Yuxarı

Şəhidlər üçün toy mərasimi? Ağlınız yerindədirmi?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər bəzi şəhid ailələrinin şəhid olan övladları üçün “toy mərasimi” keçirməsi və bu görüntülərin sosial şəbəkələrdə yayılması dəhşətli mənzərədir.

Nə olub? Bu ölkə indiyədək şəhidmi verməyib? Nə vaxt biz şəhidlərimizə belə münasibət görtərmişik?

90-larda 20 mindən artıq şəhid verib bu xalq, 2020-də 3 minə yaxın. Necə olur, 90-larda ölənlər can deyildi?

Əksinə, onlar nakam idi, onların daha çox “toya” ehtiyacı vardı. Çünki şəhid olduqları torpaqlar yağıya qalmışdı; çünki əsir götürülüb, minbir əziyyətlə öldürülmüşdülər.

İndisə qalibik, qürurluyuq. Şəhidlərimizin qanı yerdə qalmayıb, torpaqlarımız azad olunub, millətimizin başı dikdir.

İndi şəhidliyin dəyəri də fərqli anlam kəsb edir; indi şəhid ailələrinə qayğı da bambaşqadır.

Bəs, nə baş verir?

Şəhid üçün “toy mərasimi” məsələsi müəyyən mifik-mistik ənənələrə dayanır, ancaq dərhal əlavə edək ki, yanlış anlaşılmasın: indiki halına, görüntüləri yayılan “mərasimlərə” qətiyyən aidiyyəti yoxdur bunun!

Toy – türk inanc sistemində dini-mistik ritualdır, əslində toyun nikah mərasiminə, şənliyə, “dügünə” (düyün - iki şəxsi bir-birinə bağlamaq, düyünləmək) heç bir aidiyyəti də yoxdur.

Toy qurdurmaq – dini-mifoloji mərasim keçirməkdir. İlin bəlli günlərində elin başçısı toy qurdurardı, bu mərasimlərə ozanlar, şamanlar gələrdi, qamlama mərasimi keçirilərdi, gələcəkdən dürlü xəbərlər verilərdi, yurd qutlanardı, şər qüvvələr qovulardı, yetimlər doyurulardı; bəylər, xanlar arvadının əlindən tutub, “yurt”undan – böyük alaçığından - çıxardı və evini xalqa yağmaladardı. Kim nə istərdisə, el başçısının, xanın, xaqanın evindən götürüb aparardı.

Bu, böyük bir dini ritualdır, tamamilə fərqli bir mərasimdir.

Toyun “dügün”lə birləşməsi çox sonraların məhsuludur və əsasən, səfəvilikdən sonra baş verdi.

Səfəvi aşiqləri təriqət ocaqlarında toy qurardılar - ürfan anladardılar, möcüzələr göstərərdilər, rituallar icra edərdilər. Daha sonra aşıqlərə xalqın içinə getmək tapşırıldı və “sufilər” deyə ümumiləşdirə biləcəyimiz bu aşiqlər xalqın içinə gedib, ozanları sıradan çıxartdılar. Çünki aşiqlər – haqq aşiqləri idilər, onlar qam/şaman davamçıları olan və çoxdan el şənliklərində öz kimliklərini unudan ozanları asanlıqla sıradan çıxara bilirdilər.

Bax, o zaman xüsusilə Səfəvi arealında toyla dügünün birləşməsi baş verdi. Dügünlərin mahiyyəti dəyişdi, daha ali məqama qalxdı və dügün, nikah mərasimləri toy səviyyəsində keçirildi.

Bu, bir fürsət idi – hər kəs dügün edə bilərdi, toy yox. Ancaq haqq aşiqlərinin gəldiyi hər yer toy idi.

Səfəvilərdən sonra aşiqlər aşıqlaşdı, toy öz möhtəşəmliyini və mahiyyətini itirdi, nəticədə toy dügünləşdi, yalnız və yalnız adı “toy” qaldı. İndi bizim toy mərasimləri hətta vaxtilə keçirilən dügün mərasimlərindən də aşağı və bayağıdır.

Niyə bunları xatırlatdıq?

Şəhidin anılması üçün toy mərasimi nə zamansa mümkün idi. Amma o toy sizin indi təsəvvür etdiyiniz və düzüb-qoşduğunuz “qarmon-nağaralı” mərasim deyil; sizin indi gördüyünüz çalğı/mahnı altında ağlaşma/şəbih mərasimi də deyil.

O toy – dini-mistik ritualdır. Formanı götürüb o məqamı indiki tragediya səviyyəsinə düşürmək heç bir əndazəyə sığmır.

Şəhid və yaxud nakam ölən igid üçün toy mərasiminin işartıları indi də bəzi bölgələrimizdə qalıb. Məsələn, nakam igidin dəfnində saz çalınması və yaxud zurna ilə “Gərayı” ifası...

Qopuz – əslində qam/uz (və ya tınbura/tambur, dambura) - şaman törənində, qam mərasimində ritual üçün, “göylərə” və ya “yeraltı dünyaya” səfər üçün vasitə idi.

Saz – eyni missiyanı islamın bətnində təriqət ocağında daşıyıb.

“Surna” adı – şamanizmdə ruhun 7 adından biridir, “ölülər məkanında” daşıdığı namdır.

İndiki təsəvvürlə “zurnaaa” deyil!

Ona görə nakam igid bəzi obalarımızda saz ilən, zurna ilən dəfn olunar.

Ancaq onda rəqs etməzlər, ağlaşmazlar!

Bayatı da çəkərlər, igidi oxşarlar, o dünyaya uğurlarlar.

Anladınızmı?

Anlamadınız!

Çünki siz nə etdiyinizi bilmirsiniz! Bu nə hoqqadır çıxarırsınız? Sizə kim ixtiyar verir ki, şəhidə toy edəsiniz? Siz dərk edirsinizmi ki, bütün ənənəmizə tüpürüb, imanımızı aşağılayıb, inanclarımızın içinə zibil qoyursunuz?

Bunu heç bir dinsiz-imansız etməz ki, siz edirsiniz!..

Tarix
2021.10.25 / 22:30
Müəllif
Şeyx Teymur
Oxunub
30 180
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla