Yuxarı

Bəhramın “balasını” boğduq, qaldı özü...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəhram Bağırzadənin “məhlə uşağım” dediyi fiziki məhdudiyyətli şəxsin videosunu yayması, təhqirlərin dərhal ardından görüntünü silməsi, amma yenə də ovunmayan söyüşcüllərin yağdırdığı ağlagəlməz və ağzaalınmaz sözlərdən sonra üzr istəməsi cəmiyyətimizin virtual dünyadakı eybəcər üzünün ifadəsidir.

Bəhram Bağırzadəyə iki gün ərzində kimlər, nələr yazmadı ki!

Bəhram 90-cı illər nəslinin ən parlaq istedadlarından biri, “Bakılı oğlanlar”ın ən koloritli simasıdır; Bəhram heç vaxt mütrüblük etməyib, hətta ən gənc yaşında da “rola” girməyib, sağında-solundakılar kimi, səsini-özünü qısıb, “aktyorluğa” girişməyib; Bəhram hər zaman özünü yaradıb səhnədə və yaxud həyatda da səhnədə yaratdığı obrazında olub!

Onu tənqid-təhqir etməyə girişən məhləsiz uşaqlar 90-larda Rusiya səhnələrində Bəhramın performanslarını və böyük auditoriyalarda necə qarşılandığını heç təsəvvür edə bilməzlər!

Bəhram kifayət qədər mütaliəli, vicdanlı ziyalıdır: heç vaxt öz davasını aparmayıb, Prezidentlə görüşəndə belə özünə güzəştlər istəmədi bəziləri kimi; səhhəti, yaşı ilə bağlı səhnədən qismən çəkiləndə də cəmiyyətə yararlı olmaq istəyib, ən ciddi sarkazmlarla gündəmə gəlib.

Onun sonuncu layihəsində də onu tənqid edənlərin təsəvvürünə belə gəlməyən böyük bir estetik-ictimai mesaj var: o, cəmiyyətin alt təbəqəsinin bu xalqa “məsləhətlərini” niyə yayırdı, bilirsinizmi?

Çünki cəmiyyətin ən ciddi bəlalarından biri də budur: bizim “ictimai fikrimizdə”, sosial şəbəkələrdə, lap elə səhnədə, efirdə özündə olmayan dəyərlərdən ağız dolusu danışıb, xalqa ağıl verənlər çoxdur; 8 dəfə rəsmi, 16 dəfə qeyri-rəsmi ərdə olanların ailə kultu məsləhətlərini azmı eşitmişiniz efirlərdə? Haramın halaldan, binamusun namusdan, geyin kişilikdən... danışdığını azmı müşahidə edirsiniz?

Yerindən duran bu xalqa məsləhət verir – bilmirsinizmi?

Bu naqisliyə bir etiraz forması, mirzəcəlilsayağı bir yanaşma sərgilmək üçün Bəhram Bağırzadə bir neçə gün öncə layihə başladığını elan etdi, Tiktokda bu cür videolar yayacağını bildirdi və başladı.

Bəlkə də videonu “müsahibi” “çəkmə” dediyi üçün dayandıra bilərdi; bəlkə də o “məhlə uşağı”nın ilk saniyələrdə haqqına-hüququna girdi. Ancaq o “məhlə uşağı” arzularını da, tövsiyələrini də deyir axı kameraya. Demək ki, video heç də “müsahibin” iradəsinin tam əleyhinə deyil və yaxud Bəhram “söyüldüyü qədər” başqasının hüquqlarını və ya “efir etikasını” pozmayıb.

Guya bütün efirlərdə, sosial şəbəkələrdə, tiktoklarda qanun-qaydalar maksimum qorunurdu, bircə qalmışdı Bəhramın videosu!

Heç kəs düşünmək istəmədi ki, dilənçinin “xalqa məsləhətini” verməkdə Bəhramın hədəfi, ifadə etmək istədiyi məna, sosial mesaj fərqlidir!

Qətiyyən bu barədə düşünmədilər; əksinə, hücuma keçib, Bəhramın yenicə doğulan “balasını” – layihəsini beşikdəcə qətlə yetirdilər, adamı doğulduğuna peşman etdilər, üzr istətdilər və s.

Bəhramın yeni layihəsində texniki qüsurun olmadığı iddiasından uzağam. Ancaq hansı layihə ilk gündən mükəmməl olur ki?

Bəhramın sosial layihəsinin inkişafına dəstək vermək lazım idi, paylaşmaq və onun hədəfinə çatmasına nail olmaq gərəkliydi!

Əvəzində Bəhramın kamerasında biriləri dərhal özlərini gördülər, mahiyyəti dərk etməsələr də, hədəfdə özlərinin olduğunu sövq-təbii, altşüurla anladılar və anında da hücuma keçdilər; onlara Tiktokda belə sosial ünvanlı videolar gərək deyil – düşüklük lazımdır, düşüklük!

Bəhram üzr istəməklə doğru etdi: o qaragüruh sürüsünə Tiktokda sarkazm, sənət, estetika təqdim etməyə ehtiyac yoxdur, onlar sənətə, ziyalıya və ziyalı mesajlarına qulaqlarını, qəlblərini çoxdan bağlayıblar.

Belələrinin əlində olsa, Bəhramı öldürərlər – onsuz da qabilyyətli və istedadlı insanların sözqanmazlar tərəfindən qətliamı sosial şəbəkələrdə çoxdandır davam edir...

Tarix
2022.05.23 / 14:32
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla