YUĞ Dövlət Teatrı ilə Akademik Milli Dram Teatrı
arasında buzlar əriyib.
Axar.az Report-a istinadən xəbər verir ki, YUĞ Dövlət Teatrının
baş rejissoru Gümrah Ömər Akademik Milli Dram Teatrının
kollektivinə yazılı qaydada müraciət edib. Gümrah Ömər yazdığı
məktubda həmkarlarından üzr istəyib:
"Mənim sonuncu müsahibəm bir sıra haqlı narazılıqlara səbəb
olub. Əlbəttə, mən fikirlərimi bir qədər emosional tərzdə ifadə
etmişəm. Amma bilməyinizi istəyirəm ki, bilərəkdən heç kimi təhqir
etmək fikrində olmamışam. Fikirlərimin bu cür təqdim olunmasına
səbəb olan bir məqama aydınlıq gətirmək istərdim. Müsahibəni
götürən jurnalistlə razılaşmışdıq ki, müsahibə yalnız mənim
korreksiya işlərimdən sonra yayımlanacaq. Həqiqətən də, çapa
getməzdən öncə razılaşdığımız kimi müsahibə mənə göndərildi və mən
də düzəlişlərimi edib geri göndərdim. Ancaq çox təəssüf ki,
jurnalist yenə də korreksiya olunmamış variantı mətbuata çıxarıb. O
ki qaldı mənim bu xarakterli müsahibə verməyimin səbəbinə, buna da
aydınlıq gətirməyi lazım bilirəm. Bildiyiniz kimi, son dövrlərdə
Ənvər Börüsoyun Akademik Milli Dram Teatrı ilə bağlı silsilə
yazıları çıxırdı, hamıya da məlumdur ki, bu yazılar sifarişli və
qərəzli idi. Məsələ burasındadır ki, bu yazılarda YUĞ Teatrına
xüsusi bölmələr ayrılırdı və bu teatrın yaradıcısı, artıq haqq
dünyasında olan Vaqif İbrahimoğlunun və teatrın ünvanına həqiqətə
uyğun olmayan həqarətli fikirlər səslənirdi. Mənim yaradıcılığımı
bəyənməmək olar. Yaradıcılığım haqqında tənqidi fikirlər də
söyləmək olar və hətta lazımdır da. Ancaq dünyasını dəyişmiş
şəxsiyyət, Azərbaycan teatrını sevən və onun inkişafı üçün
gecə-gündüz çalışan böyük bir teatr xadimi haqqında həqarətlə
danışmaq heç bir etik çərçivəyə sığmaz. Bilirsiniz ki, Vaqif
İbrahimoğlunun mənim və mənim kimi bir çox gənclərin sənətə
gəlməsində, onların bu sənətdə vicdan və əxlaqla fəaliyyət
göstərməsində əvəzsiz xidməti olub. Heç şübhəsiz, bu cür
kampaniyalar və böhtan xarakterli yazılar Vaqif İbrahimoğlunun bir
şəxsiyyət və sənətkar kimi miqyasını zərrəcə kiçiltmir. Düşünürəm
ki, son zamanlar baş verən xoşagəlməz hadisələr, teatr sənəti
haqqında mənfi rəy formalaşdıran müsahibələr (elə mənim müsahibəm
də), böhtan dolu məqalələr teatr mühitimizə hörmət və başucalığı
gətirmir".
Baş rejissor qeyd edib ki, iki teatr arasında nifaq
salmaq, qarşıdurma yaratmaq çox mənasız, səmərəsiz bir
işdir:
"Nəticə etibarilə hamımız eyni sənətə qulluq edirik və teatr
sənəti sahəsində qazanılan hər bir müvəffəqiyyət də, uğursuzluq da
bizimdir. YUĞ Teatrı ilə Akademik Mili Dram Teatrı istiqaməti,
yaradıcı yönü, poetikası etibarilə fərqli teatr olsa da, bu
teatrlar arasında hansısa qarşıdurmadan söhbət gedə bilməz.
Gərək insan yaxşılığı unutmasın. YUĞ Teatrının yaranmasında
Akademik Milli Dram Teatrının əvəzsiz xidmətləri olub. YUĞ Teatrı
Akademik Milli Dram Teatrından törəyib, ana teatrımız bizim
teatrımızı qoynunda bəsləyib böyüdüb. Bu mənada Həsənağa Turabovu,
teatrın o dövrkü rəhbərliyini minnətdarlıq hissi ilə xatırlayırıq.
Onlar bu işdə bəlkə də Vaqif İbrahimoğlu qədər əmək sərf ediblər.
Ancaq indi nə baş verir? Bəlkə biz cavanıq, nəyisə düz eləmirik.
Olmaz ki bizim böyük sənətkarlarımız səhvimiz olanda çağırıb tənbeh
etsinlər, bizə doğru yol göstərsinlər? Bunun nəyi pis olardı? Mən
də Akademik Teatrda üç tamaşa hazırlamışam. Bu işdə mənə yaxından
kömək edən yaradıcı və texniki heyətə, teatrın rəhbərliyinə buradan
dərin təşəkkürümü bildirirəm. Biz sizin övladlarınızıq,
qardaşlarınızıq, əziz və hörmətli ustadlarımız və həmkarlarımız.
Bizim sizin dəstəyinizə və tənbehinizə hər zaman ehtiyacımız var.
Bu müraciətimin gecikməsinə görə üzrlü hesab edin. Rayonda hüzrdə
olduğum üçün əlaqə saxlaya bilmirdim. Əziz və hörmətli Akademik
Milli Dram Teatrının kollektivi, başa düşürəm ki, mənim verdiyim
müsahibə sizin qürurunuza toxunub, buna görə sizin hamınızdan üzr
istəyirəm. Ancaq biləsiniz ki, bunlar qətiyyən düşünülmüş şəkildə
olmayıb.
Sonsuz sevgi və ehtiramla Gümrah Ömər".
Qeyd edək ki, son günlərdə YUĞ Dövlət Teatrı ilə Akademik Milli
Dram Teatrı arasında böyüyən qalmaqala bir çox sənət adamları
qoşulub.