Yuxarı

Floranın üstünə qısqırdılan trolləlilər...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdəki müzakirələri heyrətlə izləyirəm. İddia edirlər ki, Flora Kərimova müxalifəti tənqid etdiyinə görə ödülləndirildi. O qədər absurd yanaşmadır ki!

Aydın görünür ki, bu müzakirələri aparanlar dövlət ənənələrindən, dövlət ərkanından, idarəçilik nizamından, siyasi mədəniyyətdən zərrəcə məlumatlı deyillər. Tanınmış şəxslərin, məşhurların Prezident tərəfindən təltif olunması bir neçə dəqiqənin içində, ayaqüstü verilən qərarlara bağlı deyil. Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Teatr Xadimləri İttifaqı və s. qurumlar təklif və təşəbbüslərlə çıxış edirlər və bunlar Prezident Administrasiyasında xüsusi şöbə tərəfindən qiymətləndirilir, araşdırılır... Aylar öncədən yubiley yaşı və ya təltif üçün müəyyən səbəbləri olan tanınmış ictimai-siyasi xadimlərin siyahıları tərtib olunur, bu barədə dövlət başçısına məruzə olunur və s.

Yəni bu, adi, sıradan bir proses deyil...

İndi çayxana təfəkkürü ilə “Flora Kərimova müxalifəti söydü, ona görə də ona “Şərəf” ordeni verdilər” tipli məsuliyyətsiz yarlıqlarla 80 yaşlı bir xanımın üzərinə hücuma keçmək, yumşaq desəm, mənəviyyatsızlıqdır.

Əvvəla, Flora xanım adını Azərbaycanın mədəniyyət tarixinə əbədi yazıb. Təkrarsızdır, əvəzolunmazdır, tayı bərabəri yoxdur və yəqin ki, olmayacaq. O öz sənəti ilə hər şeyi – bütün ödülləri, mükafatları, sevgini haqq edir.

Ona xalq sevgisi də sonsuzdur. Dövlət bu cür sənətkarının yubileyini “Şərəf”ləndirirsə, bundan ən azı sevinmək lazımdır.

İkincisi, Flora xanım meydanlara Azərbaycanın azadlığı və Qarabağ üçün çıxıb. Hər zaman, bütün aksiyalarda dilində Vətən, Qarabağ olub. İndi bu böyük sənətkar yaşının bu çağında arzusuna çatıb, Şuşanı azad görüb! Və açıq-aydın, tam çılpaqlığı ilə bu həqiqəti deyir ki, Qarabağı, Şuşanı azad edən bir hakimiyyət onun arzusunu göyərdib!

Bu yaşında İnsanın ən böyük arzusu Vətəndir, Vətənin işğaldan azad edilməsidir və şükürlər olsun Tanrıya ki, Flora xanım bu günü gördü, bu Tarixin şahidi oldu.

Torpaqlarımızı kim işğaldan azad edibsə, Şuşanı kim alıbsa, Hüseyn Cavid demişkən, DAHİ odur! Flora xanım da o Dahini - İlham Əliyevi sevir. İndiki halda İlham Əliyevi sevməmək, qəbul etməmək, hörmət etməmək sadəcə mümkün deyil. Dəfələrlə yazmışam, bir daha təkrar edirəm: İlham Əliyev Allahın bu xalqa lütfüdür.

Üçüncüsü, nə etməlidir Flora xanım? Sizin əvəzinizə müxalifətçiliklə məşğul olmalıdır? Yoxsa Şuşanı azad edən bir Liderə qarşı çıxıb, sizin mənasız, bu xalqa ancaq ziyan verən siyasi ambisiyalarınızın girovuna çevrilməlidir? Ölənə qədər Əli Kərimlinin yanında dayanmalıdır? Məcburdur, məhkumdur buna?

2000-ci ildə Əbülfəz Elçibəy vəfat edəndə Əli Kərimlinin sözün həqiqi mənasında üzünə tüpürən, Elçibəyə xəyanətdə ittiham edən cəbhəçilər Kərimlinin səfində yer ala bilər, bəlkə. Nə də olsa, üstündən illər keçib, AXCP sədrinin xəyanətləri unudulub, unutdurulub. Amma Flora xanım bu məsuliyyətsizlərdən daha məlumatlıdır axı. Əbülfəz bəyin dostuydu, onunla şübhəsiz bu mövzuda söhbətləri olmuşdu, onun münasibətini bilirdi. Əminəm, Əbülfəz bəyin dilindən “Əlinin bir əlindən mən tutmuşam, o biri əlindən iqtidar” sözünü də eşitmişdi. Amma... Yağışlar yağıb, çatlaqlar örtülüb, indi müxalif düşərgədə “xəyanətkar” sertifikatını Kərimli verir və trollarını şəxsən özü qısqırdır, üstəlik, gizli profillərlə özü də gecə-gündüz qaralamaq istədiyi adamlara qarşı “qara piar” aparır. Müxalifətçilik bu qədər xırdalanıb, kiçilib yəni. Flora xanımsa bu tabloda olmaq, görünmək istəmir.

Bu xanım siyasətçi də deyil: partiya yaratmayıb, aktiv siyasi fəaliyyətə qoşulmayıb, hansısa partiyanın üzvü də deyil. Bir qrup ambisioz-qaragüruh ondan nəyi tələb edir? Ümumiyyətlə, Flora Kərimovadan nəsə istəməyə, nəsə tələb etməyə haqqınız varmı? Nədir “xəyanət” dediyiniz? Flora xanım faşist partiyasına üzv olub, yoxsa Paşinyanı dəstəkləyib? Flora Kərimova sizin siyasi lideriniz idi, mübarizənizin “qızğın” vaxtı sizi başsızmı qoydu, tərkmi etdi? Yoxsa "kasta"larda yaşayırıq, xəbərimiz yoxdur?

Siz sadəcə bir şeyi anlamırsınız və ya anlamaq istəmirsiniz: Flora xanımın hakimiyyət, vəzifə iddiası heç vaxt olmayıb.

Kim deyir ki, müxalifətçilik olmasın və ya müxalifətçilik etməyin? Amma gəlin, öncə bunu aydınlaşdıraq: siz nəyin müxalifətçiliyini edirsiniz?

Siz anlamırsınız ki, İlham Əliyev bu ölkənin strateji, milli, ideoloji hədəflərini arzuladığımızdan da yuxarı səviyyəyə qaldıran və bunu həyata keçirən Şəxsdir; siz anlamırsınız ki, Şuşanı arzuladığımız bir vaxtda İlham Əliyev Naxçıvana quru yolunun çəkilişi üzərində çalışır; siz dərk etmirsiniz ki, müstəqillikdən bu yana ilk dəfə İlham Əliyev Qərbi Zəngəzur sözünü siyasi leksikona daxil etdi; İlham Əliyev bu xalqı milli hədəflərinə çatdırdı və elə bir yeni strategiya, yeni milli ideologiya, yeni milli hədəflər göstərdi ki, bunu heç kim xəyal belə edə bilməzdi.

Siz hər gün Azərbaycanı bütün parametrlərlə bir pillə böyüdən bir Liderə opponentlik edə bilməzsiniz!

Siz hələ də anlamırsınız ki, İlham Əliyev kimi bir Liderdən “Şərəf” almaq sözün bütün mənalarında Şərəfdir, Fəxrdir, Qürurdur! Çünki münaqişəni bitirib, Qərbi Azərbaycandakı bütün yurd yerlərimizi öz adıyla çağıran və Hədəf göstərən ODUR! Bu şəxsdən ödül almaq fərqli bir xoşbəxtlikdir!

Bunu Flora xanım gözəl bilir; Şuşasız, Qarabağsız, taleyində dəhşətlər yaşamış, məhrumiyyətlər, zərbələr almış Flora onu “Şuşalı Flora”, “Qarabağlı Flora” edən bir Lideri, əlbəttə ki, sevəcək; əlbəttə ki, onun əlindən nəsə almağı özü üçün şərəf biləcək!

Heç kim özünü İlham Əliyevə rəqib görə bilməz. Çünki Onun rəqibi, alternativi yoxdur və bunu artıq Azərbaycan xalqı çox gözəl bilir.

Gedin, “Jek” müdirlərindən danışın, sahə müvəkkilinin yanlışlıqlarından bəhs edin, ən yaxşı halda, hansısa iqtisadi mövzuları gündəmə gətirin. Siz özünüzü İlham Əliyevlə müqayisə edə, İlham Əliyevin ödül verdiyi şəxsi müzakirəyə çıxara bilməzsiniz.

Tarix
2021.08.02 / 10:00
Müəllif
Aynur Camalqızı
Şərhlər
Digər xəbərlər

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla