq Axundla söhbətimizin əsas səbəbi yeni layihəsidir.
Müəllifin bildirdiyinə görə...
Onun bildirdiklərini öz dilindən oxuyaq.
- Çox maraqlı bir layihəyə - "Tozalan"a start
vermisiniz... Necə oldu ki, bu fikrə düşdünüz?
- Həmişə, hər yerdə olduğu kimi, bizdə də əyər-əskiklərə rast
gəlinib və yenə də gəlinməkdədir. İstər ailə-məişət mövzusu olsun,
istərsə də daha qlobal məsələlər… Biz də bu əyər-əskiklərə qarşı
mübarizənin yolunu satirada, düşündürücü yumorda görürük. Məncə, ən
gözəl üsul da budur: insanların ilk növbədə maddi və mənəvi
islahına səbəb ola biləcək bu işdə satira və yumordan gözəl bir
vasitə varmı?
- "Tozalan" adı Sovet dönəmində məşhur olan "Mozalan"la
müqayisə olunur, həm də ad assosiasiyası var... Bu ad uyğunluğu
hansısa narahatlıq yarada bilərmi?
- Biz insanıq, həyatsa mübarizədən ibarətdir: bu mübarizə
üslubumuz müəyyən qədər üst-üstə düşə bilər. Açıqlamalarımda da
bildirdiyim kimi, adında oxşarlıq olsa da, illərlə içimizdə
gəzdirdiyimiz və hər zaman təkmilləşdirmək əzmində olduğumuz bu
"Tozalan" layihəsi bir az fərqli, özünəməxsus və zamana uyğun, yeni
formatda olan bir layihədir. Bir də ki, istər "Mozalan"ın direktoru
İlham Məhərrəmov, istər dostum, keçmiş iş yoldaşım, "Mozalan"ın
bədii rəhbəri Orxan Fikrətoğlu olsun - yəni ölkəsini, millətini
sevən, onun daim saxtakarlıqdan və xəyanətdən qorunmasının
tərəfdarı olan, maddi və mənəvi inkişafını istəyən bütün qeyrətli
Azərbaycan övladında inanmıram ki, bu layihə bir qıcıqlanma yarada.
Əksinə, inanıram ki, hər bir kəs bizə yardımçı olacaq; "Qaçan Atlar
Production" və "ATV"nin birgə layihəsi olan "Tozalan"a bir neçə
dövlət qurumunun dəstəyini də nəzərə alın.
- Görünür, problemə satirik yanaşmaq doğrudan da sizin
üslubunuzdur. "Qulp" verilişinin satirik mövzulu sujetlərini
çəkməyiniz də təsadüfi olmayıb.
- Əlbəttə. Həyatda təsadüfi heç bir şey yoxdur...
- Hazırda cəmiyyətdə narahatlıq doğuran məsələlərdən
biri də təhsildir. Təhsil "Tozalan"dan necə görünür?
- Əvvəla, deyim ki, insanın özündən çox şey aslıdır. Müəllimi
qınamaq istisna hallarda ola bilər, o da sonda... Əvvəl baxaq
görək, tələbə oxumaq istəyirmi? Mənim yaddaşımda müəllim obrazı
tamam başqa cürdür. Kurs rəhbərimiz kinorejissor Eldar Quliyev,
kinorejissor Cəmil Quliyev... - bu canlı korifeylərin əhatəsində
müəllim obrazı yaranıb təsəvvürümüzdə: Rasim İsmayılov, Şərif
Şərifov, Kənan Məmmədovun adı ilə bağlıdır Azərbaycanın "Qızıl
fond"da qorunan filmləri. Bu müəllimlər tələbələrinə övladı kimi
baxırdı. Bu baxımdan mənim təhsilə baxışım bir az fərqlidir və
yəqin ki, bu baxış bucağını yeri gələndə izləyə biləcəksiniz.