Kinematoqrafiyamızda mühüm yer tutan filmlərimiz həm
mövzusuna, həm də aktyor-aktrisa oyununa görə sevilir. Xüsusən,
filmdə tərəf-müqabili olan aktyor və aktrisalar bəzən həmin ekran
əsərinin kulta çevrilməsinə səbəb olur. Axar.az tanınmış
sənətçilərə belə bir sualla müraciət edib:
"Hansı sənətçi ilə filmdə və ya tamaşada tərəf-müqabili
olmaq istərdiniz?"
Nurəddin Mehdixanlı: "Neçə illik sənət
fəaliyyətimdə çox aktrisa ilə oynamışam. Amma mən ən çox xalq
artisti Şəfiqə xanım Məmmədova ilə bir səhnədə rol almaq
istəyərdim. Çünki o aktrisadır! Əcnəbilərdən isə ən bəyəndiyim və
bir yerdə səhnə almaq istədiyim insan, türkiyəli gənc aktrisa Tuğba
Büyüküstündür. O qızda həm səhnə yaraşığı, həm də istedad
yetərincədir".
Firəngiz Mütəllimova: "Teatrda demək olar ki,
bütün aktyorlarımızla bir səhnəni paylaşmışam. Mənim üçün bütün
sənət dostlarım əzizdir. Rafael Dadaşov, Nurəddin Mehdixanlı,
Füzuli Hüseynov, Ramiz Məlik və ən əsası da Yaşar Nuri kimi böyük
aktyorlarla tərəf-müqabili olmuşam. Türkiyəli aktyor Xəlil Ərgünlə
də birlikdə rol almışıq. Yəni mənim üçün əsas kim olması deyil,
güclü, istedadlı aktyor olmasıdır. Eyni dildə danışmasaq belə, əsas
odur, mən səhnədə tərəf-müqabilimdən nə isə ala bilim. Güclü
tərəf-müqabili mənim üçün sərvətdir".
Ramiz Novruz: "Mən partnyor seçimində çox
tələbkaram. Bizdə də talantlı aktrisalar çoxdur. Onların 90 faizi
ilə demək olar ki, bir yerdə rol almışam. Heç kəs inciməsin deyə,
yerli aktrisalardan ad çəkmək istəmirəm. Amma xaricilərdən yaşım
çatsaydı, Alisa Frendlixlə bir filmdə çəkilmək istərdim".
Mehriban Xanlarova: "Həmişə arzu etmişəm ki,
məşhur dünya ulduzu Al Paçino ilə birlikdə baş rolda çəkilim. Amma
təəssüf ki, bu, arzu olaraq qalır. O ki qaldı yerli aktyorlara, mən
demək olar ki, hamısı ilə istər teatrda, istər kinoda, istərsə də
seriallarda eyni səhnəni paylaşmışam. Birgə rol almadığım və
tərəf-müqabili olmaq istədiyim insan sevimli aktyorumuz, xalq
artisti Fuad Poladovdur".
Bəhram Bağırzadə: "Mən tələbə yoldaşım Dilarə
Əliyeva ilə bir səhnəni paylaşmaq istərdim. Çünki biz Dilarə və
onun həyat yoldaşı Oqtay ilə artıq 25 ildir ailəvi dostuq. Bundan
əlavə, biz bir yerdə oxuduğumuz üçün eyni müəllimlərdən dərs
almışıq. Ona görə də bir-birimizi yaxşı başa düşərik. KVN-də isə
bəzi tamaşalarda tərəf-müqabili olmasaq da, eyni səhnədə olmuşuq.
Məncə, biz tərəf-müqabili olsaq, bu, bizdə çox yüksək səviyyədə
alınacaq".
Fatma Mahmudova: "Mən tərəf-müqabili olmaq
istədiyim insanla artıq eyni səhnəni bölüşmüşəm. Bu, aktyor
Elməddin Cəfərovdur. Elməddin çox istedadlı gəncdir. Nəinki
Elməddin, Fərda özü də çox yaxşı aktyor və tərəf-müqabilidir.
Ümumiyyətlə, düşünürəm ki, gənclərə güvənmək və onlara şans vermək
lazımdır".