Mənim o yaşım deyil ki, gənc
oğlanla çəkişməyə çıxım.
Bu sözləri xalq artisti Eldar Mansurov gənc bəstəkar, müğənni
Murad Arifin "Yeganə" bəstəsinin "Taleyin oyunu" mahnısının
plagiatı olması iddiaları ilə bağlı Axar.az-a danışarkən deyib:
"Mahnılar bir-birinə çox oxşayır. Nə deyim? Cavan adamdır,
düşünüb ki, belə yazmalıdır. Mənim tələbəm olsaydı, ona öz yolunu
tutmalı olduğunu deyərdim. Amma bu gün xalq özü hər şeyi müəyyən
etmək iqtidarındadır. Özü bilər, Allahı bilər".
Bəstəkar sözügedən plagiatla bağlı məhkəməyə müraciət
etməyəcəyini də vurğulayıb:
"Mənim o yaşım deyil ki, durum cavan uşaqla məhkəmələrə çıxım.
Mənim buna nə həvəsim, nə hövsələm, nə də vaxtım var. Düzdür,
getsəm, yəqin ki, qalib gələcəm, amma buna ehtiyac duymuram. Babalı
öz boynuna. Götürüb, oxşadıb, özü bilər. Yeni, orijinal bir şey
tapmayıb, başqa bir bəstəyə istinad edib. Özünüz bir dinləyici kimi
dəyərləndirin. Mənim o yaşım deyil ki, gənc oğlanla çəkişməyə
çıxım. Sizə minnətdaram. Heç xəbərim yox idi".
Xatırladaq ki, bu gün Atv.az saytında Murad Arifin xalq artisti
Eldar Mansurovun bəstələrini mənimsədiyi haqda xəbər yayılıb.