ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays Azərbaycanda bəlli cinayət əməllərinə görə həbs edilən keçmiş icra başçısı Saleh Rüstəmovla bağlı Tvitter səhifəsində narahatlığını ifadə edən mətn yayıb.
N.Praysın hazırda əldə bayraq edilən statusunda bildirilir: “Saleh Rüstəmovun vəziyyətinin pisləşməsi ilə bağlı xəbərlər bizi çox narahat edir. Adekvat tibbi yardım ala bilməsi üçün Azərbaycan onu humanitar əsaslarla azad etməlidir. O, 35 gündür aclıq aksiyası keçirir və ölümə yaxındır”.
Bitdi, sitat bu qədərdir.
N.Praysın S.Rüstəmovla bağlı tvitini normal da qarşılamaq olardı. Ancaq məsələ seçilən ifadələrdədir.
Nədir bu seçilən ifadələr?
1 oktyabrda Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Tiflisdə həbs edilib və həmin gündən də aclığa başlayıb.
Saakaşvilinin dünyada çəkisi, statusu, onun necə demokrat olması və s. məsələləri bir tərəfə qoyaq. Saakaşvili bu ölkəyə 8 il rəhbərlik edib, Gürcüstan onu hansı ittihamlarla həbsdə saxlayır – hər kəsə bəllidir. Üstəlik, Saakaşviliyə qarşı əlavə elə ittihamlar irəli sürülüb ki, bir ölkə üçün bu, sadəcə, utancdır.
Daha biri də var: Saakaşvili Ukrayna Milli İslahatlar Şurası İdarə Heyətinin sədridir, Ukrayna vətəndaşıdır!
Ən yüksək səviyyədə Zurabişviliyə müraciət edilir, Zurabişvili Saakaşvilini əfv etməyəcəyinə and içir!
Saleh Rüstəmovu aclığının 35-ci günü yada salan Ned Prays Saakaşvilinin aclıq aksiyasının yalnız 43-cü günündə demişdi:
“Vaşinqton Gürcüstan hakimiyyətini sabiq prezident Mixail Saakaşvili ilə ədalətli və ləyaqətli şəkildə, beynəlxalq normalara uyğun davranmağa çağırır. ABŞ baş verənləri izləyir və Gürcüstan hakimiyyətini Saakaşvilinin fiziki və mənəvi sağlamlığı üçün tədbirlər görməyə dəvət edir. Vaşinqton Saakaşvilinin adekvat tibbi yardım almasına şərait yaradılacağını gözləyir”.
Baxın, burda bir cümlə Saakaşvilinin azad olunması tələbi varmı?
Təkrar edirik, adam bu ölkənin prezidenti olub! Tiflis Saakaşvilinin dünyadakı nüfuzuna və ölkə daxilindəki ən böyük müxalifət partiyasının mənəvi lideri olmasına tüpürərək, ona əlavə ittihamlar irəli sürür, hətta onu gülməli şəkildə korrupsiyada suçlayır, 6 illik həbsinin üstünə daha bir neçə il əlavə etməyə çalışır; Saakaşvili türmədə ac qalır, yalnız 43-cü gün Ned Prays “onunla düzgün rəftardan”, “tibbi müalicə almasına çağırışdan” bəhs edir. Hətta bu çağırışda Saakaşvilinin mülki xəstəxanaya yerləşdirilməsi belə açıq mətnlə bildirilmir, istənilmir!
Ancaq Saleh Rüstəmovun aclığının 35-ci günündə onun "ölümə yaxın" olduğu bildirilərək, “Azərbaycan onu humanitar əsaslarla azad etməlidir” ifadəsindən istifadə edilir.
Saakaşvilini – dünya şöhrətli islahatçı eks-prezidenti aldadaraq, hörmətsizcəsinə, itqusdu, polis təpiyi altında, sürüyə-sürüyə türmə xəstəxanasına yerləşdirirlər, onu dəstəkləyən minlərlə adam küçələrdə təzyiqə məruz qalır, hətta aksiyada birinin səhhəti pisləşir və ölür, ölkəni mitinqlər bürüyür, ABŞ isə əvəzində Gürcüstanı Demokratiya Sammitinə çağırır, Vaşinqton bu ölkənin demokratiyanın anasını ağlar qoyduğuna heç əhəmiyyət də vermir.
Azərbaycanı isə Demokratiya Sammitinə layiq bilmir, əvəzində tam 29 il bundan əvvəl bir neçə ay icra başçısı işləyən, hazırda isə xırda ticarətlə məşğul olan şəxslə bağlı azadlıq çağırışı edir! O şəxs ki, Saakaşvilidən fərqli olaraq, kameralar qarşısında bütün əməllərini sakit şəkildə etiraf edib, doğru etmədiyini bildirib və 7,3 il cəza alıb. Həm də 2019-cu ildə.
Adam 2019-cu ilin 27 fevralında cəza alır, 2021-ci ilin noyabrında aclıq aksiyası keçirib, azad olunmasını istəyir. Bəs, cəza alanda niyə etiraz etmirdi? Nə baş verdi ki, 2,8 ildən sonra qəfil aclıq etmək qərarına gəldi? Nə baş verdi ki, ölkədən xaricdə mənzillənənlər onun müdafiəsi üçün bu qədər “böyük kampaniya” qurdular, ATƏT-ə, Dövlət Departamentinə qədər bu məsələ uzandı?
Tiflisdən Saakaşvilinin azad olunmasını tələb etməyən Ned Prays nə təhər olur Azərbaycandan konkret cinayətə görə həbs edilən, cəmi iki cüt-bir tək adamın "aksiya ilə dəstəklədiyi" təkər alverçisinin azad olunmasını istəyəsi oldu?
Gürcüstan – Kremllə düşməndir, baxmayaraq ki, Rusiya son vaxtlar bu ölkədə nüfuzunu artırıb; Ermənistanda Soros uşaqları hakimiyyətdədir; Gürcüstanda ABŞ-ın casus təyyarəsi Azərbaycan sərhədi boyu uça bilir, İrəvanda ABŞ-ın dünyada ən böyük səfirliyi yerləşir, hər iki ölkədə ABŞ-ın nəhəng və çoxsalı biolaboratoriyaları var.
Ona görə də “demokrat”dırlar və Demokratiya Sammitinə qatıla, hətta Saakaşvili kimi nüfuzlu dövlət adamını da sürüyə-sürüyə, döyə-döyə türməyə soxa bilərlər.
Ancaq belə bir görüntüsü əsla olmayan, təzyiq edilməsinə aid bir videosu üzə çıxmayan, adidən adi, sıradanbir vətəndaş Saleh Rüstəmovu Bakı həbsdə saxlaya bilməz!
Bu, ikili standart deyil, məkrdir, hiylədir, ikiüzlülükdür - əlbəttə! Biz ikiüzlü və yaxud ikiyüzüzlü dünya ilə üz-üzəyik. Elə ona görə də bu ikiüzlülərə xırda bəhanə də verməyin, başımızı nə iləsə qatmalarına imkan tanımağın qəti əleyhinəyəm!
Bir daha və bir daha o fikirdəyəm ki, Saleh Rüstəmov kimi dünənə qədər tanımadığımız və sabah dərhal unudacağımız bir şəxsin türmədə qalması və bunu kimlərinsə əlində bəhanə etməsinə qətiyyən ehtiyac yoxdur – dərhal azad edilməli, vətəndaşı olduğu ölkəyə göndərilməlidir, qoy gedib, təkərini satsın. Bu adamdan milli qəhrəman qayırmaq və ondan kimlərinsə istifadə etməsinə şans tanımaq qətiyyən dövlət maraqlarımıza cavab vermir.
Yəni Brüsseldə, məsələn, hansısa öyrədilmiş jurnalistin bundan istifadə edib, Prezidentimizə naqolay sual verməsinə və bunun erməni diasporunun pulu ilə dünyanın nüfuzlu kanallarında təkrar-təkrar göstərilməsinə imkan yaratmaq qəti şəkildə olmaz! Günahı varmı-yoxmu, fərq etməz, şükürlər olsun, Zəfər amnistiyası verilib, bu da cəzasının təxminən 3/1-ni çəkib - salın amnistiyaya, bitirin bu söhbəti. Bizim hədəfimiz Zəngəzurdur, Türk Birliyidir, işğaldan azad edilən ərazilərin çiçəklənməsidir, Xankəndidir... Niyə axı dünənə qədər adını belə eşitmədiyim şəxsi Ned Praysa tanıtmalısınız?